Almaniyadan Bakıya “Eurovision” musiqi yarışmasına öz avtomobilləri ilə gələn turistlərin onları məcburi köçkünlərə hədiyyə edəcəyi xəbəri, etiraf edək ki, qaçqınların yarışmaya olan maraqlarını belə üstələdi…
Əslində Azərbaycan iqtidarının əlinə gözəl şans düşmüşdü, havayı başa gələn bu maşınların sənəd və gömrük xərclərini dövlət hesabına ödəyib ehtiyacı olan qaçqınlara paylamaqla siyasi divident qazansın.
Hamı gözləyirdi ki, hökumət heç olmasa bu dəfə ənənəsini pozacaq, ən azı ona görə ki, maşınların, demək olar, hamısı alman istehsalıdır. Iqtidarın Almaniyaya münasibəti fonunda və məmurlarımızın yumurtadan yun qırxma bacarığını nəzərə alaraq düşünürdük ki, Gürcüstan qiymətinə(!) bu “hədiyyə”ni qəbul edəcək, yəni 4-5 min pulu olan 240 məcburi köçkün tapıb ayaqlarına qədər gəlmiş, milyon yarımla kifayətlənəcək, bununla da Almaniyaya ən “gözəl cavab” verəcəkdilər.
“Blef” filmini yəqin ki, xatırlayırsınız, Adriano Çelentanonun dəfələrlə məhkum olunmuş qəhrəmanı həbsxanaya adam qaçırmağa gedir. Keşiş qılığında girdiyi kamerada o, bir anlığa hər şeyi unudur, zənn edir ki, dustaqdır və başlayır əllərini arxasına qoyub, o baş-bu başa var-gəl etməyə(!).
Bəli, maşınlar gəldi və məmurların “halı” dəyişdi, Almaniyaya nifrət “məhəbbət”ə döndü. Başladılar, Çelentano kimi var-gəl eləməyə… Ürəklərində “meyidimizin üzərindən keçməklə maşın görərsiniz” deyən məmurlar, dahi Devid Kopperfildin belə həsəd aparacağı bir tryukla, “yiyəsiz” maşınları “yoxa çıxardılar”(ölkənin sərvətini udulması fonunda 240 maşın nədir ki). Yiyəsiz deyəndə ki, almanlar sadəcə “bu maşınları qaçqınlar verəsiniz” deyib getmişdilər…
Alman turistindən fərqli olaraq, statistik YAP məmuru üçün bu, “baxın da” və yaxud “görün neyləyirsiniz” anlamına gəlir…
Qaçqınların hesabına varlanmağa adət etmiş qurumun – “Qaçqınkom”un guya könüllü bu işdən çəkilməsi(!), maşınların şübhəli təyinatı ilə əlaqədar idi. “Qaçqınkom” ola, bu şansı əldən buraxa, mümkün deyil…
Bu “möhtəşəm” qurumun başında duranlar, düşmən pəncəsində inləyən Qarabağın ən zəngin adamlarıdır. Məcburi köçkünlərə 94-cü ildən verilən zəruri ərzaq yardımlarının hər kiloqramında bunların “dolya”sı var idi. Məsələn, şəkər tozununun 3 kq-lıq porsiyasında 300 qram, qalan məsullar üçün “standart” idi. Utancaq, işğal nəticəsində hər şeyini itirmiş zavallılar buna “Qaçqınkom”un payı” deyirdilər. Şəhərdə ilk “sekond-hand” (!) mağazalarını da onlar açdılar, belə ki, qaçqınlara paltar da verilirdi. Qaçqınların sayı sərvətin əzəməti ilə mütənasib idi.
“Ərzaq bumu” bitdi, keçdilər bürokratiyaya, yəni “arayış” biznesinə. Məcburi köçkünlər orta hesabla, ildə bu quruma 10-12 arayış təqdim edir. Ən sadə arayışın qiyməti bir manatdır, “mürəkkəb”i 5 manat. Qaçqınkoma qaçqın olmağınız haqda arayış təqdim etməyin absurdluğu bir yana qalsın, ən dəhşətlisi odur ki.., arayışı elə Qaçqınkom özü verir(?!). Yəni qaçqın olduğunu onlara sübut etmək üçün.., elə onların özündən arayış almalısan. Əvvəl bu proseslər, daimi vəsiqə ilə həll edilirdi.
Biləsuvarda yerləşən qaçqın qəsəbələrində torpaq bölgüsünü isə, prezident aparatının şöbə müdiri Əli Həsənov tarixçi olduğuna görə “Yuryev günü” ilə müqayisə edirəm. Belə ki, 2-ci qəsəbə sakininə torpağı 5-ci qəsəbə ərazisindən verirlər, 4-cü qəsəbə sakininə isə birinci qəsəbədən. Zavallı gedib-gəlməkdən bezir və nəticədə “Azərsun-holdinq” asanlıqla həmin ərazilərdə iri torpaq sahələrini… icarəyə götürür.
Bu, sizin 19 illik “Qarabağnamə”lərinizdən yalnız bir neçə fraqmentdir, Əli müəllim, siz isə, hələ də Avropada erməni “barmağ”ı axtarırsınız…
Qayıdaq, maşınlara… Fikir verirsinzsə, bu proses Şuşa icra hakimiyyətinin başçısı, haqqında “Qaçqınkom”a rəhbər gətiriləcəyi haqda söz-söhbətlər dolaşan Bayram Səfərovun adı ilə birgə hallanır. Bu quruma onun sədr gətiriləcəyi tədqirdə, hazırkı sədr Əli Həsənovun heç nə itirməyəcək, əksinə qazanacaq. 240 maşınla “bismillah” edən Bayram müəllimin sələfinin atasına hər gün rəhmət oxutduracağı dəqiqdir.
Maşınlar gələndən bəri “Qarabağ” deyə kükrəyən YAP rəsmilərinə – “ətimizi tökməyin, gedin, satılan maşınlardan payınızı alın”, demək isə, bir qarabağlı kimi, mənim borcumdur.

Qaçqına “Mersedes”? Cavab: Meyidimizin üzərindən…
•