“İtirdiyimiz böyük pullar əvəzinə qəpik-quruş alırıq”

«Kapital Bank»ın filiallarının qarşısında ürəkdağlayan və ürəkbulandıran mənzərələr

Batmış pullarını geri qaytarmaq istəyənlər günlərlə növbəyə dursa da, bir manat da ala bilmirlər

Azərbaycan gec də olsa sovet banklarında qalmış əmanətləri qaytarmağa başladı. Bildirək ki, keçmiş SSRI məkanında ən sonuncu ölkələrdənik ki, bu ayın birindən insanların batmış pullarını dirçəltməyi hökumət qərara alıb. Pulların qaytarılması barədə qərar veriləndə hamı bunu birmənalı qarşılamadı, kimisi az olduğunu, əmanətin birə-bir prinsipi ilə verilməsini (buna dövlət büdcəsinin imkanı çatır), kimisi isə “buna min şükür” dedi.
Artıq əmanətlərin verilməsinə başlanılıb. Rəsmi məlumatlara görə, arxada qoyduğumuz 6 gün ərzində batmış əmanətlərdən 1 milyon manatdan artığı qaytarılıb.
Onu da qeyd edək ki, prosesi “Kapital Bank” həyata keçirir. Birdəfəlik ödəmələrin necə verilməsinə şahid olmaq üçün bankın bir neçə məntəqəsində olduq. Öncədən qeyd edək ki, gördüyümüz mənzərə ürəkağrıdan, ağrı qədər də ürəkbulandırıcı idi…

Üç mərhələdən keçib pul almağın yolu…

Ilk baş çəkdiyimiz ünvan “Kapital Bank”ın Yasamal rayonu, Mətbuat prospekti 25 ünvanında yerləşən filialı oldu. Bu filialda 3, 4, 5, 6, 7 saylı məntəqələr yerləşir. Məntəqələrin qarşısında səs-küydən qulaq tutulurdu. Biri “Sən Allah, mənə nömrə ver, gedim”, o biri “Mən Sabunçudan bura gəlmişəm, növbəyə durmaq üçün sabah yenə də gəlim?”, başqası “Beş-on manat pul verəcəksiniz, bütün günü yollarda əsir-yesir qoymusunuz”, növbəti əmanətçi “Namazımın vaxtı keçir, bir söz deyin, rədd olum gedim də!”- deyə qapıda duran polislərlə mübahisə edirdilər.
Ancaq onların karına gələcək bir adam tapılmırdı ki, tapılmırdı.
Əmanətçilər deyirlər ki, onlar pulu almaq üçün 3 mərhələdən keçməlidirlər. Birinci mərhələ növbəyə durmaq üçün kağız almaqdır. Elə bunu da əldə etmək üçün növbəyə durmaq lazımdır. Ikinci mərhələ sənədləri doldurmaqdır. Üçüncü mərhələ pulu almaq üçün yenidən məntəqəyə getməkdir.
“Vallah, belə görünür ki, ən yaxşı halda biz bir aya pulu alacağıq. Iki dəfə banka gəlmişəm. Hər dəfə deyiblər ki, növbəyə durub ”növbə kağızı” almalısan. Ancaq mənə bu kağızı verən yoxdur. Evdə körpə uşaq var, hər dəfə bu bankın yollarında həlak olmalıyam. Bu nə qayda-qanundu? Sənədlərə baxsınlar, pulu ödəsinlər, gedək də. Adam çoxdursa, növbəyə duraq, ancaq bu hamıya şamil olunmalıdır. Kimisi xarici maşından düşürsə, kimisi zəng edirsə, o demək deyil ki, bizi ayaq altına atmalıdır. “CIP”dən düşən adamın yox, bizim kimi insanların pula ehtiyacı var”, – deyə paytaxt sakini Gülnarə Həsənova əsəblərini cilovlaya bilmir.

Batmış əmanətini diriltmək üçün ölüb-dirilmə

Bu qədər sıxlığı, basabası polislər növbəyə durmaq üçün verilən qəbzlərin az olmasında izah edirlər. “Biz əslində günə 50 nəfərə növbə qəbzi verməliyik, ancaq yüzün veririk. Bununla belə adamlar çoxdur”, – deyib problemi özlərindən yan edirlər.

