AXCP Gənclər Komitəsinin üzvü Ramin Musayevin valideynlərinə təzyiq edilir. Bu barədə “Azadlıq”a Ramin Musayevin özü məlumat verib. Onun sözlərinə görə, Oğuzda yaşayan validyenlərini iki dəfə yerli polis idarəsinə çağırıblar: “Birinci dəfə validyenlərinə deyiblər ki, oğlun Bakıya gedib vəhhabilərə qoşulub. Ona deyin ki, özünü yığışdırsın. İkinci dəfə çağıranda isə bildiriblər ki, oğlun ictimai asayişi pozmaqla məşğuldur. Valideynlərimin polis idarəsinə çağırılması İctimai Palatanın 25 mayda Milli Parkda təşkil etdiyi “Xalq gəzintisi”ndən sonra baş verib. Maraqlıdır ki, mən heç həmin aksiyaya qatıla bilməmişdim. Məni aksiya başlamışdan əvvəl Milli Parkda saxlamışdılar”.
Ramin Musayev bildirir ki, valideynlərinə təzyiq edilməsindən narahatdır və bu barədə beynəlxalq təşkilatlara, səfirliklərə məlumat verməyi düşünür: “Mənim validyenlərimin heç bir təqsiri yoxdur. Onlar niyə polis idarəsinə çağırılmalıdır axı? Mən də hər hansı cinayət törətməmiş, qanuna zidd iş görməmişəm. Vəhhabilərə qoşulmağımla bağlı iddialara gəlincə, bu absurddur. Mən AXCP Gənclər Komitəsinin üzvüyəm və partiyadaşlarımla birgə Azərbaycanda ədalətli cəmiyyət qurulması uğrunda mübarizə aparıram”.