Demokratiya və telefon

İlham Əliyevin Avropa haqqında, Azərbaycanın gələcəyi haqqında, çağdaş, modern dəyərlər haqqında nə düşündüyünü artıq çox yaxşı bilirik. Kimsə Əli Həsənovun srağagünki məlum və məşum çıxışını onun şəxsi fikirləri kimi qəbul etməsin. Bu çıxışın gerçək müəllifi şübhəsiz ki, İlham Əliyevdir. Bu çıxışdakı hər söz, hər fikir İlham Əliyevin beyninin məhsuludur.
Mən Əli Həsənovun çıxışından sonra rejimə qarşı Avropanın artan təzyiqlərinin, basqılarının mahiyyətini daha gözəl anladım. Artıq tərəqqipərvər dünya bizim möhtərəmlə danışmağın, dil tapmağın, dialoq qurmağın faydasızlığını anlayıb. Əminəm ki, bizim Əli Həsənovdan eşitdiklərimizin üçqat, beşqat artığını avropalılar çoxdan İlham Əliyevin özündən eşidiblər, məyus olublar, aldandıqlarını anlayıblar və bu gün rejimə qarşı ifşaedici hücumlar da məhz həmin məyusluğun, həmin aldanışın görsənişləridir.
Əcəb olur. İşlərin bu nöqtəyə gələcəyini bilmirdinizmi? İllərcə qiyam yolu qurulan bir hakimiyyətin əlini sıxanda, bütün demokratik dəyərlərə tüpürüb hakimiyyətin atadan oğula ötürülməsinə göz yumanda, göz yummaq bir yana, bu çirkin tamaşada rol alanda bilmirdinizmi sonun nə olacağını? Külək əkənin həmişə fırtına biçdiyini bilmirdinizmi?  
Anlayıram, 2003-cü ildə – onun taxt-tacı atasından təhvil almasına xeyir-dua verərkən Qərbin İlham Əliyevlə bağlı gözləntiləri vardı. Onun gənc olması, ingilis dilini bilməsi, Avropa Şurasına gedib-gəlməsi ABŞ-da və Avropada ümid yaradırdı. Əlahəzrətin Azərbaycanı çağdaş dünyanın bir parçasına çevirəcəynə, bunun üçün əlindən gələni edəcəyinə inanırdılar. Bu da nəticəsi! Bu da Qərbin öz dəyərlərinə xəyanətinin bədəli! Öz cəzalarıdır, buyurub çəksinlər.
Qərbin son yarıməsrlik tarixi bu cür yanlışlıqlarla doludur. Son 60 ildə hərbi çevrilişlər, qiyamlar yolu ilə seçkili rejimləri devirənlərin, hakimiyyəti qamarlayanların hansısa maraqlar naminə kürəklərini sıvamasaydılar, bu gün dünya tamam fərqli bir nöqtədə olardı. Demokratiyanın sərhədləri daha geniş olardı. Terror bu qədər əl-ayaq açmazdı. Narkomafiyalar dünyanı barmağında fırlatmazdı. 21-ci əsrdə insanlıq dini ekstremizm, irqçilik, insan alveri kimi utancverici cinayətləri bu qədər çox yaşamağa davam etməzdi.  

Öz xalqlarını əzənlərdən başqa xalqlara mərhəmət və sevgi gözləmək…

Öz xalqlarının haqqını təslim etməyənlərdən başqa xalqların hüquqa qovuşması (məsələn, İlham Əliyevə uzun müddət Əfqanıstan naminə göz yummaq kimi) üçün yararlanmaq…
Öz xalqlarını aldadanlardan başqa xalqlarla doğru, dürüst davranacağını düşünmək siyasətinin sonucudur hələ də dünyada sakit, təhlükəsiz, firavan həyatın utopiya kimi qəbul olunması.
Ancaq artıq bunları dartışmağa zaman yoxdur. Olan olub, torba dolub. Bundan sonra xoşbəxt bir dünya üçün, azadlıqların, hüququn, ədalətin, firavanlığın hökm sürdüyü bir dünya üçün başlayan proses davam etməlidir. 21-ci əsrdə gücünü xalqdan almayan, öz xalqının iradəsinə söykənməyən, hüquqa sırtını dönən, özgürlüklərə düşmən kəsilən, hər kəsi bir nəfərin ağlı ilə düşünüb bir nəfərin ağzı ilə danışmağa məcbur edən, korrupsiya ilə, sümürücülüklə, yalanla bəslənən rejimlərə yer olmadığı açıq-açıq söylənməli, “ərəb baharı”nın timsalında bütün totalitar və avtoritar rejimlərin eyni aqibəti yaşayacağının siqnalı daha ucadan çalınmalıdır.
Biz srağagün İlham Əliyevin bir sözçüsünün ağzı ilə səsləndirdiyi bəyanlardan da görürük ki, belə rejimlərlə masa arxasına oturmaq, onlara tərəqqipərvər bəşəriyyət qarşısında öhdəliklərini anlatmaq və bu öhdəliklərə sadiqlik gözləmək nə qədər mənasız işdir. Bu cür rejimlər bir nəfərin təntənəsinə hesablandığından onlarda dialoq mədəniyyəti çatışmır, onlar monoloqu sevirlər. Onlar öyrəniblər ki, sadəcə özləri danışsınlar və yerdə qalanlar çəpik çalıb alqışlasınlar.
Odur ki, belə rejimlərlə hər cür əməkdaşlıqdan vaz keçilməlidir. Onların islah ediləcəyi ümidi ilə əllərini sıxmaqdan vaz keçilməlidir.
Mən demirəm ki, Qərbdən gətirib bizə xonçada demokratiya hədiyyə etsinlər. Yox! Əsla yox!
Biz bunu özümüzün bacara biləcəyimizə inanırıq. Biz bunu bir əsrdə iki dəfə bacarmışıq, yenə bacararıq.
Başqa heç nə istəmirik, armitaclarının əlindən telefonunu alsınlar, yetər.