“Yeni Azərbaycan”ın yazdıqları səviyyəsiz və məntiqsizdir»

Şahin Hacıyev: «Belə çıxır ki, vətənpərvərsənsə, həqiqəti gizlətməlisən»

“Contact.az” ermənilərin mövqeyini ortaya qoyaraq, Hillari Klintonun ölkəmizə səfəri ərəfəsində təxribat törətmək istədi. Bu fakt onu sübut edir ki, “contact.az” və onun təsisçiləri ermənilərin maraqlarına xidmət edir, onların “dəyirmanına su tökür”.
Bu fikirlər “Yeni Azərbaycan” qəzetinin son sayında dərc olunan “Contact.az”ın ermənipərəst mövqeyi, yaxud, H.Klintonun fikirləri necə təhrif edildi?” başlıqlı məqalədəndir. Məqalə müəllifi bununla kifayətlənməyərək “Turan” Informasiya Agentliyini də ittiham edib: “Anti-Azərbaycan kampaniyasının yerli koordinatorlarından olan ”Turan” Informasiya Agentliyi ermənilərin Hillari Klintona göndərdiyi təkliflərin məğzini bir daha aktuallaşdıraraq, ictimai rəydə çaşqınlıq yaratmaq məqsədilə, agentliyin Demokratiyaya Milli Ianə təşkilatının dəstəyilə reallaşdırdığı contact.az layihəsində ermənilərin mövqeyini əks etdirən təxribata yol verdi. contact.az saytında yayılmış informasiyada bildirildi ki, guya Hillari Klinton Yerevanda mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü prinsipi yeganə prioritet deyil. contact.az ermənilərin mövqeyini ortaya qoyaraq, Hillari Klintonun ölkəmizə səfəri ərəfəsində təxribat törətmək istədi. Bu fakt onu sübut edir ki, contact.az və onun təsisçiləri ermənilərin maraqlarına xidmət edir, onların “dəyirmanına su tökür”.
“Contact.az”ın redaktoru Şahin Hacıyev “Azadlıq”a açıqlamasında “Yeni Azərbaycan”ın yazdıqlarını səviyyəsiz və məntiqsiz adlandırıb: “Olduqca mənasız yazıdır. Onların sözlərindən belə çıxır ki, Klintonun orada dediklərini təkrar edirsənsə, yaxud ictimaiyyətə məlumatı olduğu kimi çatdırırsansa, bu səhvdir. Amma Azərbaycana birbaşa aidiyyəti olan bu məsələni gizlətsəydik, vətənpərvər olardıq. Mətbuatın vəzifəsi baş verənləri obyektiv şəkildə çatdırmaqdır. Əsl vətənpərvərlik budur, həqiqəti gizlətmək yox”.