Avropa Parlamentində Azərbaycanla bağlı növbəti tədbir

Qurum «Şərq tərəfdaşlığı» ölkələrində xəbər mediasının vəziyyəti» mövzusunda seminar keçirir

Avropa Komissiyasının baş direktoru Xədicə Ismayılovanın şantaj edilməsindən danışdı

Avropa Parlamentində Avropa Komissiyasının təşkilatçılığı ilə “Rusiya və ”Şərq tərəfdaşlığı” ölkələrində xəbər mediasının vəziyyəti” mövzusunda tədbir başlayıb. Azərbaycandan tədbirə “APA-Group”un baş direktoru Vüsalə Mahirqızı, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, BDU-nun professoru Qulu Məhərrəmli, “Multimedia” Informasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədr müavini Nailə Əliyeva və “Azadlıq” radiosunun əməkdaşı Ülkər Akifqızından ibarət nümayəndə heyəti qatılıb.
AP-nin kommunikasiya və informasiya siyasəti üzrə vitse-prezidenti Anni Podimata çıxış edib. O, çıxışında azad media dəyərlərinin demokratik və sabit dünyanın qurulmasında çox mühüm rol oynadığını vurğulayıb: “Avropada da, Rusiyada da, o cümlədən ”Şərq tərəfdaşlığı”na daxil olan ölkələrdə də söz azadlığı və medianın inkişafı Avropa Parlamentinin prioritetləri arasındadır. Anni Podimata deyib ki, AB ölkələrin sabitliyində çox maraqlıdır: “Avropa Birliyi istəyir ki, onun tərəfdaşları arasında sabitlik olsun. Sabitliyin əsas dəyərlərindən biri isə demokratik və vətəndaş cəmiyyətin qurulmasıdır ki, bu sahədə də medianın rolu əvəzsizdir. Fundamental insan haqlarını təmin etmədən demokratik cəmiyyət qurmaq mümkün deyil. Fundamental insan haqlarının təminində isə media yaxından iştirak edə bilər”.
Sonra Avropa Komissiyasının kommunikasiya məsələləri üzrə baş direktoru Greqory Paulger çıxış edib. O deyib ki, sabit, demokrat və tolerant cəmiyyətin sütunlarından biri azad mediadır. G.Paulger bildirib ki, ayrı-ayrı ölkələrdə media ilə bağlı müəyyən məqamlar var. O, Rusiyada jurnalistlərə mütəmadi təzyiqlərin olunması, onların informasiya əldə etmək sahəsində üzləşdikləri problemlər, Azərbaycanda jurnalist Xədicə Ismayılova ilə bağlı baş verən şantaj hadisəsi, Belarusda jurnalistə təcavüz edilməsi haqda danışıb. Qeyd edək ki, seminarda Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Ukrayna, Gürcüstan və digər ölkələrdən gələn nümayəndələr iştirak edirlər. Seminarın digər bölümlərində AP-nin demokratiya insan haqları və söz azadlığı məsələləri ilə bağlı fikir mübadilələri aparılacaq.