Qənimət Zahidin çap olunmayan kitabı

“Azadlıq” “Ölüm korpusu”ndan parçaların dərcinə başladı

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.
Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Ölüm korpusu

I hissə

“Boks”

Mən sizə həbsxana haqqında yazmalı idim. Həbsxana maraqlı və cansıxıcı yerdir; çox ziddiyyətli münasibətlərin, olduqca boş və bəzən heç bir ciddi əsası olmayan məsələlər üstündə nəhəng qanlı qovğaların baş verdiyi bir yerdir. Amma bu məsələlərin hamısını bəri başdan öyrənmək olmaz. Çünki həbsxana “boks”dan başlayır. “Boks” – “şmon” adlanan fərdi darama (bunu axtarış adlandırmaq çox təvazökarlıq olardı) əməliyyatından sonra kameraya gedən yolun üstündəki müvəqqəti dayanacaq sayıla bilər.
Bayıl türməsinin darama əməliyyatına rəhbərlik edən İslam adlı həbsxana əməkdaşının heç bir simpatiya doğurmayan şit gülüşünün və heç bir ciddi qəzəb fonu olmayan acıqlı baxışının altından keçib “boks”a dəvət olunuram. İslam və onun həmkarları barədə daha ətraflı xəbərlər alacaqsınız. Yetər ki, tələsməyəsiniz. Tələssəniz də bir qazanc əldə edə bilməzsiniz. Həbsxanada dustaqların hesabına nəsə qazanmaq istəyənlərə heç yaxşı baxmırlar.
“Boks”a dəvət olunuram. Daha doğrusu, böyrümlə addımlayan hündürboylu, alaqırmızı sifətli həbsxana əməkdaşı mənə “boks”un qapısını göstərir və qapıya doğru 4-5 addımlıq məsafəni birgə addımlayırıq. Qırmızısifət nəzarətçi qapını açıb baxışları ilə kirli içərini göstərir. Mən içəri girən kimi nəzarətçi qapını arxamca bağlayır. Xüsusi şaqqıltı-filan yoxdur. Ağırlığı hiss olunan dəmir qapı fısıltı ilə qapanır: “fıssssssss”, vəssalam. Daha qapı tərəfə boylanmağın bir mənası yoxdur.
“Kirli içəri” dediyim yer eni-uzunu altı metr olan otaqdır. Divara vurulan suvaq hamarlanmayıb: cadar-cadar saxlanılıb. Bunun nə üçün belə edildiyinin heç bir hikməti yoxdur: ya tənbəllikdir, ya başdansovdu iş görməkdir, ya da buraya sakin olanların adam yerinə qoyulmamasıdır. Bu versiyaların hamısı birlikdə və ya hər biri ayrılıqda da dəqiq ola bilər. Amma hər halda, əgər həbsxana bu “boks” deyilən lənət otaqdan başlayırsa, deməli, heç yaxşı yer sayıla bilməz. “Boks”un bir küncündə ayaqyolu kimi nəzərdə tutulan, 60-70 santimetr hündürlükdə yarımçıq divar və ortasına unitaz yerləşdirilən bir guşə var. Unitazın yan-yörəsinə kirli, nəcisli kağız parçaları və başı kəsilmiş plastik “Coka Cola” qabları səpələnib. Nəcis unitazın yarısına qədər qalxıb və bu iyi boğmaq üçün istifadə edilən xlorun sərt qoxusu “boks”un atmosferini müəyyən edir.
Ətraf aləmlə tanışlığım başa çatmamış qapını açırlar. Maraqlıdır ki, bu qapı örtüləndə fısıldayır, açılanda isə nalə çəkir. Bu nalənin sədaları altında “boks”a orta boylu, arıq cüssəli, sifətində uzun illərin həbsxana ovqatını daşıyan bir adamı itələyirlər. O, az qala, yıxıla-yıxıla “boks”a daxil olur. Səndirləyir, birtəhər özünü düzəldir və qapı fısıldayıb qurtarmamış onu buraya itələyən nəzarətçinin ünvanına konkretləşdirmiş kəsif bir söyüş söyür. Bu söyüşün nəzarətçinin qulağına çatıb-çatmadığını deyə bilmərəm, amma dəqiq bilirəm ki, nəzarətçinin çox qəribə şəkildə yuxarıdan aşağıya doğru əyri burnu həmin söyüşü “qapdı”. Çünki söyüşün sonuncu hərfləri səslənəndə nəzarətçi hələ qapını fısıldadırdı və onun burnu bu söyüş dalğası başa çatandan sonra görünməz oldu.
İçəriyə atılan adamın adı Müxtəsər idi. Hər halda, yadımda belə qalıb. O, müvazinətini tarazlayıb qurtaran kimi mənə yaxınlaşdı, əlini uzatdı və “adım Müxtəsərdir”, – dedi. Mən də adımı dedim. Bu adam heç gözləmədiyim halda “səni tanıyıram”, dedi. “Bilirəm necə həbs edilmisən. Bu yaramazlar (etiraf edirəm ki, “yaramazlar” ifadəsini min dəfə korrektə edəndən sonra bu qədər yüngülləşdirə bilirəm) səni nəyə görə tutublar, bilirəm”. Mən, “lap yaxşı”, – dedim. Müxtəsərin açıq-aşkar bir şey kəsdirmədiyini gördüm.  Baxışları ilə “necə yəni “lap yaxşı”? demək istədiyini başa düşdüm. Buna görə tələm-tələsik: “Hə, bu da belə bir işdir, – dedim, – olur bizim zamanlarda belə işlər”. “Amma olmamalıdır”, – dedi Müxtəsər: “Elə bilirsən, mən anadan cinayətkar doğulmuşam? Yox, müəllim, gəncliyim tamam başqa cür olub. Sonradan təsadüfən əlimdən bir xəta çıxdı, bu …lar da başladılar məndən qisas almağa. Çətini bir dəfə bu xarabaya düşüncədi. Sonra olursan hədəf. Burdan çıxırsan, kiminsə pişiyi itəndə səni çağırıb ya boynuna qoyurlar, ya da döyüb öldürürlər. Ölməsən də, ölüyə tay eləyirlər. Belə-belə, həyat gedir işinin dalınca. Sən də “sroklarda”… “Neçənci dəfədir?”, – soruşuram. “4-cü dəfə. Bu dəfə haqqına tutulmuşam. Əlimdə “mal” olub, xəbər veriblər, onlar da tezbazar gəlib tutublar. Bilirsən, nə vaxt çıxmışam? 17 gün əvvəl. 14 il yatdım. Beş ili “krıtı”, 9 ili də “stroqi”. Çıxdım, getdim Naxçıvana, 2-3 gün qaldım, gəlib dedilər ki, sən Naxçıvan torpağında qala bilməzsən. Bunlar başa düşmürlər ki, mən başqa yerdə yaşaya bilmərəm. Bakı mənlik deyil də, qardaş! Mən naxçıvanlıyam, Bakını başım götürmür. Həmişə bu xarabaya gələndə başıma əngəl açırlar, Naxçıvanda da bu vicdansızlar yaşamağa qoymurlar. Neyləyim bə?! Ölüm? Ölmürəm də, qardaş, niyə ölüm, axı?”
Müxtəsərin bütün danışıqlarından belə başa düşdüm ki, onu iri partiya heroinlə tutublar. Naxçıvandan Bakıya gələn kimi hansısa köhnə dostları ona heroin təklif ediblər: “Bu “malı” apar, filankəsə çatdır, pulu-pul, minnəti də minnət”. Deyəsən, bu da bir əməliyyat olub və Müxtəsərin “torbasını tikib”, başının üstünü alıblar. Tutan kimi də məhkəməyə, iki aylıq həbs-qətimkan tədbiri, rayon polis idarəsi və səhəri gün yenidən Bayıl. Burada nəzarətçilər daxil, bütün personal onu əla tanıyır. Köhnə dustaqlar da. Mənim kimi yep-yeni dustaqlar da beləcə tanış olur.
Amma Müxtəsərin təqdimat və tanışlıq nitqi başa çatmamış mənim qırmızısifət nəzarətçim yenidən qapının naləsini qopartdı: “Zahidov”! Və əli ilə çıxmaq təklifi verdi. Qapını fısıldadıb qurtaran kimi astadan: “Rəis səni qəbul edəcək”, – dedi və qabağa düşüb addımlamağa başladı. Mən də onun arxasınca yüngülcə kerosin iyi verən dəhlizlə irəliləməyə başladım.
Amma maraqlıdır ki, Müxtəsərin mənimlə söhbət elədiyi on-on beş dəqiqə ərzində Müxtəsər bircə an da dayanmadı: elə hey, sürətli addımlarla var-gəl edirdi…

