Filmləri “uzaq sahillərdə”…

Operator, rəssam, rejissor və ssenari müəllifi

Azərbaycan kinosunda əvəzsiz xidmətləri olan, unudulmaz filmlərimizə öz silinməz imzasını qoyan görkəmli sənətkarlardan biri də Əlisəttar Atakişiyevdir. O, “Azərbaycanfilm”in istehsalı olan 20 filmdə operator, rəssam, ssenari müəllifi və rejissor kimi çalışmışdır.
Onun imzası olan filmlər sırasında ancaq bir neçəsinin adını çəkmək də kifayət edər: “Arşın mal alan”, “Uzaq sahillərdə”, “Bir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər diyarında”, “İstintaq davam edir” və s.
Əlisəttar Ələsgər oğlu Atakişiyev 1906-cı il dekabrın 25-də Bakıda anadan olmuşdur. 1927-1930-cu illərdə Moskva Ali Rəssamlıq Texniki Məktəbinin rəngkarlıq, 1930-1936-cı illərdə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsində təhsil almışdır. Əvvəlcə “Mosfilm” kinostudiyasında quruluşçu rəssam-operator kimi çalışmış, sonra isə “Bakı” kinostudiyasında (1941-1945) bir neçə bədii filmin quruluşçu operatoru olmuşdur. Bu filmlərə 1943-cü ildə T.Lebeşev və Ə.İsmayılovla birgə çəkdiyi “Bir ailə” və 1945-ci ildə M. Dadaşovla birgə çəkdiyi “Arşın mal alan”  daxildir. Bundan sonra o, yenidən “Mosfilm”ə qayıdaraq orada operator kimi fəaliyyət göstərmişdir. Moskvada rəngli filmlər üzrə kinooperator kimi ixtisaslaşan Ə.Atakişiyev 1953-cü ildə “Tallinfilm” (1953-1955) kinostudiyasına dəvət olunur. Sənətkar Estoniyanın ilk rəngli (“Axşam düşəndə”, 1955) filmini də o zaman çəkir.
Onun yaradıcılığının məhsuldar dövrü 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasına qayıtdıqdan sonra başlayır. Sənətkar 1974-cü ilədək burada rejissor kimi bir sıra filmlərə quruluş verir. Onun operatoru olduğu “Sehrli xalat” filminə bir il ərzində 10 milyon tamaşaçı baxmışdı. Film bu gün də öz yeniliyini, rəngini itirməyib. Onun uğurunun sirri həm də öyrəndiyi müasir elementlərlə milli motivləri birləşdirməkdə, onların mükəmməl sintezinə nail olmaqda idi.
Ə.Atakişiyevin müxtəlif illərdə fərqli kinostudiyalarda işləməsinin səbəbləri vardı. O dövrdə “Azərfilm” (1935-1938) adlanan “Azərbaycanfilm” kinostudiyasında çalışan əcnəbi rejissorlar gənc operatorun müstəqil fəaliyyət göstərməsinə əngəl törədirdilər. Ona görə də sənətkar öz istedad və qabiliyyətini başqa kinostudiyalarda gerçəkləşdirir, eyni zamanda, milli kinomuza da öz töhfələrini verirdi.

Filmin aksesuarlarını bəzən özü gətirirdi

Yuxarıda adlarını qeyd etdiyimiz sevimli uşaq filmlərində Ə.Atakişiyevin dəst-xətti daha aydın görünür. Çünki o, bu ekran əsərlərində yaradıcı qrupun bir üzvü kimi “külüng çalır”. Sənətkarın ustalığı bu filmlərin unudulmaz səhnələrində, obrazların geyimlərində, dekorasiyalarda da özünü göstərir. “Onun nağıl-fantastika aləminə gözəl bələd olması çəkdiyi uşaq filmlərində özünü büruzə verirdi. Rejissoru olduğu filmlərdə də geyim, qrim rəssamlarının peşəkarlığına, operator işinin dəqiqliyinə diqqət yetirər, fon və ön plan kadrlarının qüsursuzluğuna çalışardı. Bəllidir ki, əfsanəvi-fantastik mövzulu filmlərdə quraşdırma səhnələr çoxluq təşkil edir. 1964-cü ildə çəkilən “Sehrli xalat” filminin Ay səthini əks etdirən kadrları SSRİ məkanının rejissorlarını təəccübləndirmişdi. Buna görə də onlar sonralar çəkdikləri fantastik-nağıl filmlərində həmin mizan quruluşlarından istifadə edirdilər. Ay səthi dekorasiyası öz təbiiliyi, yeniliyi ilə tamaşaçıları heyran etmişdi. “Belarusfilm” kinostudiyasında hazırlanmış dekorasiyanın (rəssamlar M.Hüseynov, C.Əzimov) ümumi sahəsi 1200 kv/m idi. “Bir qalanın sirri” filminin də fantastik (Elşənin nəhəng hörümçəklə vuruşması, Mətanətin əcinnələr içərisində olması və s.) məqamlarını əks etdirən kadrlar da “Belarusfilm” kinostudiyasında çəkilmişdir. “Azərbaycanfilm” kinostudiyasında olan lazımi texniki imkanlar da görkəmli rejissora bu filmləri çəkməkdə təkan verdi. “Bir qalanın sirri” və “Sehrli xalat” nağıl-filmləri məhz bu sexin qüvvəsi hesabına çəkilmişdi” (Şəhla Bürcəliyeva, kinoşünas).

