Həbsə atılan Natiq Hüseynova vaxtilə dövlət “Azadlıq uğrunda mübariz” fəxri adı verib
Nefçala rayonunda aclıq edən şəxslərlə bağlı yeni məlumat var. Xəbər verdiyimiz kimi aclıq edən beş nəfərdən biri – YAP üzvü Natiq Hüseynov mayın 31-də poçtdan Ombudsmana ərizə göndərərkən həbs olunub. Başqa bir aclıq keçirən Rafiq Baxşıyev Salyan rayon xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan R.Baxşıyevin yaxın günlərdə cərahiyyə əməliyyatı olunacağı deyilir.
Yerdə qalan 3 nəfər aclıq aksiyasını davam etdirir. Aclıq edən Yusif Quliyevin verdiyi məlumata görə, dünən Ombudsman onlara baş çəkib: “Ziya müəllim və adını bilmədiyim başqa bir nəfər Bakıdan bizimlə maraqlanmağa gəlib. Ombudsmandan gəldiyini biləndən sonra rayon əhalisi bizim aclıq etdiyimiz ünvana baş çəkməli olub. Hamı öz şikayətini dilə gətirir. Rayonda elə bir adam tapılmaz ki, indiki icra başçısı İsmayıl Vəliyevdən, onun birinci müavini Dilavər Əliyevdən və baş memar Rüstəm Tahirovdan şikayətçi olmasın. Rayonu talayırlar. Gəldiyi gündən icra başçısı ancaq özünü düşünür, xalqa xidmət eləmir. Dilavər Əliyev on ildən artıqdır ki, icra hakimiyyətində bu və ya başqa vəzifələrdə çalışır. İşi-peşəsi özünə obyekt açdırmaq, əkin sahələrini ələ keçirmək, qoşa-qoşa villa tikdirməkdən ibarətdir. Kimsə onun qarşısında söz deyə bilməz. Adamları həbsə atmaqla hədələyir. Bir sözlə, deyir ki, mən sizin haqqınızı yeyirəm, siz susun”.
Yusif Quliyev deyir ki, tələbləri yerinə yetirilməyincə aclıq aksiyasını keçirəcəklər: “Ya bizim tələblərimiz yerinə yetirilməlidir, ya da biz ölənə qədər aclığı davam etdirəcəyik”.
Müsahibimiz deyir ki, həbs olunan Natiq Hüseynovu dünən Bakıya gətiriblər: “Onun vəziyyəti ağırdı, içəridə də aclıq keçirir. Ancaq heç kim onun vəziyyəti ilə maraqlanmır”.
“Azadlıq”a daxil olan məlumatlara görə, 25 yanvar 1990-cı ildə Sovet qoşunlarının Neftçala rayonuna amansız basqını zamanı başına gətirilənlərə görə Natiq Hüseynova dövlət 1993-cü ildə “Azadlıq uğrunda mübariz” fəxri adı verib.
Ramin DEKO