İranla üçüncü toqquşma

Əli Həsənov regiona diplomatiyanın şərtlərini və hökmlərini diqtə edir

Azərbaycanın İranla açıq qarşıdurmasının növbəti mərhələsi başlayıb. Yəni, bu ilk dəfə deyil, amma hər bir mərhələ əvvəlkindən daha kəskin bəyanatlarla, daha aqressiv davranışlarla yadda qalır.
2000-ci ilə qədərki birinci qarşıdurma Bakı-Tbilisi-Ceyhan və Xəzərin neft ehtiyatlarının istismarı ilə bağlı anlaşılmazlıq idi. O zaman İran Azərbaycanın ərazi sularına və səmasına təcavüz etmişdi. Həmin ərəfədə Türk hərbi pilotların (Türk Şahinləri) Bakı səmasında aviaparadı İrana açıq mesaj oldu ki, Azərbaycan arxasız deyil, həm də bu arxa Avropa və ya Amerika deyil, böyrümüzdəki Türkiyədir.

***

Sonra ikinci mərhələ gəldi. Bu mərhələdə İranın dini-mədəni intervensiyası Azərbaycanda geniş müzakirə edilməyə başladı. Hökumətlərin ikinci, üçüncü, dördüncü dərəcəli təmsilçiləri də bəyanat atışmalarına başladılar. Bu mərhələ onunla yola verildi ki, Prezident Administrasiyasının məmurlarından olan Əli Həsənovun başçılıq etdiyi bir qrup İrana getdi, münasibətlərin aydınlaşdırılmaması şərtilə geri döndü. Əslində, bu heyətin oraya göndərilməsinin bir anlamı da yox idi, çünki onun səlahiyyəti bəlli deyildi. Əli Həsənov diplomat deyil, Azərbaycan hakimiyyətində açıqlamalar verməkdən başqa hansısa səlahiyyətlərinin olduğu da bəlli deyil. Buna görə də bu missiyanın verdiyi açıqlamalardan yalnız belə bəlli oldu: hər iki tərəf öhdələrinə götürmüş kimi görünürlər ki, mətbuatda bir-birinə qarşı ağır ifadələr səslənməsin. (Hökumət heyətlərinin belə əndrabadi müzakirələr aparması və bunu açıqlaması yalnız avtoritar rejimlər üçün xarakterik ola bilər).

***

Sonra üçüncü mərhələ gəlir. Yəni, indiki mərhələ. Amma bu mərhələyə qədər Azərbaycan hökuməti ölkəni Qərbin demokratiya təzyiqlərindən qaçırıb İranın liderlik iddiasında olduğu bloka apardı – “Qoşulmayan Ölkələr Hərəkatı” deyilən autsayderlər klubuna. Demək mümkünsə, Əliyev İrana pənah apardı. İranla münasibətlərin gərginləşməsinin ikinci və üçüncü mərhələsinin (əlbəttə, şərti olaraq) arasında. Azərbaycan bu “Hərəkata” pənah aparanda bəlli idi ki, cəmi bir ildən sonra bu qurumun rəhbərliyi 3 illik müddətə İrana keçir.
Yeri gəlmişkən, Azərbaycan bu “Hərəkata” qoşulanda bir sıra politoloqlar belə hesab edirdilər ki, Azərbaycanla İran arasında narahatlıqlara uzun müddət rast gəlməyəcəyik. Amma təəssüf. Təəssüf ona görə yox ki, narahatlıqlar az sonra baş qaldırdı, ona görə ki, hələ də Azərbaycan hakimiyyətini tamam-kamal tanımayan yerli politoloqlar var. Azərbaycan bu bloka bitərəf olmaq üçün qoşulmamışdı, müvəqqəti olaraq, dincini almaq, nəfəsini dərmək üçün, yəni, yalandan, elə-belə qoşulmuşdu.

