Andorra-Azərbaycan matçının “erməni” hakimi

Boş söhbətdir, qozbeli heç qəbir də düzəltmir…

Rövnəq Abdullayevin patronu olduğu Azərbaycan futbolu Fələstin məğlubiyyətindən sonra bu günlərdə dünyanı bir daha heyrətə gətirdi. FİFA reytinqində sonuncu – 207-ci sırada, ərazisi Azərbaycan ərazisindən 185 dəfə kiçik, əhalisi cəmi 80 min nəfərdən(!) bir qədər artıq olan Avropanın ən kiçik ölkəsinin qapısına yol tapa bilmədik.
Andorrada professianal futbolçu yoxdur, yığmanın heyətində oynayanlar müxtəlif peşə sahibləridir. Onların arasında sığorta agenti, avtobus sürücüsü, “zapravka”da şlanqtutan, poçtalyon və s. peşə sahibləri var. Bu heyətlə Azərbaycan millisinin qarşısına çıxdılar, ürəklərini ortaya qoydular və vətəndaşı olduqları ölkəyə sevinc yaşatdılar.
Mən buna qətiyyən sevinmirəm, hələ biabırçı Fələstin məğlubiyyətindən sonra “Azadlıq” qəzetində ölkə prezidentinin şəxsi mühafizəsinin rəhbəri, general Bəylər Əyyubova… müraciət də etmişdim. Xatırlatdıq ki, Azərbaycan futbolunun gözəl ənənələri var, dünyaca ünlü Anatoli Banişevskisi, Ələkbər Məmmədovu, İqor Ponomoryovu var, himayənizdə olan Rövnəq Abdullayevi bu futbol “iş”indən çəkindirin, qoyun getsin neftlə, sadə Azərbaycan türklərinin evlərini başlarına uçurmaqla məşğul olsun, qürurumuzla oynamasın. Adam futbola “fitbol” deyir, Foqtsa “fokus”, yazıq deyilmi bu millət!.
Olduq Azərbaycan futbolunun düşməni. Space TV-nin həyatımda rast gəldiyim ən nadir sifətlərdən birinə sahib olan yaramazı bu dəfə uşaq futbolundakı analoqu olmayan inkişafı görməyənlərə lənət yağdırdı. Ona “ay filankəsin uşağı, “19 ilin uşağı” böyüdü və Andorra qarşısına çıxdı, gördük” desək də nə fayda, qozbeli heç qəbir də düzəltmir…
Andorra biabırçılığına YAP-ın prizmasından baxsaq, onların münasibətini bu cür təsəvvür etmək olar: “Avropanın Almaniya, Fransa, İspaniya kimi futbol yığmaları bizdən çəkindilər və qarşımıza Andorranı çıxardılar. Biz də bu təhqirdən etkiləndik, oynaya bilmədik. “Görürsünüz, Avropanın gözü bizi götürmür, paxıllıq edirlər”(Əli Əhmədov). Başqa bir ehtimalı isə, Əli Həsənovun parlaq zəkası irəli sürə bilər – “Andorra matçını erməni lobbisinə bağlı olan hakim idarə edirdi”. Bu daha “inandırıcı” görünür, onsuz da son vaxtlar bütün vaqiələrdə “erməni barmağı” axtarılır.

Sulutəpə stadionunda “vurulan” qollar

…Bəli, bir neçə gündən sonra(təbii ki, Azərbaycansız), başlayacaq futbol üzrə Avropa çempionatının start fiti ilə  ölkənin bir nömrəli futbol adamı Rövnəq Abdullayevin… ekskavatorları, məsum azəri türklərinin daxmalarına doğru istiqamət alacaq. Bax bu, əsl onun futboludur, Sulutəpə də stadionu. Vurulan qollara (uçurulan evlərə – X.Ə.) qocaların, uşaqların ah-naləsini “alqış” zənn edəcək, bundan ilhamlanıb hücuma da keçəcək. Bu oyunun hakimi isə, cərimə zərbələrini yalnız bir qapıya təyin edəcək…
Avropa və Azərbaycan müxalifəti yenə narahatçılığını ifadə edəcək, YAP onları “ermənipərəst” adlandıracaq, yəni “mən vətəndaşıma zülm edəcəm, sən səsini çıxaracaqsansa, onda ermənipərəstsən”. Avropalı deputat, jurnalist, hüquq müdafiəçisi, sadə vətəndaş bir andaca olacaq ermənipərəst.. Müsibət, “gemaroy” qədər ağrılı, narahat bir oyunun iştirakçısına çevrilmişik, fərqindəmisiniz?..
…Fikir verdinizsə, mən yazımın bir neçə hissəsində, azəri türkləri ifadəsini işlətdim. Səbəbsiz deyil, erməninin bir düşməni var – o da türklərdir. Ölkə əhalisinin də 90 faizindən çoxu azəri türküdür, o səbəbdən də evləri sökülən, haqları tapdanan insanların əksəriyyəti də onlardır. Ölkəni, rəsmi statistikaya görə, son 19 ildə, yəni YAP iqtidarı dövründə, 3 milyondan çox insan tərk edib. Bu insanların da 90 faizi azəri türküdür, hər yerdə “erməni barmağı” axtaran YAP iqtidarının hələ ki, bunu etiraf etməyə gücü çatmır, amma türk dilini əcnəbi dil elan etməyi sevə-sevə bacarır. Məni, sadə azəri türkünü, maraqlandıran bir şey var – bəs, 9 milyonluq xalqımı dünyaya rəzil edənlərin (Fələstin, Andorra biabırçılığı), dilimi, yaşama haqqımı, azadlığımı, hüquqlarımı əlimdən alanların arxasında kimin barmağı var?

Cavab əvəzinə…

“Kim istəyir, bu ölkədən getsin”(Əli Həsənov).
“Hara gedək, axı bura bizim vətənimizdi, burda doğulmuşuq, burda da yaşamağı, lap elə futbol oynamağı və qalib gəlməyi, torpaqlarımızı azad etməyi düşünürük”.
Bununla barışmaq zorundasınız…