Qoca Avropaya, qoca Mehdiyevdən “son şans”

Koroğlu da korrupsiyaya boyun əyərmiş…

Atalarımızın gözəl bir məsəlı var – “əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”. Düşünürəm ki, məsəlin mahiyyəti aydındır, yəni sərvətin 50 faizi onun əsl sahibindən alınır, yarısı da onu əkib becərənə, biçənə qalır. Atalarımız haqlı olaraq bu bölgünü ədalətsiz sayıblar, əslində tarix də bu ədalətsiz bölgüyə qarşı aparılan mübarizələrdən ibarətdir…
Min illərdir insanlar “ortaq qardaş” probleminin həlli ilə məşğuldur, artıq əksər dövlətlərdə, xüsusən də Avropada bu problem həll olunub.
Təəssüflər olsun ki, XXI əsrdə Avropa adlanan məkanda Azərbaycan adlı bir ölkə var ki, orada orta əsrlərdən fərqli olaraq heç o 50 faizi də bölüşməyi sevmirlər, deyirlər ki, “hər şey bizimdir, orta əsrlərdə 50 faizi sizinlə bölüşənlər axmaq olublar, inqilablar da bu üzdən olub. Onların sabitlik və analoq anlayışları, ümummilli liderləri olmayıb və. s.”.
Dastanlardan bizə məlumdur ki, xalq qəhrəmanı Koroğlu da ömrü boyu 50 faizlə barışmayıb, “ortaq qardaş”lara qarşı mübarizə aparıb. Rejimin bu yaxınlarda onun şərəfinə abidə ucaltması xəbəri bir qədər gözlənilmz oldu. Müxalif müxalifdi, nə olsun ki, hadisə orta əsrlərdə olub?. Heykəl açıldı və məlum oldu ki, məsələ biz təsəvvür etdiyimiz kimi deyilmiş…
Çox qısa təəssüratlarımı oxucularla bölüşmək istərdim…
Əvvəla, Koroğlu yəhərsizdi, çox güman ki, bu, şəxsi maraqlar naminə ixtisar edilib. Qırat daha çox “Poni”yə oxşayır, üzəngi və digər aksessuarlar, Misri qılıncın qını və s.  “ixtisar edilib”. Rejim bununla kifayətlənməyərək, onu atın belinin elə bir hissəsinə “oturdub” ki, oradan yıxılmaq an məsələsidir. Atlar arxa ayaqların hərəkətinə çətinlik törədən pozada oturanları əksər hallarda yerə yıxır. Bunu təcrübəmə əsaslanaraq deyirəm.   
Mənimçün bu abidə Koroğluya yox, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparanlara ironik formada qoyulmuş bir abidədir. Smeta dəyərinin 5 milyon manat göstərilməsi bilərəkdən edilmiş hərəkətdir.
Yəni biz heç kimdən çəkinmirik…

Avropaya “özünü yığışdır” nəsihəti

Dünya hazırda bu qəbildən olan avtoritar rejimlərə münasibətini dəyişib, onları öz adı ilə çağırır və insanlarına yaşamaq haqqının tanınmasını tələb edir, yəni türklər demişkən, bu qədər bəsit..
Avropa Parlamentinin Azərbaycan hakimiyyəti ilə bağlı qətnaməsi buna bariz nümunədir, hətta mən deyərdim ki, çox yumşaq şəkildə ifadə olunmuş bir sənəddir.
Təkrar edirəm, qətnamə Azərbaycan hakimiyyəti ilə bağlıdır, orada sadə Azərbaycan vətəndaşını zərrə qədər də aşağılayacaq tək bir kəlmə belə yoxdur.
Bir tərəfdə sökülən sadə vətəndaş daxmasını, o biri tərəfdə gecə-gündüz inşaatı gedən, dəyəri milyonlarla ölçülən məmur villalarını, bir tərəfdə ehtiyac üzündən Vətəni tərk edən milyonlarla insanı, o biri tərəfdə isə sevimli itinə xaricdən ərzaq gətizdirən, pullarının sayını biməyən məmurları olan ölkəyə, Avropa “işiniz avand olsun, yaxşı gedirsiniz”mi deməliydi?
Burada iqtidarın qəzəbinə gələn Angela Merkeli xatırlatmaq yerinə düşərdi, belə ki, onun başçısı olduğu Almanyanın təkcə 20-yə yaxın şirkəti var ki, onların hər birinin kapitalı Azərbaycanın büdcəsindən iki dəfə artıqdır. Və qüdrətli dövlətin başçısı beş il idarə etdiyi şəxsi “Wolfsvagen-qolf” avtomobilini bu il satdı. Azərbaycanda isə təxminən min nəfər məmur var ki, katibələrinin bu maşında gəzməsi onlar üçün təhqir sayılır…
Bu məmurların baş ideoloqu isə 75 yaşlı keçmiş kommunist, ömrünün yarısından çoxunu marksizm-leninizmə həsr etmiş Ramiz Mehdiyevdir. O, “Azərbaycan 2020” projesini(!) həyata keçirdiyi üçün xırda məsələlərə, yəni Avropa Parlamentinin qətnaməsinə – tələbəsi, ömrünün 20 ilini elmi kommunizmə həsr etmiş, hazırda YAP icra aparatının katibi, 60 yaşlı Əli Əhmədov vasitəsi ilə münasibət bildirir:
– Zaman çox sürətlə dəyişir. Qoca Avropanın bu sürətli dəyişikliklərlə(Azərbaycanın inkişaf sürəti nəzərdə tutulur – X.Ə.) ayaqlaşmağa nəfəsinin çatıb-çatmayacağını yəqin ki, zaman göstərəcək”.
Ağsaqqala hörmət etmək borcumucdu, Əli müəllim, bir az sürəti azaldın, Ramiz müəllimdən ayıbdır!