“İqtidar aldığı zərbələrdən müvazinətini itirib”

Əli Kərimli: “Əli Həsənovun çıxışı həmin dayanıqsızlıqdan doğub”

AXCP sədri Əli Kərimli Prezident Administrasiyası (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun mayın 31-də Avropa İttifaqının, Qərb dövlətlərinin, beynəlxalq hüquq-müdafiə təşkilatlarının, beynəlxalq medianın və müxalifətin ünvanına səsləndirdiyi ittihamları “Turan” agentliyinə şərh edib.
“Bu, isterik çıxış idi” deyən AXCP sədri qeyd edib ki, bu, hökumətin özü üçün kifayət qədər fəsadlar yarada biləcək çıxışdır. Ə.Həsənovun çıxışını iqtidarın məsuliyyətsiz siyasətinin nəticəsi sayan AXCP sədri hökumətin əsas vəzifəsinin vətəndaşın azad, firavan, təhlükəsiz həyatını təmin etmək olduğunu xatırladıb. “Mövcud siyasət ölkəni dünyadan təcird etməyə səbəb olub”, – o vurğulayıb.
Ə.Kərimli dünyanın güc mərkəzlərindən olan Avropa İttifaqı ilə qarşıdurmaya getməyi məsuliyyətsizlik adlandırıb.
Ə.Həsənovun hakimiyyətə gəlmək istəyənlərin xalqın qanı üzərindən keçməli olacağı bəyanatını AXCP sədri mövcud iqtidarın hakimiyyəti saxlamaq üçün dünyaya savaş açmaq istəyi, sivil yolla dəyişilmək niyyətində olmadığı kimi dəyərləndirib.
Ə.Kərimliyə görə, iqtidar “Qarabağ problemi”ni çirkin siyasətinə alət edir. “Qarabağı düşünən, problemi həll etmək istəyən iqtidar ölkəni dünyadan təcrid etməli deyil. Əgər bu problem dünya birliyinin gücü ilə həll olacaqsa indiki siyasət Qarabağı Azərbaycandan daha da uzaqlaşdırır”,- o qeyd edib və iqtidarı yalançı vətənpərvərlikdə ittiham edib.
Ə.Həsənovun çıxışının müxalifətə aid hissəsini Ə.Kərimli əsassız adlandırıb. Onun fikrincə, “Eurovision” müsabiqəsi çərçivəsində Bakıya gələn xarici jurnalistlərin ölkənin problemlərindən yazması iqtidarı ciddi narahat edib. “Amma düşünək, ölkəni korrupsiya bataqlığına müxalifət salıb? Yoxsa, korrupsiyaya uğramış hakim ailə müxalifətçi ailəsidir, ya siyasi və vicdan məhbuslarını müxalifət həbsdən azad etmir?”.
AXCP sədrinin fikrincə, iqtidar beynəlxalq birlikdən aldığı zərbələrdən müvazinətini itirib və bu çıxış həmin dayanıqsızlıqdan doğub.