Kül kimin başına?

Ilham Əliyevini günlər əvvəl Əli Həsənovun ağzı ilə Avropanı və müxalifəti necə aşağıladığını xatırlayırsınız.
Avropaya “Qonşuluq proqramınız təpənizə dəysin” demişdi.
Müxalifətlə də qarğış tonunda danışmışdı zati-aliləri. Əli Həsənovun ağzı ilə eynən belə demişdi: “…Kül sizin başınıza ki, Qərbdən gəlib sizi hakimiyyətə oturdacaqlar və sizi idarə edəcəklər”.
Dünənsə eyni Əli Həsənovun dünyanın öndə gedən nəşrlərindən “The New York Times”da açıqlamaları dərc olunub, rejim rəsmən onun dili ilə Qərbə dil açıb yalvarır ki, Əliyevçi hakimiyyətə sahiblənsin, ona arxa dursun, onu ayaqda tutsun. Sitat: “Biz Amerika səfiri ilə məsləhətləşmələr apara bilmirik. Amerikalılar Azərbaycan kimi ölkəni belə asanlıqla itirə bilməzlər. Onlar Azərbaycanı təkbaşına buraxa bilməzlər”.
Bir sözlə, günlər əvvəl şər, iftira istedadlarını işə salaraq, müxalifəti Qərbin köməyilə hakimiyyətə gəlmək istəməkdə suçlayanlar indi öz hakimiyyətlərini qorumaq, öz hakimiyyətlərinin ömrünü uzatmaq üçün Qərbin ayaqlarına döşənməkdə, imdad diləməkdədirlər.
Mən indi soruşuram: nə oldu, cənablar, axırda kül kimin başına oldu?
Bəs deyirdiniz, bizim heç kimə ehtiyacımız yoxdur?
Rejimin Əli Həsənovun ağzı ilə ABŞ-a yalvarışları bunların indiyədək dillərindən düşürmədikləri, tutuquşu kimi təkrarlayıb durduqları “bizim çoxlu pullarımız var, regionun lider dövlətiyik, müstəqil siyasət yürüdürük, heç kimə də ehtiyacımız yoxdur” sözlərinin də nə qədər populist, şou xarakterli olduğunu gözlər önünə sərir.
Bir halda ki, bu qədər güclüsünüz, Qərbin sizdən üz döndərməsindən niyə qorxursunuz? Bir halda ki, “müstəqil  siyasət” yürüdürsünüz, ABŞ-la nəyi məsləhətləşirsiniz? Bir halda ki, dünənədək heç kimə ehtiyacınız yox idi, bu gün nə baş verdi ki, ABŞ-a “bizi təkbaşına buraxmayın” deyə yalvarırsınız? Ən yaxın keçmişdə Milli Məclisin bütöv bir iclasını saxta deputatlarınızın dili ilə yerdən-yerə vurmağa həsr etdiyiniz bir ölkədən bu gün çarəsizcə, acizanə şəkildə mərhəmət diləməyə və dilənməyə nə məcbur etdi sizi?
Əlbəttə, suallar çoxdur, dərd ondadır ki, sizdə bu suallara veriləcək ağıllı, məntiqli cavab yoxdur.
Söhbət qurduğunuz bu oğru rejimin gələcək taleyi olanda sizdən hər şey gözləmək olar, hər şey!
Gələcəyin məni indidən düşündürən bir məsələsi haqqında
Indi yazacaqlarım bu vurhavurda nə qədər yerinə düşür, bilmirəm, amma toxunacağım məsələnin gələcəkdə bizi xeyli məşğul edəcəyinə şübhəm yoxdur.
Dünənki yazımda Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov haqqında bəhs etmişdim. Görkəmli bəstəkarımız, intellektinə şübhə olmayan dəyərli dostlardan biri Elmir Mirzoyev Mütəllibovu “seçilmiş prezident” adlandırmağıma etiraz etdi, bunu əsaslandırmağa da çalışdı. Dostumuza görə, Ayaz Niyaz oğlu heç vaxt legitim prezident olmayıb, prezidentliyə əslində, parteigenosse kimi gəlib.
Hesab edirəm ki, dostumuz Elmir bəy kifayət qədər haqlıdır, ümumiyyətlə, dərindən yanaşdıqda Elçibəy istisna olmaqla, son 21 ildə o kürsüyə oturanların əslində, prezident kimliyi yetərincə mübahisə doğurur.
Heydər Əliyevin 98-ci il seçkilərindəki məğlubiyyəti məlumdur. 2003-cü il seçkilərinin “qalibi” Ilham Əliyevin legitimliyini dartışmağa dəyməz. 2008-ci il seçkilərinə isə ümumiyyətlə, seçki demək mümkün deyil, adamın ağzı əyilə bilər.
Belədə normal cəmiyyətin, hüquqi-demokratik dövlətin qurulduğu bir Azərbaycanda bütün bunlara necə qiymət veriləcəyi əlbəttə, maraq doğurur. Bu, çox vacibdir, çünki saxta, qeyri-legitim prezidentlərin qiymətini verməyən, verməyəcək bir sistemin özünün nə qədər hüquqi, demokratik olacağı dartışma mövzusuna çevriləcək.
Əlbəttə, çoxunuzun ürəyindən indi “hələ o gün gəlsin, bunu da o zaman fikirləşərik” söyləmək keçir və haqsız da sayılmazsınız.
Sadəcə, indidən diqqətinizi bizə Əliyevçi rejim dönəmindən miras qalacaq daha ciddi bir problemə çəkmək istədim. Ən azı, intellektuallar, fikir adamları, aydınlar arasında bu mövzuda müzakirələr nə qədər erkən açılarsa, bir o qədər faydalı olacağını düşündüm.
Başqa niyyətim yox idi.