Əmanəti almaq üçün insanların üzləşdiyi mənzərəni qısa təsvir edək. Deməli, batmış pulunu “diriltmək” üçün kimin haradan gəlməsi önəmli deyil. O, öncə növbəyə durub növbə qəbzi almalıdır. Bunu bir günə də əldə edə bilər, bir saata da. Baxır kimin səbri nə qədərdi. Insanlar günün istisində dözə bilməyib gedirlərsə, “növbə qəbzi”ni tez almaq sənə qismət olacaq. Növbəti gün gəlib yenidən növbəyə durmalısan ki, sənədləri doldurasan. Hər bir məntəqəyə yalnız beş adam buraxırlar. Onun üçü sənədləri doldurur, ikisi isə içəridə anketləri yazmaq üçün növbəyə durur. Sənədləri qaydasına salandan sonra pulu almaq üçün nə vaxt gələcəyini sənə deyirlər. Və bu dəfə də növbəyə durub pulu alırsan. Bir sözlə, batmış əmanətini diriltmək üçün insanlar ölüb-dirilməlidir. Bu üç mərhələ bir növ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) magistr pilləsi üçün hazırladığı sistemə bənzəyir. TQDK-da magistr adını qazanmaq istəyən tələbələr iki dəfə imtahan, bir dəfə sənəd almaq üçün ora-bura göndərir.
“Üç gündür bura gəlib-gedirəm. Qəbz siyahısında növbə gəlib mənə çatmayıb. 9 min rublum vardı, buna görə 1200 manat pul almalıyam. Bunu da mənə çox görürlər. Sovetin vaxtında bu pula şəhərin mərkəzindən kənarda bir otaqlı ev ala bilərdim. Ancaq mənə çatacaq pul indi dava-dərmana çata bilər. Iki gün növbəyə durdum. Səhərdən burdayam, evə gedib bir az çörək yeyib yenidən gəlmişəm” – bu sözləri isə Nisə Həmidova deyir.
69 yaşlı Bahadur Hüseynov isə get-gəldən artıq bezib. Iki gündür əraziyə gəlir. Ancaq ortada heç nə yoxdur: “Gəlib növbədə dayanırsan, bir də məlum olur ki, qəbz kağızı ya qurtarıb, ya da almaq üçün bir neçə saat gözləməlisən. Yaşlı adamlar nöbəyə dura bilmir. O gün gəlmişdim bir saatdan artıq dözə bilmədim, getdim. Indi yenidən gəlmişəm. Məlum olub ki, iki saatdan sonra qəbz kağızı almalıyam. Əgər növbəyə durmaq üçün bu qədər növbə yaranırsa, gör indi pulu almaq üçün hansı əziyyətlərə qatlaşmalısan”.


“Başına dönüm”, “Qurban olum”, “Gözlərini yeyim”

– A bala, ay qardaş başuva dönüm, mənə bir kağız ver, çıxım gedim də…
– Dayı, sənə qurban, mümkün deyil. Qəbz qurtarıb, sabah gəl növbəyə yazıl.
– Bir kağız parçasına qeyd elə, sabah gəlim sənədləri doldurum.
– Mümkün deyil. Burada hər şey bankın tərtib etdiyi kağızla mümkün olur.
– Onda qəbz ver…
– Vallah qəbz qurtarıb, günə 50 ədəd verirlər. Biz isə bu gün 100-ün paylamışıq. Hətta sabahın payını da insanlara vermişik. Sabah gəlin, qəbz almaq üçün növbəyə durun, veriləcək.
Bu, Suraxanıdan yol qət edərək “Elmlər Akademiyası”na gələn əmanətçi ilə polisin dialoqundadır.
Biz daha maraqlı bir söhbətə də qulaq kəsilirik. 60-65 yaşlı bir xanım sənədləri doldurmaq üçün içəri keçmək istəyir. Ancaq polis qoymur və arada belə bir dialoq yaranır.
– Xala sənin qara gözlərini yesin. Mən nə vaxt içəri keçə biləcəm?
Polis: – Bu günə mümkün deyil. Sabah gəlin.
– Səhərdən buradayam. Gedim sabah bir də gəlim?
– Xala, mümkün deyil. Əlindəki kağızdakı növbəyə hələ var. Səhər də gəl, əgər növbə çatmasa, biri gün inşallah, həll olunar.
– Xala sənin qadanı alsın. Ramanadan gəlirəm, alacağım pul elə yollarda qurataracaq ki? Sənəd doldurmaq bu qədər çətindi? Köməkləşin, tez-tez doldursunlar da…
– Düşünürdük ki, bir günə növbəyə duranların hamısını yola sala biləcəyik, ancaq olmur.
– Onda bu pulu bizə verənlərə gedin deyin ki, daha lazım deyil. Mənə ancaq bu yollarda gəzmək qalacaq…

***

Biz nə bu dialoqun sonuna, nə də başqa əmanətçilərin polislərlə savaş-söhbətlərinə qulaq asa bilirik. Istidə bankların qarşısında cəmi bir neçə saat dayanmaq səbrimizi tükəndirir. Indi görün 70 yaşlı ahıl adamlar hansı əzabı çəkir. Verilən pullar isə “uşaq puludur” və bununla yalnız uşaq başı aldatmaq mümkündür…

Ramin DEKO