Qanunu, yoxsa televiziyanı dəyişmək

“Iyunun 6-da Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib. AzərTAc xəbər verir ki, iclasda ”Ictimai Televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsinə baxılıb”. Bu barədə “Mediaforum” xəbər verib.
Yenə də təşəbbüs Prezident Administrasiyasından gəlib. Həmişəki kimi. Adam bu quruma qibtə eləyir. Burada nə qədər təşəbbüskar adamlar işləyir, ilahi. Ramiz Mehdiyev də deyir ki, Prezident Administrasiyasında işə götürməyə savadlı hüquqşünas tapmır. Nəyinə gərəkdir. Elə təkcə Şahin Əliyev bir ordunun əvəzidir. Dayanmadan qanunlar, yazdığı qanunlara dəyişikliklər istehsal edir. O məsələnin başqa tərəfi ki, müstəqil hüquqçular, həm də beynəlxalq təşkilatlar bu qanunların və təklif edilən dəyişikliklərin mürtəce olduğunu bildirir. Məncə, əsası qanunun istehsalıdır. Yəni təşəbbüskarlıq, iş görüntüsü yaratmaqdır. Savadlı hüquqçunun heç orda yeri yoxdur. Savadına arxalanıb bir də gördün başladı qulp qoymağa. Bu sizə lazımdır? Savadsızlardan yapışın, “ləbbeyk” deyənlərlə işləyin. Bu, daha ağrısızdır.
Həm də Milli Məclisdə kimdir sizin qanuna etiraz edən. Indiyə qədər nə göndərmisiz, “məsləhətdir” deyib qəbul ediblər. Nöqtəsinə-vergülünə toxunmayıblar ki, xətrinizə dəyə bilər. Əlavə işçi həm də əlavə xərc deməkdir, siz ki, büdcəni göz-bəbəyiniz kimi qoruyursuz…
Ancaq Ictimai televiziya ilə bağlı qanuna dəyişikliklərinizi başa düşmədim. Qanuna baxan var? Elə qabaqkı kimi tapşırıqlarını verin, istədiyiniz efir siyasətini alın, daha kağız-kuğuza xərc çəkməyin nə mənası. Yaz sessiyası təzə başa çatıb, deputatlarınız ağır əməkdən sonra istirahət barədə düşünürlər, sizsə qanun göndərirsiz, dəyişikliklər istəyirsiz. Nəyi dəyişmək istəyirsiz? Özünüzü ki, dəyişməyəcəksiz. Daha qanunları dəyişməyə nə ehtiyac. O qanunları ki, siz, sizin təyin etdikləriniz icra edəcək, vallah, artıq zəhmətdir.
“Ictimai Televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklərin nə olduğunun fərqinə varmaq gərək deyil.  
Guya indiyə qədər olan qanunla hansı işlər görülüb ki, yeni təkliflər nəyisə dəyişsin. Ictimai Televiziyanın özünü dəyişmək, kanala rəhbərlik edənlərə, sahiblik iddiasında olanlara ictimai yayımın funksiyasını başa salmaq gərəkdir. Bütün bunlar həm də Yayım Şurasının sədrinə çatdırılmalıdır. Boş vaxtlarında kiminsə şeirlərinə resenziya yazmaq, tərif yağdırmaq kimi vərdişləri kənara qoyub hərdən “Ictimai Televiziya və radio yayımı haqqında” qanunu (həm də hələ dəyişişikliklər edilməmiş qanunu) bir daha oxusun. Verilişlərə baxsın, sərraf gözü ilə…
Bu gün fəaliyyətdə olan, ictimaiyyətin böyük səyi ilə yaradılan kanal hakimiyyətin ruporu kimi çalışır. Qabaqlar bu kanala AzTV-2 deyirdilər, indi yerlərini dəyişiblər. Artıq xeyli vaxtdır AzTV “birinciliyi” əldən verib. Ictimai daha çox Ailə televiziyasına çevrilib. Ictimai fikrə bu kanalda yer yoxdur. Ictimaiyyətin maraqlarının müdafiəsini bu kanalda görmürük. Yayım Şurası üzvlərinin də hərdənbir öz funksiyalarına ciddi yanaşması, verilişləri izləməsi, bununla bağlı fikir bildirməsi, ictimaiyyət qarşısına çıxması yaxşı olar. Saz dınqıldatmaq, müxtəlif ali məktəblərin tələbələrini dərsdən ayırıb verilişlərə tamaşaçı kimi qatmaq, hakimiyyət yandaşlarını müxalifət kimi xalqa sırımaq elə baş qatmaqdır.
Bəlkə bu da taleyin qismətidir; dostumun hədiyyə etdiyi radio-maqnitafonda yalnız Ictimai radionu dinləyə bilirəm. Radio başqa FM-ləri tutmur. Bu radioda aparıcıların nə qədər piyada, dildən xəbərsiz olduqlarına hər gün şahidlik edirəm. Sadəcə maşında qeydlər aparmaq mümkünsüzdür…