Klinton Bakıda nələri müzakirə edəcək?

“Freedom House” ABŞ rəsmisini Azərbaycan və Ermənistanda insan haqları problemlərinə diqqət göstərməyə çağırıb

Skandinaviya ölkələrinə səfərdən sonra ötən gün ABŞ-ın dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza səfəri başlanıb. ABŞ rəsmisi Yerevanda Ermənistan prezidenti, eləcə də vətəndaş cəmiyyətinin fəalları ilə görüşüb. Hillari Klinton bu gün Gürcüstanda olacaq, iyunun 6-da isə Azərbaycana səfər edəcək. İyunun 7-də isə İstanbulda Qlobal Əks-Terrorizm Forumuna sədrlik edəcək. Skandinaviya ölkələrində ABŞ rəsminin əsas müzakirə mövzuları iqlim dəyişikliyi və ekoloji enerji idisə, Cənubi Qafqazda müzakirə mövzuları tamam fərqlidir.

ABŞ-ın Qazaxıstan və Gürcüstandakı keçmiş səfiri, prezidentin Rusiya, Ukrayna, Avrasiya məsələləri üzrə köməkçisi olmuş Uilyam Kourtni, ABŞ-ın Belarusda və Gürcüstandakı keçmiş səfiri Kennet Yaloviç, Avropa Komissiyasının Ermənistan və Gürcüstanda keçmiş səfiri Denis Korbi “The İnternational Herald Tribune” qəzetində qələmə aldıqları birgə məqalələrində yazıblar ki, Klintonun səfəri vaxtında edilir. Cənubi Qafqazda qarşıdurma riski ABŞ-ın və Avropanın maraqlarına zərbə vura bilər. Buna görə region yüksək səviyyədə diqqət tələb edir.

Müəlliflərin fikrincə, Vladimir Putinin yenidən Rusiya prezidenti kürsüsünə qayıtması vəziyyəti daha da mürəkkəbləşdirib. Putin keçmiş sovet respublikalarında Rusiyanın nüfuzunu artırmağa və həmin ölkələrin NATO-Avropa Birliyinə inteqrasiya etmələrini əngəlləməyə çalışır: “Kreml Gürcüstan və Ukraynada baş verən demokratik dəyişikliklərdən ehtiyatlandır və keçmiş sovet ölkələrində sərhədləri güclə dəyişməyə çalışır”.

Keçmiş diplomatlar əlavə edir ki, Qafqaz regionunda Rusiyaya müqavimət artır və terrorun yüksəlişi 2014-cü ildə Soçidə Qış Olimpiadasının keçirilməsinə real təhlükə yaratmaqdadır. Bu isə o deməkdir ki, Rusiya yenidən Azərbaycan və Gürcüstanı terrora dəstək verməkdə ittiham edə bilər.

Müəlliflər Dağlıq Qarabağ probleminə toxunaraq yazır ki, ATƏT-in Rusiya ilə münasibətlərinin pis olması fonunda Şimali Qafqazda gərginlik artıb və bu gərginlik Azərbaycana və Gürcüstana keçə bilər. Ona görə də Vyanada danışıqlara başlamaq lazımdır: “Dövlət katibi Hillari Klinton bu gərginliyə aydınlıq gətirməli və təminat verməlidir ki, Qərb qarşıdurmanın və konfliktlərin qarşısının alınması istiqamətində ciddi çalışacaq”.

Cons Hopkins Universitetinin Transatlantik Əlaqələr Mərkəzinin elmi əməkdaşı Donald Yensen Klintonun Cənubi Qafqaza səfərini “Turan”ın Vaşinqton müxbirinə şərh edib. Onun sözlərinə görə, dövlət katibinin səfəri Cənubi Qafqazda gərginliyin artdığı bir vaxtda regionun ABŞ üçün əhəmiyyətini nümayiş etdirəcək. Yensen səfərin əhəmiyyətinin təkcə konkret razılaşmalardan deyil, terrorizmə qarşı mübarizənin ciddi müzakirəsindən, Qarabağ münaqişəsinin həlli üçün yolların axtarılmasından ibarət olacağını bildirib.

