Qadınlar Əli Həsənovu məhkəməyə verir

“O, tək bizi yox, bütün Azərbaycan qadınlarını təhqir edib”

“Təsəvvür edirsiz, İctimai Televiziyanın qarşısında bunlar nə oyundan çıxdılar. Adamın dili gəlmir oradakılara xanım desin. Özlərini atıb yerə, nələri vardı tökdülər camaatın qarşısına. Ayıbdır. Dədə-babadan görmüşük ki, xanımlar xeyirdə-şərdə bəlli bir məsafə gözləyərlər. Məgər bu, Azərbaycan xanımına yaraşan hərəkət idimi?”.
Bu sözləri Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mayın 24-də İctimai Televiziya qarşısında keçirilən piketdə iştirak edən fəal qadınlar barəsində deyib. Xatırladaq ki, aksiya zamanı xanımlar polisin gözü qarşısında mülki geyimli şəxslərin zorakı hərəkətlərilə üzləşmişdilər.

“Bu, nə Azərbaycan kişisinə, nə də dövlət məmuruna yaraşan sözdür”

AXCP sədrinin müavini Gözəl Bayramlı deyir ki, Ə.Həsənovun bu sözləri nə Azərbaycan kişisinə, nə də dövlət məmuruna yaraşır: “İctimai Televiziyanın qarşısında Azərbaycan polisi xanımlara qarşı zoraklıq etmişdi. Yaxşı olardı ki, Əli Həsənov bu məsələyə etiraz edərdi. İkincisi də, Azərbaycan qadınının cəmiyyətdəki rolunu və mövqeyini Əli Həsənov müəyyənləşdirmir. Yəqin Əli Həsənov fikirləşir ki, Azərbaycan qadınının işi seçki məntəqələrində seçkini saxtalaşdırmaqdır. Yaxud hesab edir ki, bütün qadınlar xalqın malını talayan məmurların xanımları kimi düşünməlidilər. Ümumiyyətlə “Eurovision” biabırçılığından sonra Əli Həsənov cəmiyyətə qarşı həddən artıq aqressivlik nümayiş etdirir. Hakimiyyət görür ki, bir tərəfdən dünya üzərlərinə gəlir, bu biri tərəfdən də xalq onları qəbul etmir”.

“Özlərinə baxsınlar ki, Azərbaycan kişisinə layiq hərəkət edirlərmi”

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir isə hesab edir ki, Ə.Həsənov bu hakimiyyətin leksikonuna uyğun ifadə işlədib: “Özlərinə baxsınlar görək, Azərbaycan kişisinə layiq hərəkət edirlərmi. Azərbaycan kişisi heç vaxt bütün xalqın sərvətini yağmalayıb xalqı ac saxlamır. Bu da Azərbaycan kişisinə yaraşmır. Əvvəlcə baxsınlar ki, xalqla necə davranırlar. Özlərinə kişi deyən insanlar əvvəlcə bu qadınların haqqını, malını-mülkünü, çörəyini əlindən aldıqları haqqında düşünsünlər, ondan sonra qadın-kişi və mənəviyyat söhbəti açsınlar”.

“Meydana çıxan qadınlar Azərbaycanın qeyrət simvollarıdır”

AXCP Qadınlar Şurasının Nizami rayon təşkilatının sədri  Kəmalə Xəlilova Ə.Həsənovun tək onları yox, bütün Azərbaycan qadınlarını təhqir etdiyini deyir: “Meydana çıxan qadınlar Azərbaycanın qeyrət simvollarıdır. Mən Əli Həsənova burada yox, məhkəmədə cavab verəcəm. Bizə qarşı açıq təhqirə yol verilib və buna cavab verilməlidir. İmza toplayıb məhkəməyə müraciət edəcəyik. Təbii ki, Azərbaycan məhkəmələrindən ədalətli qərar gözləmirik. Biz bu işi Avropa Məhkəməsinə qədər aparacağıq. Onsuz da o, hər danışanda özünü rüsvay edir. “Eurovision” biabırçılığından sonra isə ümumiyyətlə nə danışdığının fərqinə varmır”.

Feminist Qadınlar Hərəkatı da Ə.Həsənovun çıxışını pisləyən bəyanat yayıb. Bəyanat müəllifləri Ə.Həsənovun sərbəst toplaşmaq azadlığı hüququnu həyata keçirən qadınlar  barəsində işlətdiyi ifadəni pisləyir və dövlət rəsmisinin bu cür fikirlərindən təəssüfləndiryini bildirirlər.  
Qurum bu hadisəni qadınlara qarşı ayrı-seçkilik kimi dəyərləndirərək bildirir ki, PA rəsmisi bu çıxışıyla  qadınlara qarşı zorakılığa da haqq qazandırıb.