“Belə həbslər bizi yolumuzdan döndərə bilməz”

Dəyanət Babayev: “Mən yenə proseslərin önündə olacam və mübarizəni davam etdirəcəm”

Cəmil Hacıyev: “Məni kçik düşüncələrlə qorxutmaq olmaz, yolumu davam etdirirəm”

İctimai Palatanın “Xalq Gəzintisi”ndə 6 sutka həbs cəzası alan AXCP üzvü Dəyanət Babayev və ADP gənclər təşkilatının sədri Cəmil Hacıyev dünən azadlığa çıxıb. D.Babayev “Azadlıq”a açıqlamasında dedi ki, onu həbs edən zaman döyüblər: “Mülki geyimlilər məni həbs edən zaman döydülər. Polis maşınına mindərəndə onlardan kimliyini soruşdum, heç bir söz demədilər. Polis idarəsində təzyiq olmadı, ancaq məhkəməyə gətiriləndə psixoloji təzyiqlər edildi, hətta təhqir olundum”.
Dəyanət Babayev qanunsuz həbs olunmağıyla bağlı apelyasiya şikayəti verəcəyini deyir: “Həbsdən çıxanda məhkəmənin qərarını vermədilər, onu alan kimi şikayət verəcəm”.
Cəbhəçi gənc bu cür həbslərin onu yolundan döndərə bilməyəcəyini deyir: “Mən yenə proseslərin önündə olacam və mübarizəni davam etdirəcəm”.
Cəmil Hacıyev də həbs olunarkən təzyiqlərə məruz qaldığını deyir: “Biz dörd nəfəri – mən, Elçin Həsənovu, Ayxan Hacıbəylini və Elmədini həbs edərkən jurnalistlərin gözü önündə o qədər vurmadılar. Ancaq avtobusa mindirəndən sonra bizi möhkəm döydülər. Mənlə Elçin Həsənovu lap möhkəm vurdular. Döyülmə prosesi Xətai rayonunda yerləşən müvəqqəti saxlanma kamerasında da oldu. Orada döydülər. axşam isə Səbayel rayon məhkəməsinə gətirdilər”.
Cəmil Hacıyev məhkəmənin qanunsuz qərarından və təzyiqlərdən apelyasiya şikayəti verəcəyini də dedi: “Məni İctimai Palatının İTV-nin önündə mayın 24-də keçirdiyi aksiyasına gedərkən yoldan tutub aparmışdılar. Həm o piketlər, həm də Xalq Gəzintisi ilə əlaqədar mənə olan təzyiq və qanunsuz məhkəmə qərarına görə apelyasiya verəcəyəm”.
Cəmil Hacıyev həbsdə olarkən mülki geyimlilər evlərinə gəlib anasına deyiblər ki, oğlu yenə mitinqə çıxarsa daha azadlığa buraxılmayacaq: “Deyiblər ki, daha bəsdir, bu qədər etiraz etmək, mitinqə çıxmaq olmaz. Ancaq məni bu cür kiçik düşüncələrlə qorxutmaq olmaz. Yolumu davam etdirirəm”.
Qeyd edək ki, İctimai Palatanın “Xalq Gəzintisi” aksiyasında ADP gənclər təşkilatın sədri Cəmil Hacıyev və AXCP gənclər komitəsinin üzvü Dəyanət Babayev 6 sutka, blogger Rövşən Nəsirli isə 5 sutka həbs cəzası almışdı.

Ramin DEKO