Klintondan Rusiyaya Suriya ilə bağlı ağır ittiham

ABŞ Əsəd rejiminə qarşı hərbi müdaxilə anonsu verdi; müxalif hərbçilər diktatora ultimatum göndərdi

Suriyada gərginliklə artmaqla yanaşı, dünya güclərinin Bəşər Əsəd rejiminə qarşı mövqeləri də sərtləşib. Ötən gün BMT Təhlükəsizlik Şurasının toplantısına video-görüntü ilə qatılan Suriya üzrə xüsusi nümayəndə Kofi Annanın müavini Jan Mari Queno ölkədə vəziyyətin dəhşətli dərəcəyə çatdığını bildirib. O, Suriya hakimiyyətinin və müxalifətinin atəşkəs rejiminə əməl etməli olduğunu növbəti dəfə vurğulayıb.
Toplantıda çıxış edən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Süzan Rays Təhlükəsizlik Şurasının yaxın günlərdə Suriya rejiminə qarşı sanksiyaların sərtləşdirilməsi məsələsini müzakirəyə çıxaracağını söyləyib. Onun almaniyalı və fransalı həmkarları da Bəşər Əsəd rejimini hədəf alan sərt qadağaların qəbulunun qaçılmaz olduğunu deyiblər.
Bu arada, ABŞ-ın dövlət katibi Hillari Klinton Bəşər Əsəd rejiminə qarşı sərt tədbirləri əngəlləyən Rusiyanın ünvanına ağır ittihamlar səsləndirib. O, Moskvanın mövqeyinin Suriyadakı potensial vətəndaş müharibəsinə təkan verdiyini deyib. Danimarkada səfərdə olan Klinton əlavə edib ki, başda ABŞ olmaqla, beynəlxalq birliyin Suriyaya hərbi müdaxilə etməsi üçün səbəblər hər ötən gün artır.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriyadakı proseslərlə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Bəşər Əsəd həm ölkənin daxilində, həm də xaricində legitimliyini itirdiyindən dinc xalqa qarşı amansız davranır. Nazir Suriyada hakimiyyət böhranının yaşandığını da söyləyib.
Suriyanın Hula qəsəbəsində dinc sakinlərin kütləvi qətlinə etiraz əlaməti olaraq, bu ölkənin Kaliforniyadakı baş konsulu Hazım Çələbi də Bəşər Əsəd rejimindən üz döndərib. O, 100-dən çox insanın öldürülməsinə etiraz olaraq istefaya getdiyini və müxaliflərin tərəfinə keçdiyini açıqlayıb.
“Etdikləriniz insanlığa sığmır. Bunları görüb susmaq da həmin cinayətlərə ortaq olmaq deməkdir”, – Çələbi yazılı açıqlamasında Bəşər Əsəd rejiminə xitabən qeyd edib. Diplomat Suriyada baş verənlərə görə Bəşər Əsədin məsuliyyət daşıdığını vurğulayıb.
Bəşər Əsəd rejiminə qarşı vuruşan hərbçilərin yaratdığı Azad Suriya Ordusu isə Suriya diktatoruna ultimatum göndərib. Müxalif hərbçilər bəyan edib ki, Bəşər Əsəd Annan sülh planını iyunun 1-nə qədər yerinə yetirməyə başlamalıdır. Əks təqdirdə müxalif döyüşçülər barışıq niyyətindən əl çəkəcək. Müxalifət rəhbərlərinin bəyanatında bildirilir ki, ötən cümə Hula qəsəbəsində qadınların və uşaqların qətliamı Bəşər Əsədin Annanın 6 maddəlik planını basdırdığını göstərir.

İnformasiya şöbəsi