Beynəlxalq təşkilat Oqtay Gülalıyevi azad etməyə çağırır

Hüquq Müdafiəçilərinin Beynəlxalq Fondu (Front Line Defenders) “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin həbsdə saxlanmasını pisləyib. “Turan”ın məlumatına görə, fondun bəyanatında deyilir ki, Oqtay Gülalıyevə ittihamlar insan haqları sahəsində qanuni və dinc fəaliyyəti, əsasən 2010-cu ilin daşqınından zərər çəkənlərin hüquqlarının müdafiə etməsi ilə bağlıdır.

Front Line Defenders Azərbaycan hakimiyyətinə belə çağırış ünvanlayıb:

– Gülalıyevin fiziki və mənəvi toxunulmazlığına zəmanət verilsin;

– ona təcili lazımi tibbi xidmət göstərilsin, şəxsi həkiminin iştirak hüququ təmin edilsin;

– ona qarşı bütün ittihamlar dərhal və qeyd-şərtsiz aradan qaldırılsın və o azad edilsin.

– Gülalıyevin Sabirabad polisində döyülməsi barədə informasiya dəqiq və  qərəzsiz araşdırılsın.

– Azərbaycanda insan hüquqları müdafiəçiləri üçün azad fəaliyyət şəraiti yaradılsın.

Oqtay Gülalıyev aprel ayında Sabirabadda, çay daşqınından ziyan çəkmiş vətəndaşlarla görüş zamanı tutulub. O, Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış) ittiham olunur. Aprelin 19-da Sabirabad Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Vətəndaş cəmiyyəti fəalı Şüvəlandakı istintaq təcridxanasında saxlanır.