Dinmi, dövlətmi əvvəl yaranıb? Bəs onların ibtidai şəkli və ya rüşeymi? Hansı daha əvvələ düşür? Yəni hansını o birinin nümunə modeli saymaq olar?
Bu sualı bir az inkişaf etdirib ayrı cür də vermək olar: Tanrımı dövlət başçısının (qəbilə başçısı, tiran, şah, diktator və nəhayət prezident) şəklində yaradılıb, dövlət başçısımı Tanrının? Sualımızın ilk formasına baxış bucaqları, yanaşmalar fərqli ola bilər. Sualın ikinci şəklinə də fərqli cavablar olmaqla yanaşı, bütövlükdə müqayisəni kimi doğru saymaz, kimi də küfr hesab eləyə bilər. Hər kəs öz inancından və bilgisindən yanaşır məsələyə və hər kəs də öz bucağında haqlıdır. Mən də sadəcə öz fikirlərimi yazıram.
Bəzən belə deyirik: Filan prezident (ya diktator) özünü Allah zənn edir, Allaha tay tutur, oxşadır, allahlıq iddiasındadı və s. Bu deyimlərdən belə çıxır ki, din birinci yaranıb. Yekunda söhbət dinlərin buyurduğu tanrıdan gedir. Lakin bu deyimləri əks üzünə çevirsək nə alınır? O alınır ki, dini tanrılar icma başçılarının liderlik rəsmi əsasında “xəlq ediliblər”.
Bu prizmadan yanaşanda… Uzağa getməyək, elə Azərbaycanın dövlət başçısını allahlıq iddiasında olduğuna görə suçlamaq olmaz. Çünki bizim kimi avtoritarizmin, qəbilə iyerarxiyasının diqtəsi ilə nəfəs alan ibtidai cəmiyyətlərdə məhz, elə belə də olur və ondan sonra qəbilə başçısının fövqəlbəşəri sifət cizgiləri əsasında həm də rəhm, ədalət elementləri əlavə edilərək dini Tanrı yaradılır. Bir daha təkrar eləyirəm – Dini Tanrı. Və nəzərə alsaq ki, hələ sürü halında yaşadığı zaman heç bir dini-mədəni təsəvvürü olmayan insan dəstələrinin, hətta qruplarının bir başçısı olub, deməli, Başçı Tanrıdan önə keçir. Bu başçılıq institutunun hətta heyvan sürülərində mövcud olduğunu da yada salsaq, zənnimcə, fikrim elə də əsassız sayılmaz.
Dinlərdəki tanrılarla dövlət başçılarını birləşdirən özəl bir cəhət var. Bu da onların günahkar insanlardan, təəbəələrindən, bəndələrindən özlərindən əfv dilənməsini tələb etmələridi. Dinlərdə deyilir: günahlarının bağışlanmasını dilə, Tanrı rəhmlidir və səni bağışlar. Günah hər bir halda Tanrının-Başçının hansısa istəyinə və ya istənilən şəkildə ona müxalif durmağın adıdır. Məsələn, İlham Əliyev “Wikileaks” saytında açıqlanan bir məxfi materialdakı söhbətində israilli diplomata deyirdi ki, o, siyasi məhbusların beynəlxalq təşkilatlardan yox, məhz ondan əfv diləmələrini istəyir. Onun bu xüsusiyyəti, bu xarakteri, bu zəif nöqtəsi dini tanrıların keyfiyyəti ilə tam üst-üstə düşür və buna görə ilk baxışdan onu qətiyyən qınamaq olmaz. Kiminsə suçlu olub-olmaması onuncun zərrəcə maraqlı deyil – onun gözündə onu sevməyən və ya tənqid edən hər kəs günahkardı; dini tanrılar da eynən bu cür düşünürlər. Ona qarşı “suç işlətmiş”lərin zindanlardan azad edilməsi üçün beynəlxalq basqıların artdığı son çağlarda onun bu istəyi daha da güclənib, hətta ritual şəkli alıb: bağışlanma ərizəsi yaz və azad ol!.. İnsanlar yaşamaq uğrunda mübarizədə ya hər şəraitə uyğunlaşır, ya ona qalib gəlir, ya da onun dilini tapırlar. Görünür, Azərbaycanda da belə bir durum yaranıb. Vaxtilə əfv ərizəsi yazıb çıxanlara birmənalı olaraq satqın kimi baxırdılarsa, indi bu baxış bir az dəyişib. Qarşı, yəni “suçlu” tərəf anlayıb ki, bu “tanrı” əfv ərizəsi görməyənəcən rəhmə gəlmir. Ona görə də məhbəsdən azad olub mübarizəni davam etdirmək və ya sadəcə həbsdən qurtulmaq üçün bu yola üz tuturlar. Beləliklə, hər iki tərəf xoşbəxt olur: biri zindandan qurtulmaqla, biri isə dini tanrı keyfiyyətindən və ya özünün o tanrıya köçürülmüş xəstəliyindən həzz alaraq. Bu, artıq yeni yoldur.
Bəxtiyar Hacıyevin vaxtından əvvəl azadlığa buraxılması üçün dövlət başçısına müraciət edəndən sonra “yarımçıq bağışlanması” da eyni dini ritualın prinsipləri əsasında baş verib. İndi yeni taktika və oyun qaydalarına əsasən nə Bəxtiyara satqın demək olar, nə dövlət başçısını qınamaq. Hərənin öz yolu var. Bu yolların kimi hara aparacağını isə, yalnız dinlərə birbaşa dəxli olmayan həqiqi Yaradan bilir…

Allaha bağışlanma ərizəsi
•
•