“Şmon”

Bayıla gətirildiyin zaman ilk təmas İslamla olacaq. İndi Bayıl həbsxanası yoxdur, İslamın da işdə saxlanıb-saxlanmadığını deyə bilmərəm, amma “Şmon İslam” bir funksiya olaraq həmişə saxlanılacaq. Bu, dustağın çöldən içəri gətirə biləcəyi bütün qanunsuz əşyaları onun əlindən almaq mərhələsidir. Əşyalar dustaqların əlindən alınmaya da bilər. Bundan ötrü, birincisi, onları yaxşıca gizlətmək, ikincisi isə İslama rüşvət verməyi bacarmaq lazımdır. Bu, qətiyyən o demək deyil ki, İslam hər adamdan rüşvət götürmür. İslam pişiyin ağzındakı siçanı da qapmağa hazır olan adamdır. Amma o, “ata” da bilər; aldığı rüşvətin müqabilində xidmət göstərməyə də bilər; onunla çənə-boğaza çıxmaq niyyətində olanları əlinin altındakı “press” qrupunun dəyənəyinin altına da sala bilər… “Press” burada mətbuat deyil – insanları sıxmaq, döymək, sındırmaq, döşəməyə sürütləməkdir; bu, adam döymək qrupudur. İslam həmin qrupdan fərasətlə istifadə etməyi bacaran birinci pillə həbsxana servisidir.
Burada nələri keçirmək olar və nələri olmaz?..

(Ardı növbəti sayımızda)