Əliyev növbədənkənar seçkilərə gedir?

Seçki komissiyalarına referendum tapşırığı verildiyi deyilir

“Yeni Müsavat” qəzetində gedən məlumata görə, hakimiyyət Azərbaycanda gözlənilməz konstitusiya dəyişikliklərinə hazırlaşır. Belə ki, qəzetə hakimiyyətdəki mənbələrdən daxil olan informasiyada bildirilir ki, seçki komissiyalarına referenduma hazırlamaq tapşırılıb, proporsional sistemin bərpası və Milli Məcisdə yerlərin sayının iki dəfə artırılması planlaşdırılır. İqtidarın bu dəyişikliklərə payızda gedəcəyi vurğulanıb. Referenduma hansı məsələlərin çıxarılacağı barədə konkret detallar göstərilməsə də, onlar sırasında Milli Məclisin deputatlarının sayının 250-yə çatdırılmasının və prezidentin səlahiyyətlərinin bir hissəsinin alınıb baş nazirə veriləcəyi ola bilər. Eyni zamanda gerçəkləşməli olan planlardan birinə görə, deputatlarının sayı artırılan Milli Məclisdə müxalifətə ümumi qərarların qəbuluna təsir göstərməyəcək yer veriləcək.
Bəs belə bir planın gerçəkləşəcəyi nə dərəcədə inandırıcıdır?

Fuad Qəhrəmanlı: “Hakimiyyətdən bu istiqamətdə real və praktik addımlar atılacağı gözlənilən deyil”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, Azərbaycanda bu tip islahatların olacağı hakimiyyətin proseslərə yanaşma tərzinə baxanda inandırıcı görünmür. Çünki bu bir ssenari kimi maraqlı olsa da, Azərbaycan hakimiyyətindən bu istiqamətdə real və praktik addımlar atılacağı gözlənilən deyil. Çünki bu günə cəmiyyətlə, beynəlxalq birliklə münasibətlərdə gərginlik ona görə yaranıb ki, hakimiyyət ən cüzi islahatlara getməyə meyilli olmadığını göstərib: “Hakimiyyət dəfələrlə belə imitasiyalara əl atıb. Hakimiyyət bir müddət əvvəl korrupsiyaya qarşı mübarizə kampaniyası başlatmışdı. Hərbi səfərbərliklə məşğul olan bir neçə hərbi çağırış məntəqəsinin əməkdaşının, həkimin və müəllimin həbsi ilə kampaniya sona çatdı. Sanki ölkə üzrə korrupsiya ilə yalnız bunlar məşğul olurmuş. Hakimiyyətin islahatlara getmək arzusunda olduğu ideyası o zaman gerçək olur ki, iqtidar islahatlara getmək niyyətini səmimi şəkildə ortaya qoysun. Amma dünyanın, daxili ictimai rəyin təzyiqlərinə baxmayaraq Azərbaycanda siyasi məhbus problemi həll olunmamış qalır”.
F.Qəhrəmanlının fikrincə, bu isə onu göstərir ki, hakimiyyət hələ də ölkəni qorxu, zorla idarə etməyi planlaşdırır. Azərbaycanda hələ də sərbəst toplaşmaq azadlığının təmin edilmədiyini deyən AXCP yetkilisi vurğuladı ki, bu, hakimiyyətin ölkədə demokratiyanın ilkin rüşeymlərinin olmasına belə dözümsüz yanaşdığını göstərir: “Ona görə ən azı qanunvericilikdəki minimum hüquqlar təmin edilməyənə qədər hakimiyyətin hər hansı ciddi islahatlarla çıxış etməsi real deyil. Belə fikirlər hakimiyyətdə kimlərinsə arzusu ola bilər. Amma bu gün üçün onları gerçəkləşdirmək real görünmür. Çünki bu ümidləri hakimiyyət iriticaçı mahiyyəti ilə çoxdan dəfn edib. İctimai Palatanın demokratiyaya keçidlə bağlı layihəsi təklif olunmuşdu. Amma hakimiyyət onu müzakirəsiz qəbul etmədi”.

Tofiq Yaqublu: “Hakimiyyətin islahatlara gedəcəyi fikri ilə  onun davranış tərzi, kafası tərs mütənasibdir”

Müsavat başqanın müavini Tofiq Yaqublunun da fikrincə, hakimiyyətin islahatlara gedəcəyi ilə bağlı ciddi şübhələr var. Azərbaycan hakimiyyətinin əvvəl-axır ölkədə ciddi islahatlara getməli olduğunu deyən T.Yaqublu vurğuladı ki, demokratik islahatlar könüllü şəkildə olmazsa, bu, zor gücünə həyata keçiriləcək: “Hakimiyyətin islahatlara gedəcəyi fikri ilə onun davranış tərzi, kafası tərs mütənasibdir. Çünki islahatlar reallaşdırmaq istəyən iqtidar siyasi məhbus problemini həll edər, sərbəst toplaşmaq azadlığını təmin edərdi. Bütün bunlar isə baş vermir. “Eurovision” yarışması zamanı müxalifətin keçirdiyi aksiyalara hakimiyyətin münasibəti göz önündə idi. Vaxtaşırı hakimiyyətin islahatlara gedəcəyi ilə bağlı informasiyalar yayılsa da, sonradan biz bu məlumatların yalan olduğunu görmüşük”.

Xəyal