Bəxtiyar Hacıyev azadlığa çıxdı

“Həbsim də, buraxılmağım da siyasi qərar idi”

“Azərbaycanda demokratiyanın qurulması istiqamətində fəaliyyətimi davam elətdirəcəm”

İyunun 4-də Ali Məhkəmə gənc fəal, vicdan məhbusu Bəxtiyar Hacıyevin vaxtından əvvəl azadlığa buraxılması haqqında qərar qəbul edib. Hakim Əli Seyfəliyev B.Hacıyevin Bakı Apelyasiya Məhkəməsindən olan şikayətini təmin edib. Və cəzasının başa çatmasına 9 ay qalmış şərti olaraq azadlığa buraxılması haqda qərar çıxarıb. Bir il üç aylıq məhbəs həyatından sonra B.Hacıyev 14 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Və azadlığa çıxandan sonra jurnalistlərin suallarını cavablandırıb.

– Bəxtiyar bəy, azadlıqdasınız. Hansı hissləri keçirirsiniz?
– Təbii ki, ailəmə, cəmiyyətə, yaxınlarıma, dostlarıma qovuşduğuma görə sevinirəm. Amma bu gün həbsdə olmamalı kifayət qədər insanlar var. Ən qısa zamanda onların da azadlığa çıxmasını arzu edirəm. Bu istiqamətdə də bacardığım qədər çalışacağam.

– 15 ay həbsdə oldunuz. Bu müddət sizin üçün necə keçdi?
– Maksimum dərəcədə çalışdım faydalı keçsin. Kitab oxumaqla, qəzetlərlə, müəyyən qədər təcrübəli insanların təcrübəsindən faydalanmaqla keçirdim.

– Deyirlər, həbsdə olanda azadlığın qiymətini daha çox hiss edirlər.
– Düzdür.

– Keçən həftə siz prezidentə müraciət etdiniz. Azadlığa çıxmağınızda bu müraciətin rolu oldumu?
– Düşünürəm ki, olub.

– Həmin müraciət birmənalı qarşılanmamışdı.
– Bu normaldır. Amma fikirləşirəm ki, hər bir insan özü düzgün bildiyi qərarı verməlidir və onun düzgün olduğunu cəmiyyətə izah eləməlidir. Onu bacarmalıdır. Yəni, hər bir addım birmənalı qarşılanmaya bilər. Amma insan o addımın birmənalı qarşılanmayacağından ehtiyatlanaraq bəzən riskli addımlar atmaya bilər. Sadəcə olaraq mən düşünürəm ki, bu gün mənim cəzaçəkmə müəssisəsində nə ailəmə, nə özümə, nə cəmiyyətə, nə də dövlətə, heç kimə xeyrim dəymirdi. Amma azadlıqda nisbətən daha çox imkanlar var. Həm cəmiyyətə, həm dövlətə, həm  özümə, həm ailəmə faydalı olmaq üçün. Düşünürəm ki, cəzaçəkmə müəssisəsində olmağım bir səhv idi. Bu səhvin düzəldilməsi üçün də əgər mənim müraciətim lazım idisə, mən bu müraciəti elədim.

– Bundan sonrakı fəaliyyətiniz necə olacaq?
 – Yəqin ki, bir müddət istirahət edəcəyəm. Sonra da çox güman ki, xaricdə ya təhsil, ya da iş fəaliyyətimi davam etdirəcəyəm.

– Belə çıxır ki, ictimai və siyasi proseslərdən uzaqlaşacaqsınız?
– Xeyr, elə deyil. Sadəcə bir müddət istirahət edəcəm. 15 ay ərzində dəfələrlə məhkəmələrdə oldum. Azərbaycanda demokratiyanın qurulması üçün hər hansı bir formada fəaliyyətimi davam elətdirəcəm.

– Şərti azadlığa buraxılmısınız. 9 ayınızı ölkədə qalmalısınız?
– Ola bilər ki, bu 9 ay müddətində xaricə gedim.

– Sizə qarşı irəli sürülən ittiham hərbi xidmətdən yayınma ilə bağlı idi?
– Vallah, mənə elə gəlir ki, o ittihamın nəyə görə irəli sürüldüyü cəmiyyətə kifayət qədər aydındır.

– Hüquq müdafiəçiləri, vəkilləriniz bildirirdi ki, bu, siyasi bir ittiham idi.
– O barədə fikrimi dəfələrlə demişəm. Fikrimdə də qalıram. Fürsətdən istifadə edib məni müdafiə edən bütün insanlara öz təşəkkürümü bildirirəm. Hüquq müdafiəçilərinə, vəkillərimə, yaxınlarıma, dostlarıma, kütləvi informasiya vasitələrinə, beynəlxalq təşkilatlara, dövlət qurumlarında çalışan vicdanlı insanlara da. Kifayət qədər çox adam mənim azad olunmağım üçün çalışdı. Hər birinə tək-tək təşəkkür edirəm.
Mən bütün insanlara azadlıq arzulayıram. Sözün əsl mənasında azadlıq. Yəni, ola bilər ki, kimlərsə cəzaçəkmə müəssisəsindədir, özünü azad hiss eləmir. Amma elə insanlar da var ki, cəzaçəkmə müəssisəsində deyil, ancaq onlar da azad deyil. Hamıya azadlıq arzulayıram.

– Həbsdən çıxmağınız qəfil oldu. Necə yola saldılar sizi?

– Cəzaçəkmə müəssisəsinin rəhbərliyi qərarı mənə elan etdikdən sonra qısa bir vaxtda məhbus yoldaşlarımla görüşə bildim. Sonra əşyalarımı yığıb çıxdım.

 – 14 saylı cəzaçəkmə müəssisəsində saxlanan digər vicdan məhbusları ilə müzakirələriniz olurdumu?
– 14 saylı həbsxanada 7 nəfər vicdan məhbusu saxlanılırdı. Müxtəlif məsələlərlə bağlı müzakirələrimiz, söhbətlərimiz olurdu, fikir mübadiləsi aparırdıq. Çıxarkən onlarla da görüşüb ayrıldım.