Qərb Putinə təzyiqləri artırır

Almaniya və Fransa Rusiyadan Suriya ilə bağlı qəti mövqe tələb edir

ABŞ-ın “Əsədsiz Suriya” üçün Rusiyaya Yəmən variantını təklif etməsindən sonra Avropa Birliyi də böhranın siyasi həlli istiqamətində rəsmi Moskvaya təzyiqləri artırmağa başlayıb. Rusiya prezidenti Vladimir Putin Almaniya və Fransaya səfərləri zamanı Bəşər Əsəd rejiminə qarşı sərt mövqe qoyması üçün həm Angela Merkelin, həm də Fransua Olandın tələblərilə üzləşib.
Angela Merkelin “Suriya böhranının həlli istiqamətində Putinlə eyni fikirdə olduğumuzu düşünürəm” söyləməsi Rusiya prezidentinə üstüörtülü tələb kimi dəyərləndirilir.
Putin cavabında deyib: “Annan planı başlanğıc nöqtəsi olmalı, bütün enerjimizi və gücümüzü bu plana yönəltməliyik. Nəticə olmasa, yeni addımları nəzərdən keçirməliyik”.
Putin Merkellə birgə mətbuat konfransında onu da qeyd edib ki, böhrandan çıxış yollarının tapılması üçün BMT-də olduğu kimi, digər ölkə liderlərilə də müzakirələr aparacaq.
Rusiyalı həmkarını qəbul edən Fransa prezidenti Fransua Oland isə Bəşər Əsəd hakimiyyətdən getməyənə qədər Suriyada böhranın siyasi həllinin mümkün olmayacağını bildirib. Oland Putindən Suriya hakimiyyətinə qarşı sanksiyaların artırılmasına dəstək istəyib. Fransa prezidenti Suriyada vətəndaş müharibəsi təhlükəsinin yarandığını da bir daha Putinin nəzərinə çatdırıb.
Putin Olandla görüşündən sonra da mətbuata açıqlamasında Moskvanın Suriya böhranının həlli üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.
Ekspertlərin sözlərinə görə, Avropanın iki əsas söz sahibi Putin qarşısında qəti tələblər qaldırmaqla Rusiyanı Suriya hakimiyyətini dəstəkləmək fikrindən daşındırmaq istəyir. Hətta bəzi ekspertlər Qərbin Rusiyaya təzyiqləri bundan sonra daha da artıracağını düşünür. Dolaşan iddialara görə, Putinin yaxın zamanlarda Suriyaya səfəri gözlənilir. Onun Suriyada “Yəmən modeli”nin təkrarlanması üçün Bəşər Əsədə təzyiq göstərəcəyi istisna olunmur.