Klintona açıq məktub

Azərbaycanlı Amerikalılar Demokratiya Naminə (AZAD) Cəmiyyətinin sədri Elmar Şahtaxtinski iyunun 6-da Bakıya gələcək ABŞ dövlət katibi Hillari Klintona açıq məktubla müraciət edib. Məktubu “contact.az” saytı yayıb. Məktubda deyilir:

“Hörmətli, dövlət katibi.

Azərbaycanda hakim rejimin liderləri ilə, cənab İlham Əliyevlə görüşmək üçün iyunun 6-da Bakıda olacaqsınız. Aydındır ki, bəzən ABŞ qarşılıqlı maraq doğuran ən aktual məsələlərlə bağlı korrupsiyaya uğramış diktatorlarla da işləməlidir. Bununla belə, güman edə bilərəm ki, yüksək vəzifəli diplomatın səfəri ilə əlaqədar Azərbaycan rəhbərliyi tərəfindən müsbət addımlar atılmalıdır, məsələn bütün siyasi məhbusların buraxılması kimi.

Cənab Əliyev və onun hökuməti bundan əvvəl də sizə, digər dünya liderlərinə və Azərbaycan xalqına çoxlu vədlər verib. Lakin hər dəfə öz öhdəliklərinə məhəl qoymayaraq totalitarizm və korrupsiya yolunu davam etdirib.

2010-cu ilin iyulunda Bakıya son səfərinizdə siz demokratik inkişafın və insan hüquqlarına əməl olunmasının vacibliyini qeyd etmişdiniz. Cənab Əliyevlə son görüşünüzdən iki il keçib, lakin rejim bu məsələyə dair vəziyyəti yaxşılaşdırmaq üçün heç bir iş görməyib.

Aşağıda bu müddətdə Azərbaycanda baş verən bəzi hadisələr əksini tapıb:

– 2010-cu ildə səfərdən bir neçə ay sonra keçirilən parlament seçkiləri Əliyev rejimindəki digər seçkilər kimi büsbütün fırıldaqçılıqla  keçdi. Yeni parlament müxalifətin bir nümayəndəsi olmadan formalaşdırıldı.  Bu gün Azərbaycan hakimiyyətinin istənilən səviyyədə elə bil  qolu yoxdur ki, xalqın sərbəst iradəsini əks etdirməyə iddialı olsun.

– KİV-də hakim Əliyevlər ailəsinin offşor kampaniyaları və ölkənin iri banklarının, telefon operatorlarının, sənaye komplekslərinin, qızıl mədənlərinin və digər müəssisələrinin özəlləşdirilməsi vasitəsilə gizli sahibliyin  iştirakı ilə irimiqyaslı korrupsiyaya bağlılığını təsdiqləyən məlumatlar yayıldı.

Nə cənab Əliyev, nə də onun vəzifəli şəxslərindən heç biri bu ittihamları təkzib etmədilər və bu sərvətin mənşəyini açıqlamadılar.

Azərbaycandan fərqli olaraq, qanunvericiliklə tənzimlənən  istənilən sivil ölkədə bu, cənab  Əliyevə qarşı ittihamın irəli  sürülməsi və cinayət təqibləri üçün yetərlidir.

– Hakim ailənin korrupsiya faktlarını araşdıran “Azadlıq” radiosunun reportyoru Xədicə İsmayılova şantaj və hədələrə, çirkin piar-kampaniyaya məruz qaldı.

– Azərbaycanda dini ekstremizmi və rəhbərliyi tənqid edən jurnalist Rafiq Tağı öldürüldü. Hakimiyyət bunda İranın və onun agentlərinin əli olduğunu söylədi, lakin bu cinayətə görə heç kim ittiham olunmadı.

Bu, 2005-ci ildə hakimiyyəti kəskin tənqid edən jurnalist Elmar Hüseynovun qətlini xatırladır.

– Siyasi məhbusların sayı artıb. Şəxsən sizin  və prezident Obamanın xahişilə Əliyev iki blogeri azad etdi. Lakin çoxları həbsə alınıb: müxalifət liderlərindən biri, Azərbaycanın müstəqillik aktını imzalamış Arif Hacılı; Harvard Universitetinin məzunu, deputatlığa namizəd Bəxtiyar Hacıyev; Göyçayda yerli hüquq müdafiəçisi Vidadi İsgəndərovvə bir çoxları öz fikirlərini söylədiklərinə, öz hüquqlarını tələb etdiklərinə görə həbsdədir.

– Rejim Bakının və digər şəhərlərin mərkəzində etiraz aksiyalarına qadağanı  davam etdirir və hökumət dinc nümayişçilərə hücum edən bandalar təşkil edib.

Mən şəxsi evlərin insafsızcasına sökülməsini, siyasi dissidentlərin və müstəqil KİV-in sonsuz təqib olunmasını, bütün səviyyələrdə korrupsiyanı  və Azərbaycan vətəndaşlarının hər gün pozulan digər hüquq və azadlıqlarını da qeyd etmək istərdim.

Bütün bu faktlar beynəlxalq təşkilatların sənədlərində və ABŞ Dövlət Departamentinin insan haqlarına dair illik hesabatlarında əksini tapıb.

Bütün bunlardan gəlinən nəticə aydındır: Azərbaycanda hakim rejim əvvəllərdə və indi də göstərir ki, öz repressiv siyasətini zəiflətmək və çoxdan vəd etdiyi islahatları həyata keçirmək  niyyətində deyil.

20 il ərzində Əliyevlər dinastiyasının heç olmasa bir dənə azad və ədalətli  seçki keçirmək, heç olmasa bir dənə müstəqil televiziya və radio yaratmaq üçün kifayət qədər vaxtı və imkanı olub.

Hörmətli, dövlət  katibi

Əliyev rejimi ölkənin enerji resurslarından və geostrateji vəziyyətindən alət kimi istifadə edir və ümid edir ki, enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın müqabilində ABŞ və digər  dünya dövlətləri onun legitimliyini qəbul edəcək. Lakin bu yaxınlarda baş vermiş ərəb inqilabları qantökmə siyasətinin potensial təhlükəsini və seçilməmiş repressiv hakimiyyəti hansı fəlakətlərin gözlədiyini göstərdi.

Mən sizi bu imkandan istifadə edərək demokratiyanın ikinci planda olmayacağı ilə bağlı Amerikanın öz prinsipinə sadiq olduğunu təsdiqləməyə çağırıram.

Azad seçkilərin keçirilməsini, bütün siyasi məhbusların buraxılmasını, əsas hüquq və azadlıqlara hörmətlə yanaşılmasını tələb etməklə ABŞ rəhbərliyi göstərəcək ki, onlar təkcə hökuməti yox, həm də Azərbaycan xalqını öz dostları və müttəfiqləri hesab edirlər və bu dostluq azadlıq, ədalət və dinc inkişafla bağlı ümumi fikirlərə əsaslanır”.