Avropada 21 günlük həyəcan

Bu gün futbol üzrə qitə birinciliyi start götürür

16 yığma Avropanın ən güclüsü olmaq uğrunda savaşa başlayır

Polşa ilə Ukraynanın ev sahibliyi edəcəyi Avropa qitəsinin ən yaxşı 16 komandasının mübarizə aparacağı 2012-ci il Avropa futbol çempionatı bu gün başlanır. Bütün dünyanın diqqəti Polşanın paytaxtı Varşavaya yönələcək. Paytaxtın mərkəzi stadionunda ev sahibi Polşa ilə “Avro-2004″ün qalibi Yunanıstan arasında keçiriləcək oyunla qitənin ən nüfuzlu futbol turniri rəsmən başlanacaq. Bakı vaxtilə 21:00-da start fiti səslənəcək oyunu Karlos Velasco Carbalyonun başçılığıyla ispaniyalı hakimlər idarə edəcək. XIV Avropa çempionatı iyulun 1-nə kimi davam edəcək.

Ev sahibliyi Polşanın işinə yarayacaq?

Beləliklə, qitənin ən yaxşı komandaları aşağıdakı qruplarda mübarizə aparacaq.
A qrupu. Çex Respublikası, Yunanıstan, Polşa, Rusiya. Qrupun ilk və çempionatın açılış matçı barədə yuxarıda qeyd etdik. Bu qrupda ikinci oyun Rusiya və Çex Respublikası arasında keçiriləcək.
Şərhçilərin fikrincə, A qrupunun favoritləri Rusiya və Çexiya yığması olsa da, ev sahibi Polşa ilə “Avro-2004″ün qalibi Yunanıstanı zəif adlandırmaq olmaz. Polşa yığmasının ev sahibi olması və heyətə cəlb edilmiş futbolçuların əksəriyyətinin ”böyük beşlik” çempionatlarında top qovması bu komandanın rəqibləri üçün ciddi başağrısı ola bilər.

“Avro-2012″nin qalibi ”ölüm qrupu”ndakı oyunla bilinəcək

16 komandanın yer aldığı 4 qrup arasında ən çətini B qrupudur. Bu qrupu “ölüm qrupu” da adlandırırlar. Bəzi futbol ekspertləri iddia edir ki, “Avro-2012″nin qalibi də məhz bu qrupda keçiriləcək Almaniya və Hollandiya oyununda üstünlük qazanacaq komandadan biri olacaq. Göründüyü kimi B qrupu digər qruplarla müqayisədə odluqca çətin qrupdur. Burada çempionatın favoritləri sırasında adları daha çox hallanan Almaniya və Hollandiya yığmaları yer alsa da, Portuqaliya və Danimarka komandalarını zəif adlandırmaq olmaz. Çünki həm Portuqaliya, həm də Danimarka istənilən komandaya ciddi problemlər yarada bilər.

Iki günlük istirahətdən sonra 4/1 həyəcanı başlanacaq

“Avro-2012″nin 4/1 final oyunları belə ardıcıllıqla baş tutacaq. Iyunun 21-də A qrupunun birincisi B qrupunun ikincisi ilə qarşılaşacaq. Iyunun 22-də B qrupunun birincisi A qrupunun ikincisi ilə hesablaşacaq. Iyunun 23-də isə baş tutacaq üçüncü oyunda C qrupunda birinci yeri tutan komandanın rəqibi D qrupunun ikincisi olacaq. Nəhayət sonuncu 4/1 final oyunu D qrupunun birincisi ilə C qrupunun ikincisi arasında keçiriləcək.
Yarımfinalda isə birinci cütlüyün qalibi 3 cütlüyün qalibi ilə iyunun 27-də qarşılaşacaq. Iyunun 28-də ikinci cütlüyün qalibi ilə 4-cü cütlüyün qalibi finalda oynayacaq komandanın kimliyini müəyyən edəcək. XIV Avropa çempionatının finalı isə iyulun 1-də Kiyevin Olimpiya stadionunda keçiriləcək.

