Artıq çox gec…

Atalarımızın yaxşı bir sözü var. Deyir, acığın dövlətə ziyanı var. Ömrümdə ilk dəfədi ki, bu deyimin bu qədər sərrast şəkildə yerinə düşdüyünü görürəm. İndi Azərbaycanın ən baş məmurundan onun ən baş nümayəndəsinə qədər hər kəs dəhşətli hirs-hikkəylə dolub. Bu acıq elə bir səviyyəyə çatıb ki, artıq hədd-hüdud tanımır. Yön bilmir, tərəf bilmir. Eyni anda sağı da, solu da, yeri də, göyü də yamanlayır, acılayırlar. Hirs, hikkə, nifrət körük kimidi. Artdıqca, alov daha da artacaq və öz içində birinci elə körükçünü yandıracaq.
Bu günlər Azərbaycan dövləti adına bir nəfər bütün dünya ilə müharibə aparır. Dünya dörd ünsürdən yaranıb, dörd cəhətə bölünür, dörd siyasi nöqtə var. İndi bunların hər biri siyasi məruzə və açıqlamalarda ağına-bozuna baxılmadan, həm də gözüyumulu qılınclanır. ABŞ-Avropa-Rusiya-İran. İndi iş elə gətirib ki, siyasətini müəyyən eləmək üçün bu dördlükdən ikisinin, heç olmasa birinin tam yanında olmalısan ki, bəd ayaqda belini onlara söykəyə biləsən. Burda qalib, ya məğlub olmaqdan söhbət getmir. Sadəcə, irəli getməyin bir istinad nöqtəsi olmalıdı. Ayağını ya yerə, ya göyə, ya irəli, ya geri atmalısan. Bir zümrənin əlində cəmlənmiş Azərbaycan isə bunların arasında uşaq oyunlarındakı bicliklərdən yararlana-yararlana bir də gözünü açıb ki, boşluqda, çəkisizlikdədi – nə yer ona yiyə durur, nə göy. Bu oyunda Qoşulmayan Ölkələr Hərəkatına qoşulan Azərbaycan indi açıq deməsə də, anlayır ki, bununla özünü reallıqdan məhrum eləyib. İndi heç yana hərəkət eləmək mümkün deyil. Artıq şərtlər o dərəcədə dəyişib ki, dörd bir yanda səni yalnız ağzını açıb udmaq şərtilə gözləyən nəhənglər var. Yalnız kiminsə ağzına düşməklə özünə rahatlıq tapa bilərsən.
PA sözçüsü: “Bu gün Azərbaycanı Afrika dövləti hesab edirlər”,- deyir və Azərbaycanın Afrikaya bənzədilməsini çox böyük qəzəb və kədərlə dilə gətirir. Məgər Qoşulmayan Ölkələr Hərəkatına Azərbaycanla eyni vaxtda qəbul edilən dövlətlərin adına və məzmununa nəzər salanda hər şey aydın olmurmu: Fici adaları dövləti, Anqola, Barbados, Belarus, Birma, Burkino-Faso, Çad, Konqo, Kuba, Qabon, Tanzaniya, Trinidad-Tobaqo, Zambiya, Zimbabve…
Bu dövlətlərin hansı coğrafi məkanda yerləşməsindən asılı olmayaraq, siyasi terminologiyada ümumi bir adı AFRİKA deyilmi? Yoxsa siyasilərimiz bilmirmi ki, “Afrika dövləti” sözcüyü indi insan haqlarının ya heç olmadığı, ya amansız şəkildə tapdandığı, avtoritar, totalitar, diktatura tipli, korrupsiyanın, rüşvətin, klançılığın, monopoliyanın tüğyan elədiyi dövlətləri ifadə eləmək üçün ümumiləşmiş bir addır? Bilirlər. Sadəcə, onlar bu günəcən apardıqları analoqsuz “uğurlu” siyasətin nəticəsində elə bir duruma düşüblər ki, nə dediklərinin fərqində belə deyillər. Atalar boşuna deməyib ki, qızğın başda ağıl olmaz.
PA sözçüsünün İran haqda işlətdiyi ifadə isə, nifrətin epogeyindən xəbər verir: “Sizin ruhaniyyətiniz də, dininiz də saxtadır”. Dostlarımdan biri bu sözün doğru olduğunu deyir. Mən isə sözün doğruluğunu, yanlışlığını bir yana buraxıb bunu düşünürəm: o, hətta doğru söz olsa belə, yenə doğru deyil. Çünki doğru sözü yalnız doğru olanlar danışa bilərlər. Sözü kimin deməsindn çox şey asılıdı.
Yenə də Azərbaycanın sözü gedən dördlükdən hər biri ilə düşmən olması məncə, əsil fəlakət deyil. Əsil fəlakət odur ki, sən öz xalqınla düşmənsən. Zamanında təkcə öz xalqını tutsaydın, bu gün heç kəs sənə gözün üstə qaşın var deyə bilməzdi. İndi isə, artıq çox gecdir…