Bakı vaqon deposunda qalmaqal

Ağ kağıza imza atmağa məcbur edilən bələdçilər aksiyalara hazırlaşır

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı vaqon deposunda ciddi narazılıq yaranıb. Narazılıq edənlər vaqon bələdçiləridir.
Redaksiyamıza daxil olan məlumatlara görə, bələdçilərin narazılığı QSC rəhbərliyinin hansısa məqsədlə onlara ağ kağıza imza atdırmasıdır. Bələdçilər hesab edir ki, bu, deponun özəlləşdirilməsilə bağlıdır. Lakin rəhbərlik bu barədə bələdçilərə heç bir izahat verməyib. Sadəcə tələb olunub ki, təqdim edilən kağıza itmza atsınlar. Məlumatlarda bildirilir ki, bələdçilərin əhəmiyyətli hissəsi imza atmaqdan imtina edib. Onlar bununla kifayətlənməyərək aksiyalara başlamaq niyyətindədir. Deponun rəisi Rəhman Əbişov isə gərginliyi aradan qaldırmaq üçün bələdçiləri bir-bir yanına çağıraraq, onları narahatçılığa heç bir səbəb olmadığına inandırmaq istəyir. Bələdçilər isə prosesin dayandırılmasını və bununla izahat verilməsini tələb edirlər. Məlumatlara görə, yaxın günlərdə bələdçilər aksiyalara start verəcək.

Informasiya şöbəsi