“Freedom House” Azərbaycanı Cənubi Qafqazda demokratiyanın ən çox boğulduğu ölkə elan etdi
Beynəlxalq insan haqları və söz azadlığını müdafiə təşkilatı “Freedom House” növbəti hesabatında bildirir ki, Azərbaycanda demokratiya uzun illərdən bəri zəif olub, 2011-ci ildə isə ümumiyyətlə, ondan imtina edilib. Təşkilatın hesabatında demokratiyanın inkişafına görə, Azərbaycanın adı keçmiş sosialist ölkələri siyahısında axırdan dördüncü-Belarus, Türkmənistan və Özbəkistanla birgə çəkilir. “Freedom House” bəyan edir ki, Azərbaycanda demokratiya ilə bağlı vəziyyət daha da pisləşib.
Təşkilatın strategiya və analitika üzrə direktor müavini Kristofer Valker “BBC Azərbaycanca”ya müsahibəsində deyib ki, Azərbaycanda azadlıq üçün önəmli olan məhkəmə sisteminin durumu daha da pisləşib. “Azərbaycanda məhkəmə sistemi onsuz da zəif idi” deyən Valker, ötən il bu ölkədə məhkəmələrdən “müxalif və müstəqil səsləri susdurmaq” məqsədilə istifadə edildiyini söyləyib.
“Freedom House” rəsmisinin sözlərinə görə, Azərbaycanda vəziyyətin daha da pisləşdiyi ikinci sahə vətəndaş cəmiyyətidir. Çünki adi gənclərin toplaşması, həmçinin digər formalı dinc aksiyalar ötən il müntəzəm şəkildə dağıdılıb, bu aksiyaların qarşısı alınarkən zorakılığa yol verilib: “Bizim analitiklərimiz qeyd edib ki, bu ölkədə hazırda məqsədindən asılı olmayaraq, müxalif aktivlik xoş qarşılanmır”.
Azərbaycan həm də “Milli Demokratik Hakimiyyət” kateqoriyasına görə pis xal alıb. Bu kateqoriya hökumətin qərarlarının nə dərəcədə şəffaf olduğunu, rəsmi şəxslərin cəmiyyətlə münasibətlərini, onların atdıqları addımlara görə məsuliyyətini ölçür: “Bir tərəfdə susdurulmuş media var, digər tərəfdə isə qərarlar, qaydalar mövcuddur. Yaxud biznes və siyasi mübahisəli maraqlar barədə yazmaq zəmanəti üçün mexanizm yoxdur. Azərbaycanın iri enerji sərvətini nəzərə alsaq, cəmiyyət üçün bunun böyük əhəmiyyəti olduğunu görərik”.
Kristofer Valker Azərbaycanda baş verənləri “çox mənfi hadisələr” kimi təsvir edib. Onun sözlərinə görə, “Freedom House”un hesabatı media və məhkəmələrin azadlığı, müstəqilliyi, korrupsiya və seçki prosesləri də daxil olmaqla, yeddi sahənin mütəxəssislərinin analizlərinə əsaslanıb.
Onlar ölkələrə 1 (demokratiya inkişafının yüksək səviyyəsi) – 7 (ən aşağı səviyyə) arasında qiymət verib.
Azərbaycanın ümumi reytinqi 6.57-dir. Bu isə Cənubi Qafqaz ölkələri arasında ən aşağı göstəricidir. Gürcüstan 4.82, Ermənistan isə 5.39 bal alıb.
Siyahının əvvəlində isə Sloveniya (1.89) və Estoniya (1.93) gəlir. Hesabatın əsas hissəsi isə Macarıstan və Ukraynada demokratiyanın ciddi şəkildə pisləşməsilə bağlıdır.
“Macarıstanın baş naziri Viktor Orb’n və Ukrayna prezidenti Viktor Yanukoviç islahatlar adı altında sistemli şəkildə tənqidi qeyd və balanslılığı pozur. Onlar ölkələrində ”putinləşdirmə prosesi” aparır”, – bunu isə “Freedom House”un prezidenti, Devid Kremer bildirib.