Hamı hansısa qanuna yeni dəyişikliklərlə korrupsiya cinayətlərinin araşdırılmasının yasaqlanmasından danışır. Halbuki bu dəyişikliklərin mahiyyəti bundan qat-qat qorxunc, qat-qat çirkin, qat-qat rüsvayçıdır: faktiki olaraq, ölkədə korrupsiya rəsmiləşdirilir. Korrupsiya cinayətlərinə legitimlik qazandırılır. Bir ailənin bir xalqın sərvətlərini özünüküləşdirməsi qanuniləşdirilir.
Hər kəs məlum mürtəce dəyişikliklərin Əliyevlər ailəsinin biznes imperiyası barədə gizlinlərin üzə çıxmasına cavab kimi qiymətləndirir. Razıyam. Bu, əlbəttə, belədir. Amma həmin dəyişikliklər təklifi başqa mühüm bir məqamdan xəbər verir: deməli, hakim ailənin hələ bizim bilmədiyimiz daha neçə-neçə biznes gizlinləri var, narahatçılıq da buna görədir. Heç olmasa, həmin ofşor şirkətlərin, korrupsiya layihələrinin üstünün açılmamasına çalışırlar. Yoxsa artıq ifşa edilmiş korrupsiya cinayətlərinə görə qanunu niyə dəyişdirsinlər ki? Arxadan daş atmağın nə mənası var ki? Qarı şey olub qapı bağlanandan sonra korrupsiya cinayətlərinin araşdırılmasını nədən yasaqlasınlar ki? Deməli, ortada hələ bizim bilmədiyimiz nə qədər korrupsiya cinayəti var ki, onların üzə çıxarılmasından, ifşa olunmasından qorxurlar, əndişələnirlər.
Əlbəttə, bu mürtəce dəyişikliklərə qarşı əl birliyi ilə müqavimət göstərmək, dünyanı ayaqlandırmaq, yeri gəlsə, Avropa İnsan Haqları Məhkəməsinə baş vurmaq lazımdır. Amma onu da unutmamaq lazımdır ki, bəlkə də bu dəyişikliklər hakim ailənin korrupsiya cinayətlərinin bir müddət xalça altına süpürülməsinə imkan verəcək, ancaq onları ədalət divanı qarşısında oturmaqdan azad etməyəcək. Bütün proseslər sandıqların açılıb pambıqların töküləcəyi günə doğru gedir. Bunu artıq heç nə ilə önləyə bilməzlər, saxta parlamentə hazırlayıb göndərdikləri belə mürtəce qanun dəyişikləri ilə isə, ümumiyyətlə, önləmək mümkün deyil.
Yeri gəlmişkən, dünən qəzetlərdə oxudum, Milli Məclisin Regional məsələlər komitəsindəki hansısa başqa bir qanuna dəyişikliklərin müzakirəsində komitə sədri Arif Rəhimzadə çox maraqlı bir çıxış edib, əslində bu, çıxışdan çox saxta parlamentin özünüifşasıdır. Azərbaycanda qanunların, qanun dəyişikliklərinin necə hazırlandığının və qəbul edildiyinin etirafıdır. Sitat: “Məşədi İbadın sözü olmasın, mən özüm iki institut bitirmişəm, ancaq bu qanuna təklif olunan dəyişikliklərin dilini başa düşə bilmədim”.
Bu nə deməkdir? Bu o deməkdir ki, heç bir qanun və qanun dəyişikliyini Milli Məclisdə hazırlamırlar, saxta parlament həqiqətən Prezident Administrasiyasının bir şöbəsinə çevrilib, yeganə işi isə düyməni basaraq həmin qanun və qanun dəyişikliklərinin lehinə səs verməkdən ibarətdir. Əks halda sual yaranır: əgər doğrudan da dəyişikliklər “yuxarı”dan göndərilməyibsə, Arif Rəhimzadənin sədri olduğu komitə özü hazırlayıbsa, onda Arif Rəhimzadə nədən şikayətçidir? Adam necə öz yazdığı bir şeyi başa düşməyə bilər?
Tərəqqipərvər xalqların uğrunda əsrlərcə mübarizə apardığı, can verib qan tökdüyü parlament nailiyyətinin Azərbaycanda düşdüyü vəziyyətə baxın. Onun seçkili orqandan təyinatlı orqana çevrilməsi azmış kimi, üstəlik, qanun hazırlamaq kimi səlahiyyəti də yoxdur, hətta hansısa qanundakı qəliz, anlaşılmaz bir cümləni Azərbaycan dili qaydalarına uyğunlaşdırmaq haqqına belə, sahib deyil. Utanmadan, qızarmadan, vicdanları sızlamadan hansısa “hüquqi-demokratik dövlət” qurmalarından danışırlar. Adam bilmir, gülsün, yoxsa ağlasın.
Arif Rəhimzadənin bu barədə danışarkən məhz Məşədi İbaddan sitat gətirməsi isə çox yerinə düşüb. 21-ci əsrdə binaların üzünü rəngləyərək ölkəni gözəl göstərməyə çalışmaq 20-ci əsrdə saçına həna qoyaraq özünü cavan göstərmək istəyən zehniyyətin davamıdır.

Hər dövrün öz Məşədi İbadı
•
•