“The İndependent” hakimiyyətin səbr kasasını daşırdı
Azərbaycan hakimiyyəti indi də Böyük Britaniyaya qarşı hücuma keçib. Doğurudur, bu hücum taktiki baxımından Almaniyaya hücumdan bir qədər fərqlənir. YAP iqtidarı Böyük Britaniyaya münasibətdə bir qədər ehtiyatlı mövqe tuturlar. Lakin bu ölkənin nüfuzlu nəşrləri Azərbaycan hakimiyyətini tənqid etməkdə davam etsələr güman ki, YAP iqtidarı Böyük Britaniyaya qarşı açıq savaşa başlayacaq.
“Yeni Azərbaycan” qəzetinin Britaniyanın nüfuzlu nəşri “The İndependent”ə cavab yazısı bu mülahizələrə əsas verir.
YAP-ın rəsmi orqanı “The İndependent”də Azərbaycan hakimiyyəti barədə gedən tənqidi materialın qərəzdən irəli gəldiyini yazıb. “Yeni Azərbaycan”ın iddiasına görə, “The İndependent” məqalədə Azərbaycan xalqını təhqir edib. Həmçinin qeyd edilib ki, qəzetdə dərc edilən məqalə Böyük Britaniya-Azərbaycan əməkdaşlığının ruhuna ziddir:
“Müasir beynəlxalq münasibətlər sisteminin mühüm struktur elementlərindən biri də regional miqyaslı, qlobal xarakterli Böyük Britaniya-Azərbaycan münasibətləridir…
Təəssüflər olsun ki, qərəzli xarici dairələrin diktə və sifarişləri əsasında çıxış edən bəzi media qurumları iki ölkə arasındakı münasibətlərdə ziddiyyət yaratmaq istəyir. Məhz bunun üçün də primitiv, bir o qədər də təhqiramiz yazılar dərc etməkdən çəkinmirlər. “The İndependent” qəzetində dərc olunmuş yazı da bu qəbildəndir və Böyük Britaniya-Azərbaycan münasibətlərinə ziddir. Məhz buna görə də özündə qeyri-obyektiv və təhqiramiz məqamları ehtiva edən yazı Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur. Bu səbəbdən, “The İndependent” qəzeti xalqımızdan üzr istəməlidir”.
“The İndependent” müstəqil nəşrdir. “Yeni Azərbaycan”ın orada dərc edilən məqalənin Britaniya-Azərbaycan münasibətlərinə xələl gətirə biləcəyini vurğulaması əslində Britaniya hökumətinə mesacdır: Məqalələr davam edəcəksə, münasibətlər korlanacaq. Yəni, Böyük Britaniya Azərbaycan hökumətindən Almaniyaya qarşı sərgilənən münasibətin eynini görəcək.
Yeri gəlmişkən, “Yeni Azərbaycan”dakı yazı redaksiya məqaləsidir. Bu isə məqalənin hakim YAP-ın mövqeyini əks etdirdiyini göstərir.
Xatırladaq ki, “The İndependet” qəzetindəki məqalədə Azərbaycanda insan haqlarının və mülkiyyət hüquqlarının pozulduğu, ölkədə korrupsiyanın tüğyan elədiyi vurğulanmışdı.
Hikmət