Dünən saytlarda bir maraqlı xəbər gördüm, orada deyilirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 11 min dollar oğurlayan Xırdalan sakini haqqında hökm oxunub. Hakim onu həbsxana əvəzinə, məcburi müalicəyə göndərib.
Hakimə inansaq, oğru ruhi xəstə imiş. Mən həqiqətən belə olub-olmadığını bilmirəm, çünki Mirşahinin dediyinə görə, bizdə hər şeyin düzünü ANS bilir. ANS dedim, yadıma düşdü: təzəlikcə bu telekanal loqosunu dəyişib. Təbii ki, dəyişikliyə əslində, ANS-in beyninin, ruhunun ehtiyacı var, loqosunun yox. Bəlkə onda Xalq Cümhuriyyəti yaranarkən heç ana bətnində olmayan adamın şəklini 28 mayda, ya da ikinci dünya müharibəsində iştirak etməkdən yayınmış adamın şəklini 9 may Qələbə günündə ekranın yuxarı küncünə yerləşdirməyin nə qədər utancverici, vicdana, dürüstlüyə aykırı olduğunun fərqinə vardılar.
Mətləbdən uzaqlaşmayaq. Bəli, 11 min dollar oğurlayan şəxsin ruhi xəstə çıxması barədə xəbər məni xeyli uzaqlara apardı. Bir dəfə “Xeyrini bilən dəlilər” adlı yazı yazmışdım. Həmin yazının ümumi məzmunu ondan ibarət idi ki, Azərbaycanda dəlilər də əslində, çox ağıllıdırlar, qətiyyən özlərinə əl verməyən, sərf etməyən addım atmazlar. Bilirsiniz ki, bizdə bir neçə məşhur sənətçi, şair-yazıçı-zad var, səhər-axşam rejimi ən əttökən şəkildə mədh edirlər. Onlara isə adətən belə bəraət qazandırırlar: “Əşşi, filankəsdi də, ağlı uçub day, ağzına gələni danışır, əhəmiyyət verməyin”. Heç kim də soruşmur ki, ağlı uçubsa niyə çıxıb İlham Əliyevə “sən saxta yolla seçilmisən, ətrafına bu xalqın qanını zəli kimi soranları yığmısan” demir? Niyə tərifləyir, mədh edir? Niyə bu ölkədə dəlilər də dəliqanlılıq etmək yerinə məddahlıq edir? Niyə ağlını itirənlər o saat vicdanını da itirirlər?
Elə Xırdalan sakininin özü – ruhi xəstə idisə, nə üçün başqasının evindən oğurluq edir, elə öz evindən qiymətli nəyisə götürüb başqasına hədiyyə edə bilməzdimi? Oğurluq etmək yerinə, yaxşılıq edə bilməzdimi?
Əlbəttə, edə bilərdi. Sadəcə, Azərbaycanın reallığı budur: ölkədə dəliliklə oğurluq paralel inkişaf edir. Bir kilometri 15 milyon manata beton yol çəkmək dəlilik deyilmi? Bəs o yolun iki ildən sonra çökdüyünü görəndə insan dəli olmayıb nə etməlidir?
O başqa məsələ ki, bu ölkədə ruhu xəstə olanların, neft pullarını görüb ağlını itirənlərin oğurladıqları milyonların, milyardların yanında xırdalanlı ruhi xəstənin oğurladığı 11 min dolların söhbətini eləmək də əslində, dəlilikdir. Amma ağılsız dəlilikdir. Çünki ağıllı dəlilər bu mövzuda yerli-dibli yazmaz. Yazsa da, elə yazar ki, əvəzində “Şöhrət” ordeni alar.
YAP-çıların yeni nağılı
Respublika günü hakimiyyətin üç-dörd saytına baxdım. Hərəsində Rəsulzadənin bir silahdaşı haqqında yazı gördüm. Guya, bunlar Rəsulzadənin haqqını elə təslim ediblər, qalıb onun dava dostları.
Əlbəttə, bu hiyləgərliyin sirrini anlamaq çətin deyil – ağaları Rəsulzadədən yazmağı onlara yasaqlayıb. Bunlar da indi Məmməd Əminin arxadaşları haqqında yazmaqla özlərini sığortalayırlar. Bu öz yerində.
Amma məncə, əsl məqsəd heç bu da deyil, tamam başqadır: dünənədək xalqın başı altına “İlham Əliyev yaxşıdır, ətrafı pis” nağılı ilə yastıq qoymağa çalışanlar indi də camaata “Rəsulzadə pisdir, ətrafı yaxşı” nağılını sırımağa çalışırlar. Onu bu yolla könüllərdən çıxarmağa, unutdurmağa, arxa plana keçirməyə çalışırlar.
Xalq birincini “yemədiyi” kimi, ikincini də sinirməyəcək, əlbəttə.
Bir şairin dediyi kimi, daha nağıllara inanmırıq biz. Ondansa “Şpigel”ə inanmaq daha yaxşıdır.