Nurəddin İsmayıl
“Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə!
Nə də tərpənməyir üstündəki yorğan, ölübə!..”
(M.Ə.Sabir)
Hakimiyyətinin bu qədər xalqa zidd siyasət yeritdiyi, xalqının baş verən rəzalətlərə bu qədər göz yumub, susqunluq nümayiş etdirdiyi ölkələr sırasında Azərbaycan adlı tək bir məmləkət var. Ar gələn işlərdən arınmır, dinməyi, danışmağı, haqqını tələb etməyi özünə ar bilir.
Sökürlər, dağıdırlar, viran qoyulur, qos-qoca türk diyarını xarabazarlığa çevrirlər, dağını-dərəsini düzləyir, meşələrini qırır, çatılırlar, örüşləri-çəmənlər zəbt edilir, malı-mülkü əlindən alınır, evi başına uçurdulur, torpağı işğalda, özü basqı altında, qız-gəlini əsirlikdə, bir milyon qaçqın-didərgin taleyinin ağırlığı çiynində, yurdu-yuvası, eli-obası odlara qalanır- millət dinmir ki, dinmir.
Yoxsulluq qapısını döyəcləyir, qışda sərt soyuqdan, yayda yandırıcı istidən canı çıxır, ailə olmağın, ailə saxlamağın amansız acısını yaşayır. Evinə bir loxma çörək gətirmək şansı yox, özü hanbal günündə, qarın doyuran qazancı yox. Vergilər yüklənib belinə. Qəpik-qəpik qazandıqları axır teli sığallı məmur cibinə. İşığını, qazını, suyunu kəsirlər, bu nə dəhşət, yer üzündən soyunu kəsirlər-dinmir, danışmır.
Yaşamaq, işləmək kimi haqları əlindən alınır, siyasi hüquqlardan məhrum edilir. İnsanlıqdan, sosiallıqdan uzaqlaşdırılaraq, bioloji varlıq həddinə endirilir, millət, dövlət olmaq kimi ali istəkləri içində boğdurulur, bayraq sevgisindən, himninə vəcdə gəlməkdən uzaq salınır, vətən bütövlüyü hissini öldürürlər, vətəndaş mövqeyini təbbəçilik həddinə endirirlər-dinmir danışmır.
Gömrüyündə soymalayırlar, vergisində dərisinə saman təpirlər. Təhsilində uşağını kor günə qoyurlar, səhiyyəsində xəstə canını alırlar. Nefti, qazı var, daşınır yadlara, bu nə zənginlik ki, zənginlik içində qulaq tutulur aclıqdan çəkilən fəryadlara. Varı-sərvəti bol, ucuz alınır, baha satılır, pay düşmür özünə, nemətlərlə dolu bazarına boylana-boylana qalır. Seçki hüququ əlindən alınır, səsini oğurlayırlar, haqqı var ikən, hakimiyyət haqları əlindən alınır, insan kmii yaşamalıykən insanlıqdan məhrum edilir, adını, soyunu unutdururlar, tarixinə, keçmişinə xor baxırlar, dövlətə sadiqlikdən, millətə sevgidən uzaq salırlar-dinmir-danışmır.
Şəhidi unutdurulur, qazisi hörmətdən salınır, döyüşkənlikdən, savaş cəsarətindən, mətnlikdən, mübarizədən yayındırılır, dininə, adətinə məhəl qoyulmur, inancı sarsıdılır, millət haqları saya salınmır, ümmət haqqı taptalanır, ruhu öldürülür, canı tükəndirilir-dinmir, danışmır.
Heydən salırlar, yaşamaqdan, həyatdan zövq almaqdan bezdirirlər, arzularını, istəklərini içində məhv edirlər, keçmişlə bağlılığını qırır, indisini manqurtlaşdırır, gələcəyə olan inamını alt-üst edirlər dinmir-danışmır.
Elminin başında elmisizlər, dövlətinin başında dövlət ərkanından uzaq olanlar əyləşdirilir, aydınlarını dışlayırlar, düşünən beyinlərə kotan çəkir, xışlayırlar. Görən gözlərə mil çəkilir, haqqı deyən dillər dibdən kəsilir. Qəsdinə dururlar haqqı deyənin, heykəli qoyulur haq yeyənin. Qulaq tutulur gurultulu alqışlardan, necə can qurtarar insan olan bəndə, qarğışlardan. İstiqlalını unutdururlar, istiqlal savaşçısına qan uddururlar. Dara çəkirlər babalarının ruhunu, mindiriblər xalqın belinə Yap adlı firqə güruhunu. Söndürürlər haqdan yanan çırağını, alırlar əlindən mərdlik, kişilik yarağını-dinmir, danışmır.
Kəndlər baxımsızlıqdan boşalır, süni şəkildə doldurulan şəhər, şəhərlikdən çıxır, gözəl adətlər, səmimi davranışlar vəhşi kapitalizmin caynağında boğulur, ehtiyac insanları quduzlaşdırır, oğul atanın, nəvə babanın üstünə gəlir, gəlin doğduğuna sahib durmaq istəmir, ailə özülləri dağılır, valideyin qocalar evinə, körpələr sahibsizlər evinə göndərilir-dinmir, danışmır.
Rüşvət, korrupsiya adi həyat normalarını iflic edir, monopoliya iqtisadiyyatı diz çökdürür, məmur özbaşınalığı, polis zorakılığı yaramazlıqlara yol açır, qanunlar kəsərdən salınır, qanunsuzluqlar vətəndaş dövlət bağlılığını qırıb dağıdır. Nizamını, ahəngini pozurlar, necə göz yumur millət, tarixini tərsə yozurlar, dinmir danışmır.
Müstəqilliyi, suverenliyi təhdid altında, iqtisadi sərvəti tar-mar edilmədə, mənəviyyatı, əxlaqı əridilmədə, ruhi əzəməti, milli gücü tükənmədə. Ölüsü qəbir yerindən, dirisi Allahın bir evlik quruca yerindən məhrum edilir. İş adamının mülkü, işzizin canı hərraca qoyulur, fəhləsi sığortasız iş yerində, kəndlisi ona gəlir gətirməyən əkin yerində istismar həyatı yaşayır, bolluq bazarı Azərbaycanda əksəriyyət insanlar aclıqla üz-üzə qalmaqda-dinmir, danışmır.
Dinmək, danışmaq, haqqını tələb etmək gərək, bəy əfəndilər. Zalıma bac verdikcə, zülmə dözdükcə zalım quduzlaşar, zülmün həddi bilinməz. Zülm olan yerdə ədalət olmaz, ədalət olmayan yerdə, iman olmaz, iman olmayan yerdən Allah əl götürər. Allaha doğru gələk, imanımızı kamilləşdirək, zalımla, ədalətsizliklə savaş yolunu tutaq. Ayılaq, haqımızı müdafiyətə qalxaq, vətənimizi imansızlq əsarətindən xilas edək.