Klinton İstanbuldan Əsədə səsləndi: “Get artıq!”

ABŞ dövlət katibi Hillari Klinton İstanbulda Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə birlikdə mətbuat konfransı keçirib. “Hürriyet” qəzetinin verdiyi məlumata görə, Hillari Klinton Suriya prezidenti Bəşər Əsədin artıq istefa verərək, Suriyanı tərk etməli olduğunu söyləyib. ABŞ dövlət katibi deyib ki, Bəşər Əsəd postunu tərk etmədiyi müddətdə Suriya demokratik və insan haqlarına hörmətlə yanaşan ölkə olmayacaq. O, Bəşər Əsədin yerinə gələcək keçid hökumətinin müzakirələrlə müəyyənləşdirilməsi gərəkdiyini bildirib. Hillari Klinton onu da vurğulayıb ki, Bəşər Əsəd hökuməti demokratiyanı qəbul edərsə, ABŞ Suriya Keçid Konfransında Rusiya ilə fəaliyyət göstərməyə hazırdır: “Kofi Annana və Kofi Annanın Suriya planına son dəstəyimizi verməliyik”.
Hillari Klinton dünən Suriyanın Hama şəhərində 86 nəfərin ölümünə yol açan əməliyyata da münasibət bildirib: “Hamada dünən şahid olduğumuz rejimin əməliyyatı ən azı vicdansızlıqdır” (Lent.az).