“Siyasətlə maraqlanmıram” deyən bəzi kişilərə

“Adam KİŞİ olar, kişi də ADAM olar”.

Hikmət Hacızadə

Azərbaycanda bəzi kişilərin, istər çalıb-oxuyan, istər elm, istər də iş adamı olsun, ölkədəki dərəbəylikdən söhbət düşəndə “siyasətlə maraqlanmıram” deməsinin yəqin ki, şahidi olmusunuz. Qadınları başa düşmək olar, müsəlman dünyasıdır, uşağa baxmaq var, ərin nazı ilə ilə oynamaq var, paltar-palaz yumaq, xörək bişirmək, banka bağlamaq və sair işlərin çoxluğundan əksər xanımlar siyasətə maraq göstərmir. Kişinin yaşadığı cəmiyyətdə cərəyan edən proseslərə biganəlik nümayiş etdirməsi bir az qəribə görünür.
Əvvəla onu deyim ki, siyasətlə maraqlanmaq canlılar aləmində yalnız insanlara nəsib olub. Nədən ki, insanın başında AĞIL adlanan bir nəsnə var. Söhbət dərk etmək, düşünmək iqtidarında olan BAŞ-dan gedir, üzr isəyirəm, eşşəkdə və ya qoyunda olan başdan yox. O başdan ki, insanı yaradıcılıqla məşğul olmağa, qurub-yaratmağa, humanistliyə, gələcəyi düşünməyə vadar edir.
İndi bəzi kişilər deyəndə ki, “mən siyasətlə maraqlanmıram”, adam istər-istəməz BAŞ haqqında düşünmək məcburiyyətində qalır. Və iki nəticə hasil olur. Ya o kəslərin başı eynən eşşəyin və qoyunun başı kimi işləyir, ya da mal-mülkünü və bəzi anatomik orqanlarını sığortalamaq üçün siyasətlə maraqlanmadıqlarını izhar edirlər.
İkinci nəticəni daha düzgün hesab etsəm də, BU MƏMLƏKƏTDƏ BAŞI EYNƏN EŞŞƏYİN və ya QOYUNUN BAŞI KİMİ çalışan çox sayda ADAMCIQların da varlığını inkar etmək ədalətsizlik olar. Hər biriniz yaxından və uzaqdan tanıdıqlarınızı ağılın süzgəcindən keçirin və baxın-görün “Eurovision-2012”-yə ev sahibliyi edəcək Bakı şəhərində nə qədər eşşəyə və qoyuna tay ikiayaqlı məxluq var və bu ayrı bir yazının mövzusudur.
Razılaşın, bu gün Azərbaycanda siyasətin baş vurmadığı ev yoxdur. Və işsiz də, sərgərdan da, alim də, həkim də, müəllim də, kəsəsi, cümlə vətəndaşlarımız rejimin yürütdüyü siyasətin burulğanındadır.
Ziyalının maaşı hər il bir kilo qoyun ətinin ekvivalentində artırılır, əmanətlər 10:1 nisbətində qaytarılır, pensiyalar mədənin problemini zorla ödəyir, məmurlara rəva bilinən maaş kişinin başını aşağı edir, vətəndaşların evləri dağıdılır, haqqı deyənin başına min müsibətlər açılır, işğaldakı vətən torpaqları fəryad edir və paralel olaraq dövlət başçısının ailə üzvləri, qohumları, yüksək vəzifədə olanların varidatları haqqında dünyanın nüfuzlu mətbuat orqanları yazır.
Belə bir durumda hansı haqla, hansı mənəviyyatla demək olar ki, mən siyasətlə maraqlanmıram. Bəs nə ilə maraqlanırsan, ay adamcıq? Qarnınlamı? O zaman sənin heyvandan nə fərqin oldu ki.
Sən nədən İNSAN olduğunu anlamırsan?
Nədən anlamırsan ki, KİŞİ əyilməməlidir, əyləndirməməlidir, qürurla yaşamalıdır, haqqın tərəfində durmalıdır.
Kişinin KİŞİLİYİ məgər nəsil artırmaqla, şəhvət söndürməklə, villa tikdirməklə, obyekt açmaqla, məşuqəyə maşın hədiyyə etməklə ölçülür?
Kişilik cəmiyyətdə tüğyan edən haqsızlığa, ədalətsizliyə, riyakarlığa, yaltaqlığa, cinayətkarlığa qarşı KİŞİ səsini qaldırmaqdır, KİŞİ sözünü deməkdir, səsini qaldıran, sözünü deyən kişilərin sırasında durmaqdır.
Bu ölkədə əməkdarlar bir tərəfə, sayı-hesabı bilinməyən “xalq şairi”, “xalq yazıçısı”, “xalq artisti”, “xalq rəssamı” adını daşıyan kişilər var. Bir-ikisini çıxmaq şərti ilə, yerdə qalanları xalqın mübtəla olduğu bəlalara tam biganədir. Dindirən kimi “mənim siyasətlə işim yoxdur” cavabını verir. Əcəba, bunlar hansı xalqın şairi, yazıçısı, artisti, rəssamıdır ki, Azərbaycan xalqının başına açılan müsibətləri görmürlər?..
Kütbeyin məmurlar Azərbaycanın dörd tərəfini guya mərhum Heydər Əliyevə məxsus mənasız aforizmlərlə bəzəyib. O aforizmlərin icra başçıları, yaxud digər dövlət yetkililərinin təxəyyül məhsulu olduğunu iddia edənlər var. Fəqət Heydər Əliyevə məxsus bir aforizmi şəxsən mən təqdir edirəm. “Kişinin mövqeyi olar” deyiminin müəllifi Heydər Əliyev olub. Gerçəkdən kişinin mövqeyi olmalıdır. Zatən bu xalq ta qədimdən belə mövqesizə KİŞİ deməyib. Heç bundan sonra da deməyəcək.