Sənət dostlarının və yaradıcı qrup üzvlərinin sözlərinə görə, Əlisəttar müəllim çox vaxt filmlərə lazım olan rekvizitləri, nağıl qəhrəmanlarının bəzək əşyalarını özü hazırlayırdı. Məsələn, “Qərib cinlər diyarında” filmindəki bir çox materialları o özü gətirmişdi. Ə.Atakişiyevin operator kimi quruluş verdiyi filmlər sırasında milli kinomuzun inciləri sayılan “Arşın mal alan” (1945) və “O olmasın, bu olsun” (1956) onun peşəkarlığının parlaq sübutudur.

Filmləri dünya sərhədlərini aşıb

Onun filmləri Azərbaycandan kənarda dönə-dönə nümayiş olunmuşdur. Operator kimi işlədiyi “Uzaq sahillərdə” (1958), “Fətəli xan” (1947), rejissor kimi quruluş verdiyi “Bizim küçə” (1961), “İstintaq davam edir” (1966) və s. gözəl ekran əsərləri milli kinomuzu keçmiş sovetlər məkanında və xarici ölkələrdə layiqincə təmsil etmişdir. 1945-ci ildə rejissor Rza Təhmasiblə birlikdə çəkilən “Arşın mal alan” filminə təkcə bir il ərzində 16 milyon tamaşaçı baxmışdı. O zaman Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində film xarici ölkə istehsalı olan “100 sevimli film” arasından seçilərək məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə “Qızıl siyahı”ya daxil edilmişdi. Böyük sənətkarın “qızıl fond”a daxil olan filmləri əsl peşəkarlıq nümunələridir. Onun kinodakı işi təkcə operator və rejissor peşəkarlığı ilə deyil, həm də rəssamlıq, ssenari müəllifliyi ilə səciyyələnir. “O olmasın, bu olsun” filmindəki bir sıra unudulmaz səhnələr buna parlaq misaldır.
Ə.Atakişiyev yaradıcı dostlarının yaddaşında şux qamətli, səliqəli geyimi ilə seçilən bir şəxs kimi qalıb. Sənətkarın bu səliqə və düzəni onun filmlərinə də xas idi. Geyimlərə, dekorasiyalara xüsusi önəm verməsi, hər detalın yerli-yerində olmasına can atması da bundan irəli gəlirdi. O, Azərbaycan kinosunda peşəkarlıq üçün bütün gücüylə çalışan, bu iş üçün böyük xidmətləri olan bir şəxsiyyətdir. Yoxluğu sənətdə boşluq yaradan, yeri görünən və imza atdığı filmlər hər dəfə nostalci hisslər yaradan bir şəxsiyyət. Bu gün kinomuzda belə cəfakeş, ustad sənətkarların yeri həqiqətən bir boşluq kimi qalır…
O, istedadını əsasən Azərbaycan kinosuna sərf etmək istəyirdi. Ona görə də, “Arşın mal alan” filminə dəvət alanda geri dönməmək arzusuyla  həyat yoldaşı ilə birlikdə Bakıya köçmüşdü. Lakin bir müddət keçdikdən sonra Moskvada işlədiyi teatrdan uzaqlaşa bilmədiyini söyləyən xanımı ondan ayrılaraq Moskvaya döndü.
Bundan sonra sənətkar əsas etibarıyla Bakıda çalışmış, amma Moskva ilə əlaqəsini də kəsməmişdi. Ə.Atakişiyev kino sahəsindəki xidmətlərə görə 1960-cı ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.
O, 1990-cı il noyabrın 7-də Moskvada (Kino Veteranları evində) vəfat etmişdir.