“Həmkarım, səfir Uilyam Kortninin də “The International Herald Tribune” qəzetində qeyd etdiyi kimi, Vladimir Putinin Kremlə qayıtması regiondakı dinamikanı dəyişə bilər. Rusiya əvvəlki kimi Gürcüstan ərazilərinin 30%-ni işğal edir”, – deyə Donald Yensen söyləyib. “Klintonun Azərbaycana səfəri Vaşinqton və Bakı arasında gərginliyin aradan qaldırıldığını göstərir?” sualına cavabında Yensen bildirib ki, ABŞ tərəfindən gərginlik Azərbaycanda insan hüquqları sahəsində daxili vəziyyətlə bağlıdır. Eyni zamanda, ABŞ Azərbaycanın regionda müttəfiq kimi əhəmiyyətini dərk edir. Yensen deyib ki, hər iki tərəf əməkdaşlığa ümid edirsə, bir-birinin maraqlarını nəzərə almağa çalışmalıdır.

“Xarici siyasət sahəsində Klinton üçün Əliyev hökumətinin İran və Ermənistanla münasibətlərə verdiyi qiyməti, habelə Azərbaycanın Dağlıq Qarabağla bağlı vəziyyətdən çıxış yolu haqqında təkliflərini dinləmək maraqlı olacaq. Daxili məsələlər üzrə, Klinton, çox güman ki, Əliyev hökumətinin siyasi müxalifətə daha dözümlü olduğunun isbatını istəyəcək. Onun ölkənin vətəndaş cəmiyyəti liderləri ilə görüşləri bu problemlərin ABŞ üçün ciddiliyini göstərməlidir”, – deyə o, əlavə edib.

Qərargahı Nyu-Yorkda yerləşən nüfuzlu insan haqları və demokratiyanın müdafiəsi təşkilatı “Freedom House” ABŞ-ın dövlət katibi Hillari Klintonu Cənubi Qafqaz turnesi zamanı xüsusən Azərbaycanda və Ermənistanda insan haqları problemlərinə diqqət göstərməyə çağırıb. Təşkilatın prezidenti Devid Kremer yaydığı bəyanatında bildirib ki, dövlət katibi Qafqaz regionunda insan haqları və demokratiya problemlərini keçirdiyi görüşlərdə və verdiyi bəyanatlarda ən mühüm məsələ kimi qabartmalıdır.

“Qafqaz regionunda demokratik sistemin bərqərar olması ABŞ-ın maraqları üçün çox mühümdür”- deyə, o bildirib. D.Kremer bəyanatında göstərib ki, o, ABŞ dövlət katibinin səfər zamanı müzakirə edəcəyi strateji məsələlərin diapazonunun geniş olduğunu anlayır. “Buna baxmayaraq “Freddom House” səfər zamanı bütün region boyu, əsasən də Azərbaycanda və Ermənistanda insan haqları və demokratiyaya dair narahatlıqlara xüsusi diqqət göstərməyə çağırır”- deyə, bəyanatda bildirilir.

Təşkilat rəhbəri bildirir ki, H.Klinton Azərbaycana səfəri zamanı siyasi fəalların təhdid edilməsinə və onların həbsə atılmasına, antihökumət mitinqlərinin dağıdılması zamanı gücdən olduqca qeyri-korrekt istifadəyə, həmçinin mətbuat azadlığına diqqət yetirməlidir. “Freedom House”a görə Ermənistanda islahatlara siyasətlə biznes arasında dərin əlaqələr mane olur, bu da məsuliyyət və şəffaflıq çərçivəsini daraldır. Gürcüstana gəldikdə isə, ABŞ dövlət katibi bu ölkədə daha geniş islahatlara dair vədlərin yerinə yetirilməsinin vacibliyini xatırlatmalıdır.