Hakimiyyət Avropanı aşağıladı

Əli Həsənov: “Başına dəysin qonşuluq proqramın”

“Bu gün “Human Rightes Watch”, “Aministy International” kimi beynəlxalq təşkilat və bəzi KİV-lər Azərbaycanı Afrika dövləti hesab edir və düşünür ki, QHT-lərimiz Azərbaycanda onların qabağından qaçmalıdır”.
Bunu Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov “Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu” mövzusunda keçirilən konfransda deyib. O deyib ki, Azərbaycanda bir çox Avropa ölkəsi ilə müqayisədə insan hüquqları sahəsində daha ciddi addımlar atılıb, əsrin əvvəlində cümhuriyyət yaradılıb, qadınlara səsvermə hüququ verilib, opera yaradılıb.

Əli Həsənov “Eurovision”la bağlı Azərbaycana gələn xarici jurnalistlərə də irad bildirib: “Yazmadılar ki, Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, Avropanın enerji təminatında rol oynayır, İrandan və digər dövlətlərdən gələn fundamental dini müdaxilələrin qarşısını alır”.
Əli Həsənov deyib ki, Azərbaycanda vəziyyət Avropa ölkələrinin heç birindən pis deyil: “Hansı ölkədə Azərbaycandakı kimi müxalifət belə sərbəst fəaliyyət göstərir?”.
Ə.Həsənov Avropaya qarşı ittihamlarını belə davam etdirib: “Avropa Birliyi bizimlə qonşuluq siyasəti haqqında proqram qəbul edib. Başına dəysin sənin o proqram.
Sərf eləyəndə Azərbaycanı tərəfdaş adlandırırlar, sərf eləməyəndə bir Ştrasser kimi deputatı çıxarırlar. Almaniyada heç nə ilə tanınmayan, heç bir nüfuzu, hörməti olmayan bir deputatı qəhrəman ediblər.
Məgər Almaniyanın özünün problemi azdır? Məgər Avropanın problemləri azdır. Görün, bir Avropa nə gündədir…
Necə olur 40 il, 50 ildir Misir Avropanı qane edirdi, indi qane etmir? Necə olur 3-5 il əvvəl Qazzafidən yardım alan dövlətlər sonra adını diktator qoyub onun üzərinə təyyarə göndərdilər?..”.

Fuad Qəhrəmanlı: “Bu açıqlama göstərir ki, hakimiyyət Qərbin demokratiya tələblərini qəbul etmək iqtidarında deyil”


 
Ə.Həsənovun səsləndirdiyi fikirlərin real əsasının olmadığını deyən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı vurğuladı ki, Ə.Həsənov Azərbaycanın demokratiya sahəsində ciddi addımlar atdığını bəyan edir və nümunə kimi əslin əvvələrində cumhuriyyətin qurulmasını, qadınlara səs hüqunun verilməsini, operanın yaradılmasını göstərir. F.Qəhrəmanlının sözlərinə görə, amma nədənsə izah olunmur ki, vaxtilə cümhuriyyətin gördüyü işlərin Ə.Həsənova nə aidiyyəti var. Belə görünür ki, hakimiyyət cümhuriyyətin fəaliyyətini də öz adlarına çıxmaq istəyir. Ə.Həsənovun açıqlamasındakı digər məqamlara da münasibət bildirən F.Qəhrəmanlı söylədi ki, müxalifətə bu gün geniş imkanların yaradıldığının söylənilməsi reallıqdan uzaq bəyanatdır: “Əli Həsənov iddia edir ki, Azərbaycanda müxalifətə bir çox Avropa ölkələri ilə müqayisədə daha geniş fəaliyyət imkanı yaradılıb. Bu gün ölkənin ana müxalifət partiyası qəragahdan məhrumdur. Partiyanın qərargahı zor gücünə alınıb. Siyasi fəaliyyətə görə insanlar vicdan məhbusudurlar. Sərbəst toplaşmaq azadlığı ölkədə faktiki olaraq qadağa edilib. Müstəqil medianın fəaliyyəti daha da çətinləşməkdədir. Bütün bunlar sanki yoxmuş kimi Əli Həsənov Avropaya qarşı əks iddia irəli sürməkdədir. Bu, gülünc səslənir. Çünki Avropa demokratiyasının, ictimai münasibətlərin xarakterini sübut etməyə ehtiyac yoxdur”.
F.Qəhrəmanlı hesab edir ki, hakimiyyətin Avropanı bu şəkildə tənqid etməsi artıq onu göstərir ki, rəsmi Bakı reallıq hissini bir kənara qoyub. Sadəcə olaraq öz istədiklərini həqiqət kimi təqdim etməyə çalışır. Bu isə qəbul olunmazdır: “Bu baxımdan Əli Həsənovun açıqlaması onu göstərir ki, Azərbaycan hakimiyyəti Qərbdən gələn demokratik tələbləri qəbul etmək iqtidarında deyil. Bu üzdən də münasibətlərin gərginləşdirilməsinə çalışırlar və yenə də açıq şantaj siyasəti, inkarçı mövqe davam etdirilir. Səsləndirilən fikirlər hakimiyyətin dəyişmək istəyində olmadığını, tənqidləri qəbul etmədiyini, avtoritar mahyyətini bir daha ortaya qoyur”.
Hakimiyyətin irəli sürdüyü arqumentləri uğursuz müdafiə cəhdi kimi dəyərləndirən F.Qəhrəmanlı vurğuladı ki, iqtidar artıq Qərbin tələbləri qarşısında özünü müdafiə etmək üçün arqumentə sahib deyil. “Hakimiyyət arqument tapa bilmədiyindən, gözlərini yumub, necə istəyirlərsə o şəkildə danışırlar. Bu isə kənarda baxanlar üçün hakimiyyətin mövqeyinin nə qədər haqsız olduğunu göstərir”,- deyə F.Qəhrəmanlı vurğuladı.

Hikmət