Dostumuz kim, düşmənimiz kim?

Bir neçə gündən sonra hakimiyyəti zəbt etdiklərinin 19 ilini qeyd etməyə başlayacaqlar. Tayfa TV-ləri gözləri döyənək edən silsilə verilişləri ilə iqtidar-müxalifət münasibətlərini daha da gərginləşdirəcək, bu gün hər kəsə hava və su kimi zəruri olan vətəndaş həmrəyliyinə növbəti ağır zərbə vurulacaq.
19 ildir ki, hakimiyyət əllərindədir. 19 ildir ki, bildiklərini edirlər. Rüşvəti, korrupsiyanı çiçəkləndirir, çapıb-talayırlar Azərbaycanı. 19 ildir ki, müxalifətə düşmən münasibəti sərgilənir. Və uğurlu daxili, xarici siyasətdən dəm vururlar. Daxili siyasətdəki “uğurları” barədə az qala bütün dünya mətbuatı yazmaqda davam edir və etiraf edək ki, heç bir vaxt sivil dünya rejimin Azərbaycanda demokratiyanın başına gətirdiyi oyunlara bu günkü qədər diqqət yetirməyib. Cəmiyyətdə kəskin təbəqələşmə, oliqarx-məmurlar və onların qoçu dəstələri, 50 nəfərlik bir etiraz aksiyasına göstərilən münasibət, ölkənin QANUNUN GÜCÜ ilə yox, GÜCÜN QANUNU ilə idarə olunması, total depressiya, qorxu, vahimə, vətəndaşlara qeyri-insani münasibət uğurlu saydıqları daxili siyasətin yalnız sözdən ibarət olmasını sübut edir.
Uğurlu xarici siyasətdən danışmaq isə lap biabırçılıqdır. Siyasət barədə bəsit bilgisi olanlar belə təsdiqləyər ki, YAP iqtidarının xarici siyasəti bərbaddır.
Son 19 ildə Dağlıq Qarabağ və işğaldakı ərazilərlə bağlı heç bir irəliləyiş yoxdursa, hansı uğurdan söhbət açmaq olar?
Bu rejim 19 ildir Azərbaycanın xarici siyasət kursunu qəti müəyyən edə bilməyib. Bir gün üzünü Şimala, ikinci gün Qərbə tutmaqla mövqesizliyini nümayiş etdirir. Budurmu, uğurlu xarici siyasət?
Bu gün Azərbaycanın dostunun kim, düşməninin kim olduğunu belə müəyyən etmək zor bir işdir.
Kimdir dostumuz? Sirr deyil ki, Orta Asiyanın türkdilli dövlətləri və qardaş Türkiyə ilə belə ciddi problemlərimiz var. Viza rejiminin qaldırılmaması nə deməkdir? Türk iş adamlarının başına açılan oyunların adı nədir?
Dostumuz Rusiyadır? Yaxasında Rusiya dövlətinin yüksək ordenlərini gəzdirənlərdən xəbər alıram, Rusiya dostumuzdursa, nədən Moskva Dağlıq Qarabağ probleminin həllində düşmən saydığımız Ermənistanın tərəfini tutur? Moskvanı Azərbaycana dost sayanlar məgər anlamırlar ki, Rusiya Azərbaycanı özünün bir vilayəti kimi görür? Onu da anlamaq gərəkdir ki, Kreml bu gün Azərbaycanda rejimi idarə edənlərlə səmərəli siyasi bazarlıq edir. Sabah bu siyasi bazarlıqda Rusiyanın maraqlarına zidd bir nəsnə ortaya çıxsa, başımızın üstünü dəhşətli bir təhlükə bürüyə bilər.
İrana dost deyirdi YAP iqtidarı. Bu gün İran səfirini Bakıdan geri çağırıb, soyuq müharibə gündən-günə şiddətlənir.
Gürcüstan bəlkə dostumuzdur? Elədirsə, Milli Məclisdəki çıxış edərkən Heydər Əliyevdən yox, Məmmədəmin Rəsulzadədən sitat gətirdiyinə görə iqtidar ideoloqlarının və deputatlarının Mixail Saakaşvilinin və Gürcüstan dövlətinin ünvanına dediklərinin anlamı nədir?
Həm İranda, həm də Gürcüstanda dil, din və qan qardaşlarımız yaşayır. Uğurlu xarici siyasət aparan təkcə bu faktora görə ikitərəfli münasibətləri yüksələn xəttlə inkişaf etdirməyə məhkumdur. Bu istiqamətdə görülən iş kimi qane edir?
Kimdir dostumuz? ABŞ, yoxsa Qərb? Dost deyiriksə, o dövlətlərin mənsubları, qəzet-jurnalları, telekanalları Azərbaycandakı rejimin gerçək mahiyyətinə güzgü tutan fikirlər səsləndirən kimi haray-həşir qaldırmağımıza nə ad verək?
Kimdir dostumuz? Lukaşenkonun avtoritar Belarusu, Kastro qardaşlarının Kubası, yoxsa əhalisinin 50 faizindən çoxu C virusuna və zöhrəvi xəstəliklərə yoluxmuş Svazilend Krallığı?
Elə siyasət aparılır ki, Azərbaycanın dostunun kim, düşməninin kim olduğunu ayır etmək olmur. Dünən dost dedikləri, bu gün düşmənə çevrilir.
Ərazisinə və əhalisinin sayına görə KİÇİK, zəngin sərvətlərinə rəğmən BÖYÜK görünən bir Azərbaycan var. O Azərbaycanı idarə edənlər 19 ildir ki, xarici siyasət kursunda seçim etməkdə zorlanır.
Və elə o səbəbdəndir ki, kimə DOST, kimə DÜŞMƏN deyəcəyimizi bilmirik.