(Birinci yazı)
Avtoritar, diktatura rejimlərinin hər birində olduğu kimi Azərbaycanda da regionçuluq virusu var və bu bəladan xilas olmaq üçün çox uzun zaman gərəkdir. Bəziləri regionçuluğu birbaşa Heydər Əliyevin adı ilə bağlayır. Qətiyyən razılaşmıram. Nədən ki, Heydər Əliyevdən də əvvəl Azərbaycanda bu xəstəlik var idi. Sadəcə, Heydər Əliyevin dövründə regionçuluq faktoru daha da çiçəkləndi.
Yerlibazlığın, tayfabazlığın dövlətə və millətə vurduğu böyük zərbələr barədə yazmaq fikrində deyiləm, bu, düşünmək iqtidarında olanların hər birinə bəllidir. Zira bəzi mətləblərə aydınlıq gətirməyi zəruri saydım.
Bu gün Azərbaycanda ağlı başında olan on adamdan xəbər alsan ki, hakimiyyətdə kimlərdir, “naxçıvanlılar” cavabını eşidəcəksən. Min kişiyə, lap belə yüz min kişiyə də bu sualı ünvanlasan, cavab dəyişməyəcək. Mümkündür ki, 5-10 nəfər fərqli cavab versin, fəqət o 5-10 adamın fikri ictimai rəyə əsla təsir etmək gücündə deyil.
“40 ildən artıqdır ki, naxçıvanlılar hakimiyyətdədir”. Adətən, belə deyirlər. Tanınmış elm adamları bunu vurğulayır, bəzi siyasi partiya sədrləri bunu bəyan edir, bir çox qələm əhli bunu yazır.
Haqlı olduqlarını etiraf etmək gərək. Ona görə ki, bu gün Azərbaycanda yüksək vəzifə sahiblərinin böyük əksəriyyəti Naxçıvan kökənlidir. Ölkə prezidenti, Prezident Administrasiyasının (PA) rəhbəri, PA-nın neçə şöbə müdir, Nazirlər Kabinetinin şefi, Bakı meri, nə qədər nazir, nazir müavini, rayon, şəhər Icra Hakimiyyətinin (IH) başçısı, polis rəisi, prokuror, məhkəmə sədri, bank müdiri, kəsəsi, yüzlərlə vəzifə sahibi naxçıvanlıdır. Bunu kimsə dana bilməz.
Mərkəz bir yana, ucqar rayonlara belə yüksək vəzifələrə ömrü boyu o rayonların üzünü belə görməmiş naxçıvanlı kadrları təyin edirlər.
Bu təyinatların nədəni kimə bəlli deyil ki? Bəziləri SƏDAQƏT faktorunu önə çəkir, digərləri RÜŞVƏT faktorunu hallandırır. Üçüncülər, naxçıvanlıların siyasi aktivliyini, idarəetmə qabiliyyətini qabardır. Fəqət, sistemin, rejimin mahiyyəti barədə saf-çürük edənlər azlıq təşkil edir. Yalnız görünənlərə görə nəticəyə gəlmək isə obyektivliklə uzlaşa bilməz.
Xatırladım ki, avtoritar rejimlərin hər birində prezidentin mənsub olduğu bölgədən olan vəzifə sahibləri çoxluq təşkil edir. Özbəkistanda Islam Kərimovun, Qazaxıstanda Nursultan Nazarbayevin, Tacikistanda Imaməli Rahmanın yerliləri “at oynadır”. Azərbaycan istisna deyil. Burada da “bərkgedənlər” naxçıvanlılardır. Sabah bu rejimin başında başqa bir bölgənin təmsilçisi dayansa, kimsə düşünməsin ki, “at oynadanlar” və “bərkgedənlər” ortadan çəkiləcək. Xeyr, çəkilməyəcək. Dəyişən yalnız regionun adı olacaq.
Bir az keçmişə baş vuraq. Tarix boyu xanlıqlara, bəyliklərə bölündüyümüz üçün DÖVLƏT anlayışının mahiyyətinə vara bilmirik. Bakı xanlığı, Naxçıvan xanlığı, Şəki xanlığı, Qarabağ xanlığı, Lənkəran xanlığı, Irəvan xanlığı, Quba xanlığı olub, bu, faktdır. Ancaq Azərbaycan xanlığı – Azərbaycan dövləti olmayıb, bu da həqiqətdir. Məhz Azərbaycan dövləti qura bilmədiyimiz üçün qan yaddaşımızda orta əsr düşüncə məhsulları – regionçuluq, yerlibazlıq, tayfabazlıq dominanta çevrilib. Odur ki, bu gün də daha çox Azərbaycanın deyil, regionun, tayfanın təəssübünü çəkirik. Və hələ bu patoloji təəsübbazlığımız uzun zaman davam edəcək. Çünki Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra birillik Əbülfəz Elçibəy iqtidarını çıxmaq şərti ilə aparılan kadr siyasəti, daxili siyasət regionçuluq, tayfabazlıq, yerliçilik üstündə köklənib.
Məhz bu anormal siyasətdən yararlanan bəzi siyasətbazlar cəmiyyətdə Azərbaycanın böyük bir bölgəsinə qarşı nifrət hissi yaratmaq üçün dəridən-qabıqdan çıxırlar. Mübarizəni rejimin dəyişməsinə yox, rejimi yönəldənlərin mənsub olduğu regiona yönəltmək onsuz da ürəkaçan olmayan vətəndaş həmrəyliyinə çox ciddi zərbə vurur. Azərbaycanda beş minə qədər önəm daşıyan vəzifədən deyək ki, mini naxçıvanlıların ixtiyarındadır. Vəzifə sahibi olan o min nəfərin əməlini cümlə naxçıvanlıların adına yazmaq nə qədər obyektiv sayıla bilər?
Ilham Əliyevin, Ramiz Mehdiyevin, Kəmaləddin Heydərov, Artur Rasizadənin Hacıbala Abutalıbovun, Elmar Məmmədyarovun, Əli Həsənovun, Nazim Ibrahimov, Tağı Əhmədovun, Əli Abbasovun və digərlərinin vəzifədə olmasının Naxçıvan üçün, naxçıvanlılar üçün hansı önəmi var? Yazmaq zorundayam, bəziləri elə bilir ki, vəzifəli naxçıvanlılar qazanclarının bir hissəsini vəzifəsi olmayanlar, işsizlər, sərgərdanlar üçün ayırır. Bəzi kütbeyin diplomlular hər hansı bir Naxçıvan kökənli alimin elmi nailiyyətini mütləq hakimiyyətə bağlamağa çalışır. Bu gün Azərbaycanın müxalifət partiyalarında çox sayda naxçıvanlı fəaliyyət göstərir. Fəqət, bəzi başsızlar onlara belə hakimiyyətin adamı kimi yanaşır.
Nə qədər bəsit, infantil düşüncəyə sahib olasan ki, belə fikirlər ağlına gələ bilsin. Şəxsi qənaətimdir, Bakıda, xüsusən rayonlarımızda bəziləri elə bilir ki, naxçıvanlılar yağ içərisində böyrək kimi yaşayır, heç bir problemləri yoxdur. Ancaq bircə dəfə Naxçıvana gedib-qayıdanın naxçıvanlılar barəsində düşündükləri 180 dərəcə dəyişir. Səbəbi nədir?
Davamı olacaq