“Dəyişikliklər korrupsiyanın çiçəklənməsinə münbit şərait yaradacaq”
“Məmurların və ailə üzvlərinin biznesinin qınaq hədəfinə çevrilməsi hökuməti narahat edirdi”
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən keçirilən iclasında bəlli olub ki, parlament “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlara dəyişiklik etməyə hazırlaşır. Komitənin müzakirəsinə çıxarılan dəyişiklik layihəsinə görə, kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə informasiyalar konfedensial hesab olunacaq. Belə bilgilər yalnız sorğu əsasında məhkəmə, istintaq və təhqiqat orqanlarına, qanunun müəyyən etdiyi hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə, həmçinin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunla müəyyən olunmuş hallarda və qaydada maliyyə monitorinqi orqanlarına açıqlanacaq. Layihəyə görə, belə bilgilər həmçinin informasiya sahibi olan şəxsin razılığı ilə məcburi icra orqanlarına, vəkilə, üçüncü şəxslərə də verilə bilər. “Kommersiya sirri haqqında” qanuna isə belə informasiyaların sirr hesab olunması ilə bağlı əlavələr ediləcək.
Media Hüququ İnstitutu bu dəyişikliklərin Ölkə Konstitusiyasına, informasiya əldə edilməsini düzənləyən bütün qanunlara və korrupsiyaya qarşı mübarizəya dair bütün normativ aktlara, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə zidd olduğunu qeyd edir. MHİ fiziki və hüquqi şəxslərə aid olan kommersiya sirri məzmunlu bilgilərin qorunmasının vacibliyini, bununla yanaşı informasiya əldə etmək hüququnun mütləq hüquq olmadığını, bu hüququn müdaxilə və məhdudiyyətlərə məruz qala biləcəyini qeyd edir. Qurum eyni zamanda vurğulayır ki, belə məhdudiyyət və müdaxilələr mütləq legitim, adekvat, demokratik cəmiyyətdə zəruri olmalı və təxirəsalınmaz sosial tələbatdan doğmalıdır. İnformasiya azadlığı yalnız dövlət təhlükəsizliyinin, ərazi bütövlüyünün və ya ictimai asayişin qorunması, iğtişaşların və cinayətkarlığın qarşısının alınması, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquqlarının müdafiəsi, konfidensial qaydada əldə edilmiş bilgilərin yayılmasının önlənməsi, ədalət məhkəməsinin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədilə məhdudlaşdırıla bilər: “Ən qapalı ölkələrdə belə reyestr bilgilərinə çatımı yasaqlayan qanunlar mövcud deyil. Çünki belə yasaqlar medianın fəaliyyəti, vətəndaşların bilgi əldə etməsi üçün ciddi əngəllər, korrupsiyanın çiçəklənməsi üçün münbit şərait yaradır. MHİ hökuməti parlament komissiyasında müzakirəyə çıxarılmış bu qanun layihəsini tez bir zamanda gündəlikdən çıxarmağa, bu sahədəki tənzimləmələri Azərbaycan Konstitusiyasına, İnsan hüquq və azadlıqlarının tənzimlənməsi haqqında konstitusiya qanununa və Avropa Konvensiyasının 10-cu maddəsinin tələblərinə uyğunlaşdırmağa çağırır”.
MHİ kommersiya qurumlarının təsisçiləri haqqında bilgiləri sirr sayan qanun layihəsi təklifini Azərbaycanda ifadə və informasiya azadlığına çox ciddi təhlükə hesab edir, belə qanunların ölkədə korrupsiyanın çiçəklənməsinə, qapalılığa xidmət etdiyini, informasiya azadlığını daraltdığını vurğulayır.
Bu dəyişiklərin araşdırmaçı jurnalist Xədicə İsmayılın prezident ailəsinin biznesinə aid yazılarından sonra gündəmə gəlməsi heç də təsadüfi deyil.
İqtisadçı Natiq Cəfərli “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, bu jurnalist araşdırmaları, onların üzə çıxardığı faktlar hakimiyyəti narahat etməyə başlamışdı: “Bu rəzalətdir. Bununla mənbələrin gizli saxlanmasına çalışacaqlar. Özünü az-çox sivil sayan ölkələrdə belə qanun yoxdur. Bu qanun layihəsi hakimiyyətə, oliqarxlara, hökumətə yaxın adamların biznes qurumları haqda məlumatların yayılmamasına xidmət edir. Məmurların və ailə üzvlərinin biznes sahələrinin ictimai qınaq hədəfinə çevrilməsi hökuməti narahat edirdi. Dəyişikliklər ona xidmət edir ki, ictimai əhəmiyyət kəsb edən məsələlərin araşdırılmasında onsuz da çətin olan vəziyyət bir az da çətinləşsin. Bu dəyişikliklərlə bağlı Konstitusiya Məhkəməsinə, nəticə olmazsa, Avropa Məhkəməsinə müraciət olunmalı, Azərbaycanın tərəfdaş olduğu qurumların təzyiqini artırmaq lazımdır”.