“Bu ölkədə baş verənlər barədə məlumat almaq vacib idi”

loreen-eurovision Lorin Azərbaycanda insan haqlarının durumundan danışdı

Bakıda keçirilən “Eurovision-2012” musiqi yarışmasının qalibi Lorin BBC-yə müsahibəsində Azərbaycanda insan hüquqlarının durumuna da toxunub. İsveç təmsilçisi bildirib ki, Bakıya səfəri zamanı bu ölkədə insan hüquqlarının pozulması faktlarına dair ətraflı məlumat almaq üçün yerli hüquq müdafiəçilərilə görüşüb. Bakıya səfəri çərçivəsində həmçinin media nümayəndələrilə də görüşdüyünü deyən müğənni qeyd edib ki, bu ölkədə baş verənlər barədə məlumat almaq bir vətəndaş olaraq şəxsən onun özü üçün vacib idi.

“Mən məşq etməkdən, çıxışımı hazırlamaqdan başqa, həm də insan haqları təşkilatlarına getdim ki, bir az məlumat yayılsın, Azərbaycanda nə baş verdiyi barədə xəbərlər çıxsın. Məni buna görə sevməyənlər oldu. Amma mənim üçün bu, vacib idi. Mən o görüşləri Bakıya getməmişdən bir ay əvvəl planlaşdırmışdım. Bu görüşlərin yaxşı keçməsinə çalışmışdım. Bütün beynəlxalq mətbuat nümayəndələri, İsveç mətbuatı mənimlə o təşkilatlara getdi, onlar adamların dilindən hekayələrini eşitdi. Doğrunu söyləmək imkanı oldu. O rejimin, prezidentin etdiyi bu idi ki, həmin konsert zalını tikmək üçün insanları heç nə vermədən evlərindən çölə atmışdı. Bu doğrudan da hörmətsizlikdir. “Eurovision”un Azərbaycanda keçirilməsi onlara yox, Azərbaycan xalqına xeyir gətirdi. Bunu etiraf etməlidirlər”, – deyə Lorin bildirib.

BBC bu haqda məlumatında onu da yada salır ki, Azərbaycan hakimiyyəti müxalifətçilərə qarşı təzyiq göstərir, bu ölkədə bir qrup müxalifətçi hələ də həbsdədir. Bundan başqa, “Eurovision” keçirilən zalın tikintisi zamanı bir xeyli vətəndaş evindən çıxarılıb.