Avropanın media nəhənglərindən biri “Azadlıq”ın baş redaktorunun məqaləsini dərc etdi
Fransanın məşhur “Le Monde” qəzeti 1 iyun sayında “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin iri həcmli bir məqaləsini dərc edib. Məqaləni Azərbaycan dilində təqdim edirik.
Məqalənin orijinalına buradan daxil ola bilərsiniz.
Diktatorlara şərəf ordenlərinin verildiyi zaman bitdimi?
Fransanın dünya demokratiyasına mənəvi dəstək verəcəyinə şübhə etmək istəmirik
Nəhayət, Avropa mediası Azərbaycan həqiqətlərinə diqqət ayırmağa başladı. Əlbəttə, bu zamana qədər də Avropanın bir sıra nüfuzlu mətbuat vasitələri müxtəlif zamanlarda Azərbaycandakı avtoritar idarəçilik, onun dövlət idarəetmə üsuluna çevirdiyi korrupsiya və inzibati terror haqqında ara-sıra yazılar verirdi. Amma bir çoxları belə güman edirdi ki, bu məsələlər şişirdilir və o qədər də dəhşətli vəziyyət yoxdur. İndi isə deyəsən, hamı bir həqiqəti qəbul edib ki, Azərbaycandakı vəziyyət Misirdə, Liviyada, Suriyada olduğundan o qədər də fərqli deyil; Azərbaycanda da insan haqları addımbaşı pozulur, insan haqları və demokratiya ilə bağlı anlayışlar yalnız kağız üzərində mövcuddur; mətbuat azadlığına qarşı total hücumlar isə 1999-2000-ci illərdən başlamışdır.
İndi Azərbaycanda müstəqilliyini qoruyan yalnız bir “Azadlıq” adlı qəzet qalmışdır ki, o da bu qəzetdə çalışanların nəhayətsiz fədakarlıqları sayəsində mümkün olub. Yerdə qalan bütün qəzetlər və telekanallar isə öz azadlıqlarını avtoritar rejimin kobud zorakılığından xilas edə bilməyib.
İndi artıq Qərbdə hamı bilir ki, İlham Əliyev öz ölkəsinin var-dövləti hesabına külli miqdarda sərvət qazanan bir diktatordur, Azərbaycanın bütün sərvətləri və resursları üzərində yeganə monopolistdir. Hakimiyyəti atasından miras alaraq 2003-cü ildə seçkiləri kütləvi şəkildə saxtalaşdırıb, müxalifətin etirazlarını repressiyalar və qan bahasına boğaraq prezident kürsüsünü ələ keçirən İlham Əliyev ölkənin bir nömrəli biznesmenidir. O və onun ailəsi Azərbaycanda mövcud olan 6 iri bankın, bir neçə idi holdinqin şəriksiz sahibidir. Bütün bunlar ya Əliyev, ya da Paşayev soyadlı ailələrin inhisarındadır (Paşayev familiyası Fransanın fəxri Legioner şərəf ordeninin daşıyıcısı olan birinci ledi Mehriban Əliyevanın ailəsidir). Bütün digər iqtisadi strukturlar isə dövlət məmurlarının adına rəsmiləşdirilmiş şəkildə İlham Əliyevlə ortaqlıq əsasında fəaliyyət göstərir. Korrupsiya və kütləvi rüşvətxorluq Azərbaycan vətəndaşları üçün çox az seçim imkanı saxlayır: ya həbsxanalara getməli, ya ölkəni tərk etməli, ya da Əliyevlərin aşağılayıcı və təhqiramiz şərtlərinə razı olub ölkədə yaşamalısan. Təsadüfi deyil ki, İlham Əliyevin prezident administrasiyasının ən populyar məmurlarından olan Əli Həsənov 2 il əvvəl qəti olaraq belə bir bəyanat vermişdi: “Kim ölkədən gedirsə, qapılar açıqdır və gedə bilər. Bizə burada qalanlar bəsdir”.
Avropanın ayrı-ayrı siyasətçiləri müxtəlif zamanlarda Azərbaycan liderlərinə – əvvəlcə ata Heydər Əliyev, sonra isə oğul İlham Əliyevə olduqca şübhəli səmimiyyət göstərmişdir. Əliyevlər bu “səmimi” münasibətlərdən faydalanaraq Azərbaycanda diktaturanı möhkəmləndirə və Şərqdə ilk, hələ 1918-ci ildə Avropa demokratiyasını belə qabaqlayan müsəlman respublikasını quran Azərbaycan xalqını əsarət altına ala bilmişlər. Doğrudur, müxtəlif vaxtlarda ayrı-ayrı Avropalı siyasətçilər Azərbaycandakı avtoritarizmi cilovlamaq barədə həyəcanlı çağırışlar edirdilər. Məsələn, Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel bu cür siyasətçilərdən idi. Amma Əliyevlərin çirkli pulları hesabına Avropanın siyasi dəhlizlərində bu diktaturaya dözümlü münasibət təlqin edilirdi. Təəssüf ki, Fransa da azərbaycanlı diktatorlarla olduqca mehriban münasibətlərə görə fərqlənmişdir. Hələ 2007-ci ildə Fransanın prezidenti Jak Şirak İlham Əliyevə “mən sizin atanızla yaxın dost olmuşam” deyərək kövrək bir ovqatla bu diktatorun yaxasına “Fəxri legionun böyük xaç komandoru” ordenini sancmışdı. Cənab Şirak ata Əliyevi də vaxtilə bu ordenlə təltif etmişdi. Əvəzində isə cənab Şirak Avropada ilk dəfə olaraq Heydər Əliyevin adına ordeni 2007-ci il yanvarın 29-da İlham Əliyevdən qəbul etmişdi. 2012-ci ildə – Fransada prezident seçkiləri ərəfəsində Azərbaycana səfər edən Nikolya Sarkozi isə birinci ledi Mehriban Əliyevaya Fransanın bu ali mükafatını təqdim edəndə bütün dünya, eləcə də Fransa cəmiyyəti Əliyevlərin dünya çapında rüşvətxor və korrupsioner olduqlarını yaxşı bilirdi.
Amma son zamanlar Fransa siyasətində və mediasında Azərbaycandakı həqiqətlərə bələd olan adamların sayı artdıqca bu anlaşılmazlıqların aradan qalxacağına, ilk növbədə Fransanın qürur duyduğu bu şərəfli mükafatların bu cür insanlara təqdim edilməyəcəyinə inam artır. Azərbaycanlılar get-gedə daha artıq inanmağa başlayırlar ki, demokratik dünyanın siyasiləri planetin siyasi mədəniyyət mənzərəsini korlayan bu cür adamlarla onların layiq olduğu şəkildə davranacaq və Azərbaycanda demokratiya quruculuğuna mənəvi dəstək verəcəklər.
“Eurovision-2012″də dünyanın Azərbaycanda gördükləri bu inamı bir daha artırır.