Kəmaləddin Heydərov Sabirabadlıları sakitləşdirir

«Fövqəlnazir» narazı sakinlərlə görüşündə itirilən əmlaka görə kompensasiya ödənilməsinə söz verməyib

FHN rəhbəri Kəmaləddin Heydərov çərşənbə axşamı Sabirabad rayonunun bir sıra kəndlərinin nümayəndələri ilə görüş keçirib. Görüşdə evlərin tikilməsi və bərpası, infrastrukturun bərpası, 2010-cu il daşqınından ziyan çəkənlərə kompensasiyaların verilməsi məsələləri müzakirə olunub.
Nazir yaxın günlərdə bərpa işlərini yenidən başladacağına söz verib. Görüş iştirakçılarından biri Turana bildirib ki, Heydərov kənd təsərrüfatı yerlərinin bərpası və itirilən əmlaka görə kompensasiya ödənilməsi məsələsini açıq saxlayıb. Üç aylıq səssizlikdən sonra, polis təzyiqinə baxmayaraq, yerli əhali yenidən öz problemlərini xatırlatmağa başlayıb. Ötən həftə 60 nəfərdən ibarət nümayəndə heyəti icra hakimi Nazim Ismayılovla görüşməyə uğursuz cəhd edib. Bazar ertəsi 200-dən çox insan icra hakimiyyətinə gedib və görüşə nail olub.
Ismayılov tikinti məsələsinə baxacağına söz verib, amma kompensasiyalar haqqında danışmaqdan imtina edib. Sabirabad rayonu 2010-cu il daşqınının episentri olub. Kür çayı sahillərindən çıxan su əsas zərbəni Qasımbəyli, Əsgərbəyli, Axtaçı, Mürsəli, Uraçlı, Xankeçən və digər kəndlərə vurub. Daşqından iki il keçməsinə və dövlətin onun nəticələrinin aradan qaldırılmasına 460 mln. manat ayırmasına baxmayaraq, korrupsiya və  mənimsəmə səbəbindən bölgədə həyat hələ də normal axına düşməyib. Iki il ərzində burada yüksək sosial gərginlik davam edir, bu gərginlik kütləvi etiraz aksiyaları doğurmaq təhlükəsi yaradır, ilk ongünlükdə Minbaşı kəndində olduğu kimi.