ABŞ İrana təzyiqləri gücləndirəcək

Tehran rejimi «5+1»lə razılaşmasa, Qərbin sərt tədbirlərilə üzləşə bilər

Iranın nüvə proqramı ətrafında yaranmış gərginlik davam edir. ABŞ maliyyə nazirinin terrorizm və maliyyə informasiyası məsələləri üzrə müavini Devid Kohen jurnalistlərə açıqlamasında Iranın Qərblə apardığı nüvə danışıqlarına toxunub. Nazir müavini bildirib ki, Iranın 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) ilə apardığı müzakirələr nəticə verməsə, ABŞ Irana təzyiqi gücləndirmək üçün Israillə məsləhətləşmələrə başlayacaq.
“Əgər iyunun 18-19-da Moskvada keçiriləcək danışıqlar məğlubiyyətə uğrasa və müzakirələrdə hər hansı irəliləyiş müşahidə olunmasa, şübhəsiz ki, Irana qarşı təzyiqlərimizi daha da gücləndirəcəyik. Biz ötən il Irana qarşı sanksiyalarla bağlı Israillə yaxından əməkdaşlıq etmişik. Israil bizim müttəfiqimizdir və biz Irana qarşı təzyiqləri gücləndirmək üçün bu ölkə ilə məşvərət edəcəyik”, – deyə Devid Kohen söyləyib.
Iran parlamentinin sədri Əli Laricani isə Moskvada keçiriləcək növbəti müzakirələrdən danışarkən deyib ki, Qərbin Rusiyadakı görüşü son şans olaraq xarakterizə etməsi naşılıqla oynanılan yeni bir oyundur. Müzakirələrə iki həftə qaldığı bir vaxtda belə dəyərləndirmələri tənqid edən Laricani ABŞ-ın Iranı sanksiyalarla hədələməsini də pisləyib.
Bu arada, Irana qarşı hərbi müdaxilə variantını tez-tez dilə gətirən Israilin təhlükəsizlik qurumu “Mossad”ın keçmiş rəhbəri Meyir Daqan Təl-Əvivin mövqeyinin əksinə bəyanat səsləndirib. Irana hərbi hücumun əleyhinə olduğunu bildirən Daqan fikrini belə əsaslandırıb ki, belə bir hücumdan 5 dəqiqə sonra bütün bölgəni müharibə bürüyə bilər.
Israilin nüfuzlu “Jerusalem Post” qəzeti yəhudi dövlətinin sərhədləri çərçivəsində yaşayan əhalinin çox cüzi hissəsinin Irana hücumun tərəfdarı olduğunu yazıb. Qəzetin yazdığına görə, rəyi soruşulan Israil əhalisinin 18 faizi hərbi müdaxilənin lehinə, 52 faizi isə əleyhinə səs verib.