Sahib Kərimli liderlik iddiasına görə həbsdə qaldı

“Tezliklə özümüzü də, ölkəmizi də, məhkəmələrimizi də azadlığa qovuşduracağıq”

İyunun 7-də vicdan məhbusu, AXCP sədrinin müşaviri Sahib Kərimlinin Apellyasiya Məhkəməsində prosesi keçirildi. Bu məhkəmə S.Kərimlinin Qaradağ rayon məhkəməsinin qərarından verdiyi şikayət əsasında baş tutmuşdu. Bir qədər əvvəl S.Kərimli cəzasının ikidə birini çəkdiyi üçün qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək vaxtından əvvəl azad olunması xahişi ilə Qaradağ məhkəməsinə müraciət etmişdi. Məhkəmə bu müraciəti vicdan məhbusunun saxlandığı  14 saylı Cəzaçəkmə Müəssisəsinin verdiyi arayışa əsaslanaraq təmin etməmişdi.
S. Kərimlinin işi üzrə Apellyasiya Məhkəməsində proses saat 10-a təyin edilmişdi. İclas isə 1 saat 20 dəqiqə gecikməklə başladı. Hakimlərin heç biri bu yubanmaya izah gətirmədilər.
Sahib Kərimliyə dəstək olaraq AXCP rəhbərliyi və sıravilər də iclasa qatılmışdılar. Kərimlini dövlətin ayırdığı vəkil Möhsum Kərimov müdafiə edirdi. Məhkəmə iclasına sədrliyi hakim Abid Abdinbəyov edirdi. 14 saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi isə prosesə gəlməmişdi.
Hakim biıdirdi ki, bu haqda onlara dəvət göndərilsə də, artıq Qaradağdakı həbsxana rəhbərliklərinin məhkəmələrə saymazyana münasibəti kütləvi hal alıb. Onun bu sözlərinə S.Kərimli dərhal reaksiya verdi: “Onlar təkcə məhkəmələrə qarşı saymazyana deyillər. Məhkəmələr özləri də qanunlara saymazyana yanaşır”.
Proses başlanan kimi S.Kərimli foto-video çəkiliş aparmaq barədə ilk vəsatətini verdi. Hakim isə qəribə izahla vəsatəti heç müzakirə etməmiş rədd etdi: “İzacə vermirəm. Bu iş siyasi iş deyil ki”.
Daha sonra S.Kərimli şikayətini əsaslandırmaq üçün çıxış etdi. O həbsini, bu çağacan məhkəmələrinin onun barəsində çıxardığı hökm və qərarları siyasi sifarişin nəticəsi kimi dəyərləndirdi. Azərbaycan məhkəmələrinin azad olmadığını tənqid etdi. Məhkəmə hakimiyyətinin yarıtmazlığı barədə dediyi fikirləri hakim Abid Abdinbəyov həzm etməyərək, onun sözünü kəsdi: “Azad olmayan məhkəməyə niyə müraciət etmisiniz?”.  S.Kərimli bildridi ki, bunu Avropa İnsan haqları məhkəməsinə şikayət yollamaq üçün prosedur kimi edib. “Doğrudan da iddia etdiyiniz kimi müstəqilsinizsə, o zaman bunu qərar verərkən nümayiş etdirin”, – deyə S.Kərimli bildirdi. O, dedi ki, günahsiz yerə həbs olunub və həbsdəki müddətdə də heç bir intizam tədbirinə məruz qalmayıb. Buna baxmayaraq, cəzaçəkmə müəssisəsinin rəhbərliyi absurd arayışı ilə onun azadlığa çıxmasının önünü alır.
Arayış məhkəmədə elan olundu. Orda göstərilir ki, S.Kərimli onunla aparılan söhbətlərdə özünü günahkar bilmir, törətdiyi əməldən peşman deyil. Bundan başqa o mütaliyyəyə meyilli olsa da, gününü kitabxanada keçirsə də, fərdiyyətçidir, başqalarından fərqlənməyə çalışır, iddialıdır və özünü lider kimi aparır. Arayışda o da göstərilir ki, S.Kərimli idmandan başqa heç bir kütləvi təbdirdə iştirak etmir, əməyə münasibəti qənayətbəxş deyil.
Arayışda göstərilənlər bardə danışan S.Kərimli dedi ki, onun liderliyə can atması və fərdiyyətçi olmasının azadlığa çıxmağına nə kimi maneə yaratdığı aydın izah olunmalıdır. Əməyə münasibəti haqqında deyilənləri isə vicdan məhbusu gülünc adlandırdı: “Məni ora cəza çəkməyə yollayıblar. Əməklə islah etməyə yox”.
Çıxışının sonunda S.Kərimli məhkəmədən ədalət gözləmədiyini vurğulayaraq Azərbaycandakı siyasi sistemi tənqid etdi: “Sizin çıxaracağınız qərar məni təəccübləndirməyəcək. Yəqin ki, məni geriyə, həbsxanaya yollayacaqsınız. Ona görə ki, mən dövlət başçısına ərizə yazmamışam, məhkəməyə yazmışam. Dövlət başçısına ərizə yazan kimi məhkəmələr də yuraxıdan gələn əmrə müntəzir olurlar. Bu, bir daha göstərir ki, ölkədə azad və ədalətli məhkəmə, hüquq sistemi yoxdur. Elə bizim də davamız bu kimi məsələlərə görədir. Biz tezliklə özümüzü də, ölkəmizi də, məhkəmələrimizi də azadlığa qovuşduracağıq”.
Məhkəmədə dövlət ittihamçısı da müəssisədən verilən arayışı və Qaradağ məhkəməsinin qərarını müdafiə etdi. Hakimlər isə qısa müşavirədən sonra aşağı məhkəmənin çıxardığı qərarı qüvvədə saxladılar.
S.Kərimli ötən il İctimai Palatanın 2 aprel aksiyasına görə həbs olunub. Dünyada vicdan məhbusu kimi tanına S.Kərimliyə məhkəmə 2 il azadlıqdan məhrumetmə cəzası kəsib.

Natiq