Ştefan Füle: “Bunlar ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək”
“Onlar Azərbaycanın demokratik ölkə olduğunu göstərə bildilərmi? Bu, baş vermədi”
«Biz istərdik ki, Şərq Tərəfdaşlığına qoşulan ölkələr media azadlığı sahəsində lazımı öhdəlikləri yerinə yetirsinlər. Ancaq əksər ölkələrdə nəinki azad mətbuat yoxdur, hətta mediaya nəzarət get-gedə artır. Məsələn, Azərbaycanda jurnalistlərə qarşı təzyiq və qorxular, diffamasiya məsələsi bizi şoka saldı. Bu cür problemlər Ermənistan, Belarus və digər ölkələrdə də var. Biz yayım mediasında plüralizm görmək istəyirik».
Bunu Avropa Birliyinin genişlənmə məsələləri və Avropa Qonşuluq Siyasəti komissarı Ştefan Füle deyib (“Azadlıq” radiosu).
Cənab Füle iyunun 6-da Brüsseldə «Rusiya və Şərq Tərəfdaşlığı ölkələrində xəbər mediasının vəziyyəti» mövzusunda jurnalistlər üçün keçirilən beynəlxalq seminarda çıxış edib. Deyib ki, Şərq Tərəfdaşlığına qoşulan ölkələr bu tərəfdaşlığın prinsiplərini yerinə yetirməyə söz versələr də, bəzi ölkələrdə əsas azadlıqların təmin edilməsində problemlər var.
Göstərsinlər ki, Azərbaycan demokratik ölkədir
Ştefan Füle Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Avropa Birliyi haqqında sərt fikirlərinə də münasibət bildirib. “Azadlıq” radiosunun bununla bağlı sualına cavabında Füle deyib ki, bu cür məsələlər ikitərəfli münasibətlərə öz mənfi təsirini göstərir: «Eurovision» mahnı müsabiqəsinin Azərbaycanda keçiriləcəyi bəlli olandan sonra biz Azərbaycan hakimiyyətinə aydın şəkildə bildirdik ki, bütün diqqət ölkənizə yönələcək. Bu imkandan istifadə edin və göstərin ki, Azərbaycan demokratik ölkədir. Onlar bunu etdilərmi? Düşünürəm ki, bu baş vermədi. Mən jurnalistlərin böyük təzyiq altında olmaları barədə məlumatlar alıram. Bütün bunlar elə məsələlərdir ki, bizim münasibətlərə öz təsirini göstərir. Azərbaycan başa düşməlidir ki, bu gedişlə Avropa Birliyi ilə əməkdaşlığa nail ola bilməyəcək. Vətəndaş cəmiyyəti ilə münasibətlərdə isə heç bir ləngimə olmayacaq. Əksinə, bu cür münasibətləri artırmağa çalışacağıq».
Azərbaycanda İnternet senzurası var
Ştefan Füle Azərbaycanla bağlı müzakirələrdə bu ölkədə İnternet senzurasının olmaması fikri ilə razılaşmadığını da deyib. Bildirib ki, hakimiyyət xüsusilə də sosial şəbəkələrin istifadəsinə əngəl yaratmağa çalışır. Cənab Füle bildirib ki, Avropa Parlamenti Avropa Şurasının dəstəyi ilə gələn həftə Azərbaycanla birgə təşkil edəcəyi müzakirələrin səmərəli keçəcəyinə ümid edir. «Çalışacağıq ki, Azərbaycan demokratik öhdəliklərin həyata keçirilməsinin vacibliyin qəbul etsin».
Tədbirdə çıxış edən Sərhədsiz Reportyorlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Johan Bihr də Azərbaycanda demokratiya sahəsində ciddi problemlərin olduğunu bildirib: «Azərbaycanda hələ də həbsdə yatan jurnalistlər var. Baxmayaraq ki, gənc fəal Bəxtiyar Hacıyev bir neçə gün əvvəl azadlığa buraxılıb, ölkədə bu cür problemlər hələ də qalır».
Johan Bihr Azərbaycanda İnternet təhlükəsizliyinin də olmadığını bildirib. «Siz ola bilsin ki, Azərbaycanda “Azadlıq” radiosu və ya “Azadlıq” qəzetinin internet səhifəsinə azad daxil ola bilirsiniz. Ancaq bu cür müstəqil saytlar blok olunur. Digər tərəfdən sosial şəbəkələrdə siyasi çağırışlara görə həbsə düşənlər var. Yəni bu ölkədə İnternet senzurasının olmaması fikri ilə razı deyiləm».