ABŞ-ın Suriya ilə bağlı strategiyası bəlli oldu

Bəşər Əsəd rejimindən növbəti qətliam: 1 gündə 130 ölü

Suriyada Bəşər Əsəd rejiminin müxaliflərə yönəlik amansız hücumları davam edir. İki həftə öncə Homs şəhərinə yaxın Hula qəsəbəsində 108 nəfərin öldürülməsindən sonra, bu dəfə ölkənin qərbindəki Həma şəhərinə bağlı Kubeyr və Mərzaf qəsəbələrində kütləvi qırğın törədilməsi haqda məlumat yayılıb.

Müxaliflərin sözlərinə görə, Mərzaf və Kubeyr qəsəbələrində hökumət qüvvələrinin müxalifləri hədəf alan əməliyyatları nəticəsində uşaq və qadınlar da olmaqla 86 nəfər qətlə yetirilib. Bununla yanaşı Lazkiyədə 13, İdlibdə 10, Deyr əz Zorda 6, Homsda 7, Dəməşq ətrafındakı qəsəbələrdə 4, Hələbdə 3, Derada 1 nəfər öldürülüb. Ümumilikdə ölkə ərazisində bir gündə 130 nəfər qətlə yetirilib.

Həmişə olduğu kimi Suriya hakimiyyəti iki qəsəbədə törədilən kütləvi qırğınlara görə “terroçu qruplaşmalar”ı günahlandırıb. Rəsmi məlumatda deyilir ki, təhlükəsizlik qüvvələri Kubeyr qəsəbəsində silahlı qruplaşmanı zərərsiləşdirmək məqsədiylə keçirdiyi əməliyyat zamanı 9 nəfər həlak olub. Hakimiyyət əleyhdarları isə baş verənlərə görə Bəşər Əsəd rejiminin məsuliyyət daşıdığını bildirib. Müxaliflət təmsilçiləri Bəşər Əsədi dinc sakinləri öldürtməkdə günahlandırıb.

Kütləvi qətliam beynəlxalq ictimaiyyətin qəzəbinə səbəb olub. İstanbulda səfərdə olan ABŞ dövlət katibi Hillari Klinton Bəşər Əsədin artıq istefa verərək, Suriyanı tərk etməli olduğunu söyləyib. ABŞ rəsmisinin sözlərinə görə, Bəşər Əsəd postunu tərk etmədiyi müddətdə Suriya demokratik və insan haqlarına hörmətlə yanaşan ölkə olmayacaq. O, Bəşər Əsədin yerinə gələcək keçid hökumətinin müzakirələrlə müəyyənləşdirilməsi gərəkdiyini bildirib. Hillari Klinton son qətllərə toxunaraq “Həmada dünən şahid olduğumuz rejimin əməliyyatı ən azı vicdansızlıqdır” deyib. İngiltərənin baş naziri David Kameron Suriya hakimiyyətinin legitimliyini itirdiyini və uzun müddət duruş gətirə bilməyəcəyini söyləyib.

İstanbulda srağagün axşam “Suriya xalqının Dostları qrupu”na daxil olan 10-dan çox ölkənin xarici işlər nazirlərinin toplantısının detalları ortaya çıxıb. ABŞ dövlət katibi Hillari Klinton toplantıda Vaşinqtonun Bəşər Əsəddən sonra keçid strategiyasıyla bağlı 3 əsas mesajını müttəfiqlərinə çatdırıb. Birincisi, beynəlxalq ictimaiyyətin Bəşər Əsəddən sonrakı dönəm Suriyada siyasi keçid dövrü strategiyasını dəstəkləməlidir. ABŞ-ın strategiyası Bəşər Əsədin iqtidarı tamamilə təhvil verməsini, suriyalıların hamısını təmsil edən keçid hökumətinin qurulmasını, bu hökumət liderliyində azad və ədalətli seçkilərin keçirilməsini, bütün tərəflərin üzərində razılaşdığı atəşkəs elan edilməsini və bütün suriyalıların qanunlar qarşısında bərabərliyini təmin etməyi nəzərdə tutur.

ABŞ-ın müttəfiqlərə ünvanladığı ikinci mesaj ondan ibarətdir ki, Suriyaya tətbiq olunacaq iqtisadi sanksiyalar yuxarıda qeyd olunan strategiyada da mühüm əhəmiyyət daşıyır. Suriyada davam edən zorakılıq hadisələri də nəzərə alınmaqla Əsəd rejiminə və onu dəstəkləyənlərə təzyiqlərin artırılması gündəmə gəlməlidir. Klintonun sonuncu mesajında isə deyilir ki, Suriyadakı siyasi müxalifətə birbaşa dəstək təmin edən ölkələr arasındakı koordinasiya gücləndirilməlidir.