Bukmeyker kontorları favorit yarışına girib

“Avro-2012″nin başlamasına qisa müddət qalsa da dünyanın nüfuzlu bukmeyker kontorları çempionatın favoritlərini açıqlayıb. ”William Hill” bukmeyker kontoru 2012-ci il Avropa çempionatının favoritinin Ispaniya yığması olduğunu bildirib. Son Avropa və dünya çempionunun qələbəsinə pul qoyuluşu edənlər üçün 3,75 əmsal müəyyənləşdirilib. Almaniyanın şansları 4, Hollandiyanınkı isə 7,50-yə bərabər sayılıb. Bununla yanaşı digər bukmeyker kontorları və tanınmış idman ekspertləri çemipionatın favoritləri arasında Almaniya və Hollandiya yığmalarının adını daha çox hallandırır. Fransa, Ingiltərə, Italiya kimi yığmaların qalib olma şansı aşağı qıymətləndirilir.

Almaniya “Avro-2008″i unutmayıb

Çempionatın favoritləri sırasında daha çox adı hallanan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv “Avro-2012″-nin qalibinin kimin olacağı haqda proqnozlarını açıqlayıb. Italiya mediasına danışan almaniyalı mütəxəssis Ispaniyanın turnirin favoriti olduğunu bildirib: ”Bavariya”nın Çempionlar Liqasının yarımfinalında “Real” (Madrid) klubunu məğlub etməsinin “Avro-2012″-də bizim üçün bir üstünlük olacağını düşünmürəm. Burada oyunçular və hədəf başqa olacaq. Ispaniya hələ də turnirin ən böyük favoritidir. Onları məğlub etməyimiz üçün çox yaxşı oyun nümayiş etdirməliyik”.
Yoahim Löv ümumilikdə isə ən azı 6 favoritin adını çəkib. Həmin komandalardan ikisi məhz Almaniya yığmasının qrup mərhələsindəki rəqibləri Portuqaliya və Hollandiyadır. Baş məşqçi son dünya çempionatında turnirlə erkən vidalaşan Italiya və Fransa yığmalarının da “Avro-2012″nin qalibi ola biləcəyini söyləyib.
Londonun “Arsenal” klubunun və Almaniya millisinin müdafiəçisi Per Mertezaker komandasının “Avro-2012″dəki şanslarını dəyərləndirib. Onun sözlərinə görə, öz komandasının çempion olacağına daha çox inanır: ”Millinin heyətində müəyyən dəyişikliklər olub. Ancaq hazırda çox yaxşı vəziyyətdəyik. Komandada əhval-ruhiyyə olduqca yüksəkdir. Gənc və istedadlı futbolçulara sahibik. Ona görə də çempion olacağımıza inanıram. Daha öncə ikinci, üçüncü olduq. Artıq çempion olmaq zamanıdır”.

Hollandiya yığmasında ciddi itki

Qitə birinciliyinin əsas favoritlərindən hesab olunan Hollandiya millisi çempionat ərəfəsində ciddi itki ilə üzləşib. Yığmanın əsas müdafiəçisi Yoris Matiysen zədələnərək sıradan çıxıb. Bolqarıstanla yoldaşlıq matçında zədələnən futbolçunun zədəsinin ciddi olduğu bildirilir. Hollandiya millisinin baş məşqçisi Bert van Marvyik oyunçunun zədələnməsini belə şərh edib: “Bəzi risklərə getməyə hazıram. Ancaq Matiysenin durumu iki gün ərzində bəlli olacaq. Ola bilsin ki, Matiysen Danimarka ilə oyunda iştirak etməsin. Ancaq təcrübəli futbolçunun ”Avro-2012″nin qalan oyunlarında iştirakı gözlənilir”.
“Avro-2012″nin ən gənc və yaşlıları
Bu arada Avropa çempionatının ən gənc və yaşlı komandasının adı açıqlanıb. “Avro-2012″nin ən gənc komandası Almaniya millisidir. Bu komandada futbolçuların orta yaş həddi 24,5 yaşdır. Irlandiya millisi isə turnirin ən yaşlı komandasıdır – 28,3. Çempionatın ən yaşlı oyunçusu da müəyyənləşib. Yunanıstan millisinin qapıçısı 37 yaşlı Kostas Xalkias çempionatın ən qocaman oyunçusudur. ”Avro-2012″nin gənci isə Hollandiyanın müdafiəçisi 18 yaşlı Yetro Villemsdir.
Beləliklə, 3 həftədən çox davam edəcək futbol tamaşası kimlər üçün dəhşətli ürək ağrıları, kimlər üçünsə sevinc göz yaşları yaşadacaq. Yayın qızmar istilərindən şikayətlənməyi unudacağınız 21 gün ərzində sizlərə xoş futbol keyfi və nəhayət, növbəti turnirlərdə Azərbaycan yığmasının da qitənin 16 komandasından biri olmasını diləyirik…

Turan