“Eurovision”a görə səfirlər danlanılıb

Hakimiyyət Rusiyanın birinci yer tutmasını istəyirmiş

“Eurovision”un nəticələrinə görə Azərbaycanın xaricdəki səfirləri danlanılıb. Bu barədə “Azadlıq”a hakimiyyətdaxili mənbə məlumat verib. Məlumatda deyilir ki, hakimiyyət “Eurovision” yarışmasında Azərbaycanın üçlüyə düşməsinə, Rusiyanın isə birinci yer tutmasına çalışırmış. Hakimiyyətin Rusiyanın birinci yer tutmasında marağı “Eurovision”da bu ölkəni təmsil edən “rus nənələr”in İlham Əliyevin qudası Araz Ağalarovun dəstəyilə yarışmaya düşməsi olub. Lakin iqtidarın gözləntiləri özünü doğrultmayıb. Hə Azərbaycan üçlüyə düşüb, nə də “rus nənələr” qalib olublar. Əksinə hakimiyyət üçün arzuolunmaz hesab edilən İsveç təmsilçisi Loren qalib olub. Bu isə səfirlərin danlanılması ilə nəticələnib. Onlar səfir olduqları ölkələrdə yaxşı iş apara bilməməkdə ittiham ediliblər. Daha çox tənqidə məruz qalan isə Rumıniyadakı səfir Eldar Həsənov olub. Bildirilir ki, Azərbaycan hakimiyyətinin Rumıniyadan gözləntisi daha çox imiş. Çünki Azərbaycanın bu ölkə ilə münasibətlər çox yaxşıdır. Lakin gözləntilər özünü doğrultmayıb. Rumıniyadan Azərbaycana heç bir xal da gəlməyib. Buna görə isə Eldar Həsənov ciddi danlağa məruz qalıb.

Hikmət