Avropa Parlamentinə qarşı “erməni şantajı”nın ifşası

AP ermənilərin təsirindədirsə, niyə onlar Qarabağla bağlı qətnamələri əngələyə bilmirlər?

Hakimiyyət birinci dəfə deyil ki, Qarabağ kartından istifadə edərək Azərbaycanın ünvanına yönələn demokratik islahatlar tələbindən yayınmağa çalışır. İqtidarın açıq şəkildə Qarabağ problemindən istifadə edərək manipulyasiya etdiyi hiss olunur. Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsini iqtidarın təpki ilə qarşılaması və səslənən arqumentlər də bunu bir daha sübut edir.
Məsələn, Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin sədri Martin Şultsa göndərdiyi məktubda sözügedən qurumu ermənilərin mövqeyini müdafiə etməkdə suçlayıb. O.Əsədov hesab edir ki, belə bir şəraitdə qurumun ikili standartlara əsaslanan, Azərbaycanda vəziyyəti qeyri-obyektiv şəkildə qiymətləndirən qərar qəbul etməsi ikitərəfli münasibətlərə kölgə salır. Spiker ermənipərəst qüvvələrin dəstəyi ilə Azərbaycana qarşı kampaniya aparıldığını vurğulayıb.
Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov da bildirib ki, Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı ermənipərəst mövqe sərgiləyən təşkilatların mövqeyindən heç də fərqlənmir: “Demokratiya dəyərlərinin “qoruyucusu” olmalı olan Avropa Parlamenti qurum kimi özünün nüfuzunu düşünməli, mövzu üzrə yalnız hökumətə qarşı aqressiv münasibəti ilə seçilən, şəxsi maddi maraqlarından çıxış edən bəzi kvazi hüquq müdafiəçilərinin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə və qeyri-obyektiv hesabatlara deyil, obyektiv mənbələrə əsaslanan araşdırma aparılmalıdır”.

Analoji mövqe və fikirlər AP-nin qətnaməsinin ermənipərəst fikirləri əks etdirdiyini digər hakimiyyət təmsilçilərinin açıqlamalarından da görmək olar. Amma onlar nədənsə bu qurumun son bir ildə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən 2 mühüm sənədlə çıxış etdiyini unudurlar. AP əgər Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və erməni qoşunlarının işğal altında olan ərazilərdən çıxmalı olduğu barədə birinci sənədi keçən il qəbul etmişdisə, sonuncu belə sənəd bir neçə ay əvvəl işıq üzü görüb. Həmin qətnamədə Qarabağ münaqişəsi ilə bağlı olduqca mühüm məqamlar da əksini tapıb. Belə ki, sənəddə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və Azərbaycanın nəzarətinə qaytarılması vurğulanır. İlk dəfədir ki, Avropa Parlamenti Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları işğaldan azad etməsini, həm hərbi kontingentin, həm də qanunsuz məskunlaşdırılmış şəxsləri çıxarmasını Assosiasiya sazişi üçün bu ölkə qarşısında şərt olaraq ortaya qoyur.
Buradan belə bir nəticəyə gəlmək olar ki, əgər AP həqiqətən də ermənipərəst bir siyasət yürüdürsə və ermənilərin bu təşkilatın qəbul etdiyi qərarlara təsir imkanı varsa, o zaman, əlbəttə, bədnam qonşularımız özlərinin ziyanına olan bu iki sənədin qəbuluna mane olmağa çalışardılar. Bu  sənədlərin isə işıq üzü görməsi bir daha hakimiyyətin əsaslandığı arqumentlərin məntiqdən uzaq olduğunu sübut edir.

“Avropa Parlamentinin belə tezliklə mövqeyini dəyişərək Azərbaycana qarşı ermənipərəst mövqedən çıxış etməsi mümkünsüzdür”

Politoloq Leyla Əliyeva da bildirdi ki, AP-ni ermənipərəst mövqedə suçlamaq bu absurddur. Həqiqətən də bu qurumun son ildə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı iki mühüm sənəd qəbul etdiyini deyən L.Əliyeva vurğuladı ki, hər iki sənəd Azərbaycanın milli maraqlarına uyğun olub: “Avropa Parlamentinin belə tezliklə mövqeyini dəyişərək Azərbaycana qarşı ermənipərəst mövqedən çıxış etməsi mümkünsüzdür. Amma Avropa Parlamentinin və başqa nüfuzlu beynəlxalq təşkilatların Azərbaycana tövsiyələr ünvanlamasına baxmayaraq, bu istiqamətdə proqress yoxdur. Azərbaycan hakimiyyəti tənqidlərdən nəticə çıxarmaq əvəzinə növbətçi, populist bəyanatlar verməklə məşğuldur. Bu isə heç də düzgün yanaşma tərzi deyil”.

“Nüfuzlu beynəlxalq qurumların Azərbaycanı insan haqlarının vəziyyətinə, demokratiyanın durumuna görə tənqid etməsinə bu cür yanaşmaq məntiqsizlikdir”

Politoloq Hikmət Hacızadə də hesab edir ki, nüfuzlu beynəlxalq qurumların Azərbaycanı insan haqlarının vəziyyətinə, demokratiyanın durumuna görə tənqid etməsinə bu cür yanaşmaq məntiqsizlikdir. Avropa Paralamentinin də bu baxımdan istisna olmadığını deyən H.Hacızadə əlavə etdi ki, qurumun Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədlərlə çıxış etməsi bir faktdır.

Xəyal