Anatoli Çubays: “Ölkədə “sabitlik epoxası” başa çatıb və dəyişikliklər qaçılmazdır”
Rusiyanı gözləyən iqtisadi böhranla bağlı qeyri-rəsmi proqnozlar dolaşsa da, rəsmi dairələr deyilənləri inkar edirdi. Lakin bu dəfə rəsmi şəxs ölkəni gözləyən çətinliklərlə bağlı həyəcan təbili çalıb. “Rosnano” dövlət müəssisəsinin rəhbəri Anatoli Çubays bildirib ki, Rusiyada “sabitlik epoxası” başa çatıb və dəyişikliklər qaçılmazdır. Onun sözlərinə görə, Rusiyada vəziyyətin nəzarətdən çıxması ölkənin altını üstünə çevirə bilər.
Çubays Rusiya müxalifətinin Moskvanın mərkəzi meydanlarında keçirdiyi mitinqlərə toxunaraq bildirib ki, aksiyalar zamanı səsləndirilən tələblər haqlıdır və onların həyata keçirilməsi vacibdir. “Rosnano” rəhbəri əlavə edib ki, hökumət etiraz aksiyalarında səsləndirilən tələbləri qulaqardına vurmamalıdır. Əks təqdirdə, cəmiyyətlə hökumət arasında uçurumun dərinləşməsinin qarşısını almaq mümkün olmayacaq. Çubays ölkədə iqtisadi-maliyyə vəziyyətinin də qənaətbəxş olmadığını deyib. Onun sözlərinə görə, rəsmi dairələr etiraf etməsə də, rublun dəyəri sürətlə aşağı düşür.
“Ölkənin sosial strukturunda ciddi dəyişiklik baş verib və orta təbəqə formalaşıb. Hökumət əleyhinə keçirilən etiraz aksiyalarına qatılanlar arasında da məhz orta təbəqənin nümayəndələri üstünlük təşkil edir. Orta təbəqə getdikcə inkişaf edəcək və çoxalacaq. Hökumət qarşısında daha çox tələb edənlər ordusu yaranacaq. Problemlərin artmaması üçün yeganə yol demokratiyadır. Rusiya demokratik islahatlara getməlidir”, – deyə Anatoli Çubays bildirib.