***

İndi Əli Həsənov İranı belə ittiham edir: “Sizin ruhaniyyətiniz də, dininiz də saxtadır”.
Bundan bir gün əvvəl Tehranda İlham Əliyevə və Azərbaycana həsr edilmiş karikatura sərgisi nümayiş etdirilir. Deməli, üçüncü mərhələ başlanan zamandan tərəflər belə hesab ediblər ki, budəfəki toqquşma uzun sürəcək və bu zamana qədərki ən sərt psixoloji qarşıdurma olduğundan tərəflər içlərindəki ən dərin qənaətləri üzə çıxarmağa qərar veriblər. Yəni, bir həftəyə karikatura sərgisi açılmaz; “bu karikaturalar uzun müddətdi hazırlanırmış” qənaəti yarana bilər.
Azərbaycanın İrana səlahiyyətli şəxs kimi təqdim etdiyi Əli Həsənovun iranlılara qarşı ittihamı da İlham Əliyevin bir karikaturasına görə cövlan etmişsə, deməli, körpü çayın o tayında qalıb. Əgər həmin karikaturalarda Heydər Əliyev təsvir olunsa, deməli, bizimkilər hərbi səfərbərlik elan edib İrana qarşı hücuma başlamalı idilər.
Ümumiyyətlə isə, diplomatiyada belə primitiv hərbə-zorbanın ən tünd elementi Səddam Hüseyndən qalıb. O, xaricilərin sıx gəldiyi otellərdə-filanda Buşun şəkillərini ayaq altına sərərdi. Bizimkilər piket keçirib Xamneyinin kollaj-karikaturasını qaldırdılar. İranlılar da belə…
 
***

Sosial şəbəkələrdə, yəqin elə hakimiyyət mətbuatında da indi İrana qarşı “dövlətçilik” çağırışları at oynatmaqdadır. Bu çağırışların ciddi və səmimi olduğunu qəbul etsək, belə çıxır ki, Azərbaycan vətəndaşları özlərini həndəsi çoxüzlü kimi sərt şəkildə gərginləşdirməlidirlər. İrana qarşı dövlətçilik naminə səfərbərlik. Almaniyaya qarşı dövlətçilik naminə səfərbərlik. ABŞ-a qarşı dövlətçilik naminə səfərbərlik. İngiltərə mətbuatına qarşı dövlətçilik naminə səfərbərlik. Ermənistanla məsələ aydındır. Gürcüstanla aydın deyil, Saakaşvili çox baş aparır və Ağamalının liderliyi altında ona qarşı da eyni şüarlarla səfərbərlik! Azacıq sonra Rusiyaya qarşı dövlətçilik naminə səfərbərlik elan ediləcək, çünki Putin İlham Əliyevi xoşlamamağa başlayıb.
 
***

Biz neyləyək? Qoşulmayan Ölkələr Hərəkatının siyahısını eşələməliyik. Orada bizimlə eyni vaxtda Fici adaları dövləti bu bloka qoşulub. Başqaları da var: Anqola, Barbados, Belarus, Birma, Burkino-Faso, Çad, Konqo, Kuba, Qabon, Tanzaniya, Trinidad-Tobaqo, Zambiya, Zimbabve… Çoxdur.  Bloklara qoşulan bütün dövlətlərlə problemlərimiz yaranıb. Bloklara qoşulmayanların blokunda da cəmi bir il əvvəl böyük səs çoxluğu ilə növbəti 3 il üçün sədr seçilən İranla belə qırğın başladı. Tam əliyalın zamanımızda. Əli yalın, o mənada ki, Azərbaycan bütün bu müddətdə İranı yerində oturtmaq üçün əməlli-başlı imkanlara sahib olub. Amma bu müddətdə bizim diplomatiyamız Qərblə Rusiya arasında siçan-pişik oynamağa girişib və İrana yönəlik siyasətimizi korrupsionerlər va narkobaronlar aparıb. İndi bəlli olub ki, hökumətin narkobaronlara buraxdığı (hərçənd, bu narkobaronların fərqli müstəvidə əyləşdikləri də çox şübhəlidir) siyasətin faciəvi nəticələrini aradan qaldırmaq üçün vətəndaşlar və ya beş-üç jurnalist dövlətçilik naminə koordinasiya etməlidirlər.
 
***

Hmm. Maraqlıdır. Jurnalist demişkən, bayraq krizi yadınızdadırmı? Azərbaycan hökuməti Türkiyəyə bir təyyarə jurnalist, bir avtobus da deputat aparmışdı. Bəlkə, indi İrana da bir təyyarə Molla desantı ataq ki, xalq diplomatiyası olsun. Təcrübə də var: bu zamana qədər Azərbaycan oraya iranlı dissidentləri atırdı ki, İran hökuməti onları təhvil alıb öldürsün…

***

Amma deyəsən, İranla bu diplomatik (?) çəkişmədə Türkiyə daha “şahinlər”i göndərmək fikrində deyil. Çünki bu aralarda Azərbaycan Türkiyənin bir-iki xahiş-minnətini İrana satmışdı. Məsələn, viza söhbətində. Azərbaycan diplomatiyasının ən parlaq simalarından olan Əli Həsənov bəyan etmişdi ki, türkləri Azərbaycana vizasız buraxsaq, İranın xoşuna gəlməz…