Ölməz dramaturqumuz C.Cabbarlının qələmindən çıxmış “Sevil” pyesi, qəribə də olsa, bu günümüzün bütün reallıqlarını özündə əks etdirir. Əsərin qəhrəmanı Balaşın XIX əsrin əvvəlllərində öz ailəsinə yaşatdığlarını Əliyevlər rejimi eyni qaydada, hətta deyərdim ki, daha amansız şəkildə Azərbaycan xalqına qarşı sərgiləyir. Qapılar, pyesdə olduğu kimi, sadə insanların üzünə qapadılıb, Balaşın (iqtidarın – X.Ə.) şəninə təriflər yağdıran yaltaqlara isə hər yerdə yaşıl işıqdır. Onu da qeyd etmək yerinə düşərdi ki, bu ibrətamiz, günün acı həqiqətləri ilə səsləşən əsəri rejimin ideoloqları ədəbiyyat dərsliklərindən çoxdan çıxarıb. Səbəb sadədir – xalqın bəlli kəsimlərinin, xüsusən gənc nəslin bu əsərlə tanış olması “məsləhət deyil”.
Təxminən 19 ildir ki, Əliyevlər rejimi xalqı Balaşın köhnəlmiş üsulları ilə idarə edir. Gələn xarici qonaqlara bambaşqa bir Azərbaycan təqdim edir, təmtəraqlı, gözqamaşdırıcı tədbirlərlə onları özlərinə valeh buraxmağa çalışırdılar. Qonaqlar getdikdən sonra yenə xalqla baş-başa qalaraq sözün əsl mənasında onların sinəsinə çökürlər – evlər sökülür, “sahibsiz” sahibkarların əmlakı əlindən alınır, vətəndaşların mənzilləri fırıldaqla ələ keçirilir, müxalifət və digər azad fikir sahibləri amansızcasına təqib edilir…
Dünyanın bizə biganə qaldığını söyləmək ədalətsizlik olardı, ara-sıra ölkədəki insan haqqları, siyasi məhbuslar gündəmə gətirilirdi, bu qədər…
ABŞ-ın 16-cı prezidenti Avraam Linkolna məxsus “biz xalqların bacara biləcəyini, onların əvəzinə etmirik” fikrinə Qərb həmişə hörmətlə yanaşıb. Diktatorlar daim bu fikirdən öz çıxarları üçün istifadə etməyə can atıblar. Onlar öz xalqlarını daim əsarətdə saxlamaqla, onların azadlıq istəyini əzməklə və beləliklə, dünyaya öz xalqlarında belə bir istək olmadığını sübut etməyə çalışsalar da, sonda məğlub olublar. Qayıdaq mətləbə, yəni “Eurovision”a….
Keçən il Avropa Azərbaycan iqtidarına böyük bir şans tanıdı. Dünya Şərqi Avropanın ayrılmaz hissəsi kimi Azərbaycanda demokratik islahatlara məhz “Eurovision” musiqi yarışmasına ev sahibliyi etməsi ilə başlamasını arzulayırdı…
İqtidar yenidən C.Cabbarlının “Sevil” əsərinə “müraciət” etdi . Müxalifət nümayəndələrinə qarşı amansız repressiya, sərbəst toplaşmaq azadlığının polis dəyənəyinin gücü ilə yatırılması ilə öz ampluasında olduğunu dünyaya nümayiş etdirdi. İqtidar sanki ölkə əhalisini bir böyük otağa doldurub ağzını bağlamaq(!) istəyirdi.
“Eurovision” üçün nəzərdə tutulan sarayın tikilməsi belə dünyanın gözü qabağında hakim ailəyə məxsus şirkətin nəzarətinə verildi.
Hətta prezidentin Rusiya vətəndaşı olan kürəkəni Emin Ağalarova “Eurovizion” finalının fasiləsində çıxış etmək imkanı da yaradıldı.
Yarışmanın sabahı isə Əl Oyunları stadionunda onun konsertini təşkil etdilər (Beləcə, ömrünün 50 ilini Azərbaycanı dünyaya tanıtmağa sərf edən ölməz sənətkar Zeynəb Xanlarovanın haqqı, asanlıqla tapdandı – X.Ə.)
…Acı gerçəkdir ki, xarici ölkə vətəndaşı olan digər azərbaycanlılar ölkəmizdə əcnəbi statusundadırlar(!) və müvəqqəti(?) oturum izni almaq üçün Əfqanıstan, Çin, Afrika vətəndaşları ilə birlikdə müvafiq idarələrdə növbə gözləyirlər.
Bəli, hər kəsin mahnı oxuyacağı bir məqamda rejim bütün dünyaya meydan oxumaqdan da çəkinmədi. “Eurovizion” kimi, mahnı müsabiqəsinin finalı günü, müxalifət liderlərinə, eləcə də müxalifət nümayəndələrinə qarşı atılan məlum repressiv addımlar buna ən bariz nümunədir.
Sulutəpdə evləri sökərək insanları evsiz qoyan ARDNŞ-in 200 xarici qonağı öz hesabına (?) “Eurovizion”a gətirməsi insanları təhqir etməkdən başqa bir şey deyildi.
Tək təsəlli ədalətin öz yerini tapmasıdır, belə ki, yarışmda sadə xalqın kədərini bölüşən, insanlara qarşı aqressivliyi pisləyən, müsəlman əsilli İsveç təmsilçisi, əsl adı Zeynəb (!) olan xanımın qələbəsinə sevindik.
Onun mahnısının adının “Eyforiya” olması isə, fikrimcə, zərurətdən doğan təsadüfdür. Fikir verirsinizsə, “təsadüf”lər getdikcə çoxalır…
P.S.İTV sədri İsmayıl Ömərovun nəzərinə! Finala təyin etdiyiniz xanım aparıcının ingilis dilini zəif bilməsi və improvizasiya qabiliyyətinin olmaması ucbatından, səsvermə zamanı canlı bağlantılardakı ənənəvi xoş dialoqlardan məhrum olduq. Digər xanım aparıcı isə, mükəmməl ingiliscəsi və professianal manevr qabiliyyətinin olmasına baxmayaraq, kənarda qaldı. İsmayıl müəllim, axı dünya bizə baxırdı, ən azı burda xırda hisslərdən uzaq olmaq lazım idi…

“Yeznəvision” eyforiyasının sonu
•